Gecikdirilən kredit borcuna görə faiz tutulması ilə bağlı Ali Məhkəmədən AÇIQLAMA


  • 11 İyun 2021 14:00

Kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirildikdə, borcun gecikdirilməsi faktının müəyyən olunması, müqavilə müddətinin bitdiyi tarixdən Bankın gecikdirilmiş vaxt üçün Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş illik beş faizin tutulmasına dair tələbinin məhkəmələr tərəfindən təmin olunması üçün əsasdır.

E-huquq.az xəbər verir ki, bu barədə Ali Məhkəmə iddiaçı ləğv prosesində olan “X Bank” ASC-nin ləğvedicisinin cavabdehlər “Y” MMC və XX fiziki şəxsə qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya işinin nəticəsi kimi qənaətə gəlib.

Belə ki, iddiaçı “X Bank” ASC (“Bank”) ilə “Y” MMC (“MMC”) arasında bağlanmış 2011-ci il 24 may tarixli kredit müqaviləsindən müəyyən olunur ki, heyvandarlığın genişləndirilməsi, kökəltmə məntəqəsinin yaradılması məqsədilə Bank MMC-yə 20 aylıq güzəştlə, 60 ay müddətinə 200.000 manat məbləğində 2016-cı il 24 may tarixədək illik 7 faiz ödənilməklə kredit vermişdir. Əlavə olaraq, 2011-ci il 24 may tarixli 013 nömrəli ipoteka müqaviləsi imzalanaraq, Kredit müqaviləsi üzrə kredit öhdəliyinin icrası üçün XX fiziki şəxsə məxsus 150.000 manat məbləğində dəyərləndirilmiş fərdi yaşayış evi (“İpoteka Predmeti”) Bank qarşısında ipoteka ilə yüklü edilmişdir.

Ləğv prosesində olan Bankın ləğvedicisi (“İddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh MMC-dən Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 4.251,05 manat faiz borcu, ümumilikdə 31.412,63 manat məbləğində vəsaitin, 31 manat dövlət rüsumunun, 31 manat dövlət rüsumunun Bankın xeyrinə tutulmasına, tutmanın İpoteka Predmetinə yönəldilərək açıq hərrac yolu ilə satılması, İpoteka Predmeti satıldıqdan və mülkiyyətçi dəyişdikdən sonra əmlakın 1 ay ərzində boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 8 oktyabr tarixli 2-2(083)-54/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, MMC-dən 24.412,63 manat məbləğində borc, ödənilmiş 30,40 manat dövlət rüsumu, 30,80 manat dövlət rüsumu Bankın xeyrinə tutulmuş, tutma İpoteka Predmetinə yönəldilmiş, qeyd olunan əmlakın ilkin satış qiyməti 150.000 manat olmaqla açıq hərracda satılması, borcun satışdan əldə olunan vəsait hesabına ödənilməsi və borcun tam ödənilməsindən sonra satışdan əldə olunan vəsaitin qalan hissəsinin MMC-yə verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

Gəncə Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2020-ci il 17 avqust tarixli 2-2(104)-34/2020 saylı qətnaməsi ilə MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 8 oktyabr tarixli 2-2(83)-54/2019 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmiş, MMC-dən 21.399,77 manat məbləğində borc və ödənilmiş 30,40 manat dövlət rüsumunun alınaraq Bankın xeyrinə tutulması qət edilmiş, iddianın qalan hissədə təmin edilməmişdir.

Yekun məhkəmə aktı: Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 18 may tarixli 2-2(102)-189/2021 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 17 avqust tarixli 2-2(104)-34/2020 saylı qətnaməsi qismən “müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün 3.724,80 borc tələbi” hissəsində, ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmışdır.

Məhkəmənin mövqeyi: İşin müəyyən edilmiş hallarından göründüyü kimi, kassasiya şikayətində mübahisələndirilən məbləğ iddia ərizəsində “Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan faiz borcu” (4.251,05 manat), 2019-cu il 4 oktyabr tarixinə verilmiş maliyyə arayışında isə “Kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan faiz borcu” (3.724,80 manat) kimi ifadə edilmişdir.

İddianın, müqavilə müddətinin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 3.724,80 manat borc tələbi hissəsində, rədd edilməli olması qənaətinə gələrkən apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı bank ticarəti dövriyyəsində işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlərə uyğun şəkildə istifadə edə biləcəyi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.

Halbuki Mülki Məcəllənin (“MM”) 445.7-ci maddəsinə görə, pul məbləğinin ödənilməsini gecikdirən borclu gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur, bir şərtlə ki, kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməsin.

Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.

MM-in 445.7-ci maddəsinin məzmunundan və Konstitusiya Məhkəməsinin Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirildikdə, borcun gecikdirilməsi faktının müəyyən olunması, müqavilə müddətinin bitdiyi tarixdən Bankın gecikdirilmiş vaxt üçün Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş illik beş faizin tutulmasına dair tələbinin məhkəmələr tərəfindən təmin olunması üçün əsasdır.

İddiaçının hazırki icraatda mübahisələndirdiyi məbləğ apellyasiya instansiyası məhkəməsinin təmin etmədiyi, gecikdirilmiş vaxt üçün tələb olunan illik beş faizdən ibarətdir. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və apellyasiya instansiyası məhkəməsinin özü tərəfindən də təkzib edilmədiyindən, məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, iddiaçının həmin tələbi əsaslıdır. Həmin tələbi rədd edərkən apellyasiya instansiyası məhkəməsi maddi hüquq pozuntusuna yol vermiş, tətbiq edilməli maddi hüquq normasını tətbiq etməmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmiş, Mülki Prosessual Məcəllənin (“MPM”) 217.1-ci maddəsinin tələblərini pozmuşdur. MPM-in 418.1-ci maddəsinə uyğun olaraq maddi hüquq normalarının pozulması apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır. MPM-in 386 və 418.2-ci maddələrinə görə, tətbiq edilməli olan normativ hüquqi aktın məhkəmə tərəfindən tətbiq edilməməsi maddi hüquq pozuntularından biridir.

Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi müvafiq hissədə qüvvədə saxlanıla bilməz, həmin hissədə ləğv edilməlidir. Bununla belə, nə İddiaçının təqdim etdiyi maliyyə arayışında, nə də işin digər materiallarında İddiaçının tələb etdiyi beş faizlik borcun məbləğinin hansı qaydada hesablanması və bu zaman əsas götürülmüş müddət (günə-gün hesabı ilə) konkret göstərilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, hazırda tələb olunan faiz məbləğinin dəqiq miqdarı barədə birmənalı nəticəyə gəlmək mümkün deyildir. Bununla əlaqədar yeni apellyasiya baxışında Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarına uyğun olaraq hesablanmış beş faizlik borcun məbləği dəqiq müəyyən edilməlidir.

Məhkəmə sonda qeyd etmişdir ki, kassasiya şikayətinin dəlilləri yalnız qətnamənin müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 3.724,80 manat borc tələbi hissəsində əsassız olması ilə bağlı olduğuna görə kassasiya şikayəti qismən təmin edilməlidir. *Bu xülasə məhkəmə qərarının anlaşılan olmasında yardımçı olmaq məqsədilə tərtib edilmişdir və məhkəmə qərarının tərkib hissəsi olmamaqla, onun qısa mətnini təşkil edir. Yalnız məhkəmə tərəfindən qəbul edilmiş və tərtib edilmiş məhkəmə aktı rəsmi sənəddir və rəsmi olaraq yalnız ona istinad edilə bilər.

Oxşar xəbərlər