Vəkil: "Məhkəməyə getdiyim halda hakim mənim iştirakım olmadan işə baxıb"


  • 2 Dekabr 2022 15:15

"Məhkəməyə getdiyim halda Bakı Apellyasiya Məhkəməsinin hakimi Xumar Mərdanova mənim iştirakım olmadan işə baxıb və qətnaməni qüvvədə saxlayıb".

Bu barədə e-huquq.az-a müraciət edən vəkil Səbuhi Paşayev deyib.

O bildirib ki, Səbail Rayon Məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətinə baxılması üçün 29 noyabr saat 12:30-da iclas təyin edilib. Vəkil qeyd olunan vaxtda Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında olsa da, iclas təyin olunan vaxtda başlamayıb. S.Paşayevin sözlərinə görə, təxminən 1 saat iclasın başlamasını gözlədikdən sonra işə onun iştirakı olmadan baxıldığını öyrənib.

"Həmin vaxt başqa işlərə baxıldığından və iclas katibi hansı işə baxılırdısa tərəfləri iclas zalına çağırdığından mən iclas zalının qarşısında bizim işə baxılacağını və zala dəvət ediləcəyimi gözləyirdim. Saat 13:00 olduğunu və zaldan sonuncu şəxsin çıxdığını gördüyümdən düşündüm ki, artıq iştirakçısı olduğum işə baxılacaq. Lakin iclas zalına girib iştirakçısı olduğum həmin işə haçan baxılacağını soruşduqda hakim Xumar Mərdanova artıq işə baxıldığını, qətnamənin qüvvəsində qaldığını bildirdi. Bir saat məhkəmədə gözlədiyimi, katibin işdə iştirak edən tərəfləri, yəni məni zala dəvət etmədiyini bildirsəm də, Ali Məhkəməyə şikayət göndərməyimi tövsiyyə etdilər. Qəbul edilmiş qətnamə çəkişmə prinsipinin pozulması ilə keçirilmiş məhkəmə iclasında qəbul edilib", - deyə vəkil qeyd edib.

Məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət etdik. Məhkəmədən bildirildi ki, vəkilin iddiası araşdırılır və ətraflı məlumat veriləcək.

Xəyalə Bünyatova

Oxşar xəbərlər