"Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması Azərbaycanın dövlət və hüquq tarixində özünəməxsus bir səhifə hesab olunmalıdır"


  • 19 May 2022 17:52

"Cənab Prezidentin Fərmanı ilə ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olacaq Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması Azərbaycanın dövlət və hüquq tarixində özünəməxsus bir səhifə hesab olunmalıdır".

Bunu e-huquq.az-a açıqlamasında millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərəmov deyib.

Onun sözlərinə görə, normativ baza hüquq münasibətlərinin inkişaf tendensiyasından birbaşa asılıdır və münasibətlər dəyişib inkişaf etdikcə normalar da yenilənməyə məhkumdur: "Əks halda "ölü müddəalar" bazası formalaşır. Sirr deyil ki, ictimai formasiyaları dəyişmiş, sosializmdən kapitalizmə keçid edən gənc bir respublika kimi Azərbaycan müstəqilliyin ilk dövrlərində hüquqi keçidin təmin olunması sahəsində çox ciddi problemlərlə üzləşmiş, yalnız Ümummilli Lider hakimiyyətə gəldikdən sonra həyata keçirilən konstitusiya və məhkəmə-hüquq islahatları vəziyyəti dəyişib. Lakin informasiya texnologiyalarının hazırkı inkişaf tendensiyası, kəmiyyət və keyfiyyətcə tamamı ilə yeni hüquq münasibətlərinin meydana çıxması, müasir dövrdə normayaratma fəaliyyəti qarşısında tamamilə yeni tələblər qoyub. Aydındır ki, dövlət suverenliyi dövlət hakimiyyətinin vahidliyinə və aliliyinə, habelə onun orqanlarının hüquqi aktlarının bütün fiziki və hüquqi şəxslər üçün məcburi xarakter daşımasında ifadə olunur. Bu mənada kolliziyalar və uyğunsuzluqlar, o cümlədən hüquq münasibətlərinin yetərincə tənzimləyici rola malik ola bilməməsi əslində suverenlik üçün təhdid deməkdir. Bu mənada cənab Prezidentin Fərmanı ilə ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olacaq Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması Azərbaycan dövlət və hüquq tarixində özünəməxsus bir səhifə hesab olunmalıdır.

Nizamnaməsindən də aydındır ki, Mərkəz normayaratma fəaliyyətinin kefiyyətinin yüksəldilməsi, dövlət orqanları əməkdaşlarının hüquq normalarının tətbiqi sahəsində bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi, hüquqi maarifləndirmə, hüquqi ekspertizanın aparılması və hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsi, habelə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla Azərbaycan Respublikasında hüquqi islahatların həyata keçirilməsinə dair təkliflər hazırlanması və bunlarla bağlı işlərin səmərəli əlaqələndirilməsi sahəsində fəaliyyət göstərəcək".

Millət vəkili bildirib ki, ölkədə hüquq gündəmini, hüquqi ehtiyac və tələbləri bu struktur müəyyən edəcək.

"Xüsusən, hüquqi boşluqların və qanunvericilikdə kolliziyaların aşkar edilməsi və aradan qaldırılması üçün qanunvericiliyin inkişafında və təkmilləşdirilməsində iştirak etməklə bu boşluq və kolliziyaların doğurduğu fəsadları aradan qaldırmağa yönəli fəaliyyətlə Mərkəz bir sıra çox ciddi məqsədlərə nail olacaq. İlk növbədə, adətən, fəaliyyət nəticəsində meydana çıxan boşluq və kolliziyalara dair təkliflər verən bir sıra qanunvericilik təşəbbüsü subyektlərdən fərqli olaraq Mərkəz özü bu çatışmazlıqların arayışında olacaq.

Digər vacib məqam ondan ibarətdir ki, proses yalnız təcrübi yox, həm də peşəkar nəzəri baza əsasında reallaşacaq. Təsadüfi deyil ki, cənab Prezident Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutunu “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxsə çevrilməklə Mərkəzin tabeliyində yenidən təşkil edilməsi qərarını verdi, habelə, Mərkəzin qarşısında digər elmi müəssisələr və ali təhsil müəssisələri ilə əlaqələr yaratmaq vəzifələri qoydu. Qeyd edilənlər Mərkəzə imkan verəcək ki, məhkəmə-hüquq islahatları sahəsində dövlət siyasətinin formalaşdırılmasına və həyata keçirilməsinə dair təkliflər vermək kimi çox önəmli fəliyyəti reallaşdıra bilsin.

Bundan başqa, hüquq cameəsinə bəllidir ki, bu gün ölkədə normativ hüquqi aktların elmi-praktiki kommentariyasının hazırlanması sahəsində ciddi pərakəndəlik hökm sürür və müxtəlif yanaşmalar özü istər məhkəmələrin hüquqi mövqeyində, istərsə də normayaratma fəaliyyətində mənfi izlərini buraxır. Cənab İlham Əliyev bu problemi Mərkəzin vəzifələrindən biri kimi müəyyən etməsi qeyd edilən pərakəndəliyə son qoyulması, vahid və qəti hüquq qənaətinin formalaşmasında köklü rol oynayacaq. Bundan başqa, Mərkəzə hüquqi aktların Azərbaycan dilindən xarici dillərə və xarici dillərdən Azərbaycan dilinə tərcümə edilməsi üzrə xidmətlər göstərmək səlahiyyəti verilməsi də hüquqi münasibətlərini qeyri-rəsmi tərcümələrin fəsadlarından sığortalamış olacaq", - deyə B. Məhərrəmov vurğulayıb.

Oxşar xəbərlər