Millət vəkili: "Son illərdə aparılan islahatlar məhkəmə hakimiyyətinin nüfuzunu artırıb"


  • 6 İyul 2022 16:20

"Ölkə Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 3 aprel 2019-cu il Fərmanına əsasən Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayının 200 nəfər artırılaraq 800 nəfərə çatdırılması qərara alınmışdı. Burada əsas məqsəd, məhkəmələrin fəaliyyətinin daha optimal şəkildə qurulması, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi və məhkəmələrdə işlərə baxılma müddətlərinin qısaldılması idi".

Bunu e-huquq.az-a açıqlamasında deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov bir sıra birinci instansiya məhkəmələrinə hakimlərin təyin edilməsi ilə bağlı danışarkən deyib.

O bildirib ki, həmin Fərmanın ardınca Məhkəmə-Hüquq Şurası həm yeni açılan ştatların, həm boşalmış ştatlar üzrə hakim yerlərinin çevik obyektiv formada komplektləşdirilməsi məqsədilə hakimlərin seçilməsi qaydaları təkmilləşdirərək hakimliyə sənəd qəbulu prosesini fasiləsiz şəraitdə davam etdirib.

"2019-cu ildən etibarən, demək olar ki, hər il bir qrup gənc hakim çoxmərhələli seçim-hazırlıq prosesini bitirib fəaliyyətə başlayır. Düzdür, bəzi hallarda artırılan əlavə 200 ştatın da ümumi iş yükünə və əhali sayına düşən hakim sayına münasibətdə az olduğu deyilir. Mən də razıyam ki, hakim sayı Avropa məkanında əhali sayına münasibətdə mövcud həddən azdır. Lakin hesab edirəm ki, indiki məqamda bu müzakirələr səmərəsizdir. Nəzərə alaq ki, həyata keçirilən çevik və şəffaf tədbirlərə baxmayaraq, biz hakimlərin ümumi sayını hələ heç 600-ə çatdırmamışıq. Bəli, obyektiv və çoxmərhələli seçimlərlə proses tam sürətlə aparılır, lakin aydındır ki, zaman da irəliləyir və köhnə hakim korpusu da yerində qalmır. Təsəvvür edin, yalnız bu il 20-dən artıq hakimin səlahiyyət müddəti yaş həddi ilə bağlı başa çatıb, eyni zamanda 3 hakimin səlahiyyətinə isə vaxtından əvvəl xitam verilib, biri isə hazırda Milli Məclisin müzakirəsindədir. Həmçinin gələn il daha 23 hakimin səlahiyyət müddəti yaş həddi ilə əlaqədar başa çatacaq. Yəni, bu mənada biz 800 ştatlıq yeri doldurduqdan sonra əlavə artımdan danışa bilərik", - deyə deputat qeyd edib.

B.Məhərrəmov Məhkəmə-Hüquq Şurasının bu istiqamətdə çox ciddi iş apardığını deyib. Yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünasların məhkəmə hakimiyyətində təmsil olunması üçün hər bir imkanın olduğunu vurğulayıb.

Deputat bildirib ki, son illərdə aparılan islahatlar məhkəmə hakimiyyətinin nüfuzunu artırıb: "Elə bu ay cənab İlham Əliyevin təşəbbüsü ilə "Məhkəmələr və hakimlər haqqında" qanunda dəyişiklik edilərək hakimlərin maddi təminatının yaxşılaşdırılması istiqamətində çox radikal addımlar atıldı, eyni zamanda bu dəyişiklik hakimlərin maddi təminatının gələcəkdə də digər hakimiyyət qollarından asılı olmadan yaxşılaşdırılması üçün zəmin yaratdı. Habelə, həyata keçirilən məqsədyönlü islahatlar məhkəmə hakimiyyətində neqativ meyllərə demək olar ki, son qoyub, bu istiqamətdə ciddi tədbirlər hazırda da davam edir. Məhkəmə hakimiyyətinin artan nüfuzu, hakimlərin getdikcə yaxşılaşan maddi təminatı təbii ki, gənc və peşəkar kadrlar arasında da bu sahəyə marağın artmasına səbəb olur. Bu o deməkdir ki, görülən işlər, həyata keçirilən tədbirlər nəticəsini verir. İyulun 1-də birinci instansiya məhkəmələrinə yeni təyinatlar, o cümlədən, eyni zamanda seçim mərhələsində hakimliyə namizədlərin bir neçə qrupunun paralel olaraq hazırda prosesdə iştirakı da məhz bu reallığın göstəricisidir".

Xəyalə Bünyatova

Oxşar xəbərlər