- 30 Oktyabr 16:29
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 9 və 17-ci maddələrində “iştirak” sözündən istifadə edilir. İştirak dedikdə, birgə fəaliyyət başa düşülür. Əməliyyat-axtarış fəaliyyətində iştirakı əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə köməklik göstərilməsi, əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edilməsi, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin təşkilati fəaliyyəti olaraq 3 qrupa bölmək olar. Şəxslərin əməliyyat axtarış fəaliyyətində iştirak etmək hüququnun qanunvericilikdə təsbit olunması o demək deyil ki, hər bir şəxsin belə bir istəyinin olması həmin hüquqların reallaşması ilə nəticələnəcəkdir. Bunun üçün belə şəxslərlə əməkdaşlıq münasibətlərinin qurulmasına, onların əməliyyat axtarış tədbirlərinin hazırlanma və keçirilməsinə cəlb olunması üçün əməliyyat-axtarış orqanlarının razılığı olmalıdır. Bununla bağlı məsələlərin həll edilməsi hər bir əməliyyat-axtarış fəaliyyəti subyektinin müstəsna hüququdur. (6, s.314)
Şəxslərin əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlığı məqsədəuyğun formada olmalı, müəyyən vəzifələrin yerinə yetirilməsinə istiqamətlənməlidir. Bu zaman əməkdaşlığa cəlb edilən şəxsin imkanları, şəxsi keyfiyyətləri, verilən tapşırıqların yerinə yetirilməsinin nəticəsinin təhlili və s. hallar nəzərə alınmalıdır. (6, s.315) “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunun 17-ci maddəsi əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin hüquqi və sosial müdafiəsinə həsr olunmuşdur. Burada qeyd olunur ki, əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslər dövlət tərəfindən müdafiə olunurlar. Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin əmək haqqı, mükafat və digər maddi təminatlar almaq hüququ vardır. (8,m.17)
Əməliyyat axtarış fəaliyyəti iştirakçılarının hüquqi və sosial müdəfiəsinin anlayışı
Əməliyyat-axtarış fəaliyyəti subyektləri və onlara köməklik göstərən şəxslərin sosial və hüquqi müdafiəsi onların peşə borcunun və könüllü olaraq üzərinə götürdüyü öhdəliklərin səmərəli yerinə yetirilməsinə xidmət edir. Əməliyyat-axtarış fəaliyyəti iştirakçılarının sosial və hüquqi müdafiəsi məsələlərinə aydınlıq gətirmək üçün bu müdafiənin qabaqcadan mənasının dərk olunması, onun anlayışının müəyyən edilməsi vacib şərtlərdən biridir. Sosial və hüquqi müdafiə iki bir-biri ilə bağlı olan anlayışlardan ibarətdir:
1. Sosial müdafiə
2. Hüquqi müdafiə
Əməliyyat-axtarış fəaliyyətində sosial və hüquqi müdafiənin vahid anlayışının düzgün ifadə edilməsi göstərilən 2 anlayışın nisbəti və həcminin müəyyən edilməsindən asılıdır. (1, s.307)
Sosial və hüquqi müdafiə anlayışları qarşılıqlı asılılıqdadır. Sosial müdafiə meyarları hüquq normalarında təsbit olunduqda, onlar eyni zamanda həm də hüquqi müdafiə meyarı kimi qiymətləndirilir. Deməli, sosial və hüquqi müdafəni əməliyyat-axtarış fəaliyyəti iştirakçıları üçün sosial zəmanətləri müəyyən və onların reallaşmasını təmin edə hüquqi müddəlar məcmusu kimi nəzərdən keçirmək lazımdır. (1, s.308) Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericilikdə sosial müdafiə əməliyyat-axtarış fəaliyyəti iştirakçılarına təqdim edilən imtiyazlarda, pul ödənişlərində, maddi nemət və sair xidmətlər formasında ifadə olunur. Məhz bu imtiyazların, ödənişlərin və xidmətlərin “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunla (mad. 17, 18) müəyyən olunması əməliyyat-axtarış fəaliyyəti iştirakçılarının öz vəzifələrini yerinə yetirməsi ilə əlaqədar onların hüquqi və qanuni maraqlarının müdafiəsi üçün zəmanətlər verir. (1, s.308)
Əməliyyat-axtarış fəaliyyətinin nəzəriyyəsində və çoxillik təcrübəsində əməliyyat-axtarış fəaliyyətində iştirak edən vətəndaşların hüquqi və sosial müdafiəsinin daha çox yayılmış formalarına aşağıdakılar aid edilmişdir:
1. Əməliyyat-axtarış fəaliyyətində iştirak etmələri ilə əlaqədar şəxslərin, onların yaxın qohumlarının həyat və sağlamlığının, eləcə də onların əmlakının mühafizəsinin təmin edilməsi
2. Şəxsin xarici görünüşünün, anket məlumatlarının, yaşayış və iş yerinin dəyişdirilməsi haqda tədbirlər görülməsi (o məlumatları əks elətdirən yeni sənədin verilməsi və s.)
3. Şəxsin müdafiəsi üçün pul vəsaitinin ödənilməsi (əgər əməkdaşlıqla əlaqədar olaraq onun sağlamlığına zərər vurularsa)
4. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi, cinayət təqibinin iştirakçısı olan hallarda cəzanın yüngülləşdirilməsi ilə bağlı məsələlərin izah edilməsi (6, s.321)
Beləliklə, əməliyyat-axtarış fəaliyyəti iştirakçılarının sosial və hüquqi müdafiəsi dedikdə, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin və onlara kömək edən şəxslərin hüquqi və qanuni maraqlarını təmin etmək, bununla bağlı məsələlərin səmərəli həllində əlverişli şəraitlərin yaradılması, həmçinin onlara dəymiş zərərin ödənilməsi məqsədilə dövlət orqanları tərəfindən qanunla nəzərdə tutulan məqsədli tədbirlərin həyata keçirilməsi başa düşülür. (1, s.309)
Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin hüquqi müdafiəsi
Əvvəl də qeyd etdiyim kimi, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanununun 17-ci maddəsinin 1-ci hissəsinə əsasən, əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslər dövlət tərəfindən müdafiə olunurlar. Burada dövlət tərəfindən müdafiə dedikdə, qanunverici həm sosial, həm də hüquqi müdafiəni nəzərdə tutur. “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” qanununun 3-cü maddəsində də dövlət tərəfindən müdafiə olunan şəxslər sadalanmışdır. Bu maddənin 1-ci bəndində hüquq-mühafizə orqanlarına cinayət haqqında məlumat vermiş və ya cinayətin aşkar edilməsində, qarşısının alınmasında və ya açılmasında iştirak etmiş şəxs dövlət tərəfindən müdafiə olunan şəxs kimi qeyd edilmişdir. Bununla bərabər, əsas məqsədi özlərinin təhlükəsizliyinə qarşı qəsdlərə səbəb ola biləcək funksiyaları yerinə yetirən məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsini təmin etmək, habelə ədalət mühakiməsinin həyata keçirilməsinə, cinayətlərə qarşı mübarizəyə lazımi şərait yaratmaq olan “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” qanununun 4-cü maddəsində də dövlət tərəfindən müdafiə olnunan şəxslər sırasına əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər də daxil edilmişdir. Bu planda dövlət müdafiəsinin bir növü olan hüquqi müdafiə haqqında danışacağam.
Hüquqi müdafiə əksər hallarda qadağanedici normalarla reallaşır ki, bu da fəaliyyətin məzmunu ilə əlaqədardır. Məsələn, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 14-cü maddəsinin 3-cü hissəsinə əsasən, müvəkkil edilmiş şəxslər istisna olunmaqla, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin və onların vəzifəli şəxslərinin qanuni hərəkətlərinə müdaxilə yolverilməzdir. (1, s.309)
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə əsasən, Əməliyyat-axtarış fəaliyyətinin subyekti ilə əməkdaşlığa cəlb olunmuş və cinayətin açılmasında fəal iştirak etmiş cinayətkar qrupun üzvü, tərkibində cinayət əməlləri olan və ağır nəticələrə səbəb olmayan əməllər törədilibsə və vurulmuş zərəri ödəyibsə, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq cinayət məsuliyyətindən azad olunur.(8) Qeyd edilən münasibətdə CM-in 37-ci maddəsinin (cinayət törətmiş şəxsi tutarkən ona zərər vurulması) müddəaları da rəhbər tutularaq köməklik göstərən şəxslər tərəfindən istifadə edilə bilər. Bu da əməliyyat-axtarış fəaliyyəti subyekti ilə əməkdaşlıq edən şəxsin hüquqi müdafiəsi hesab olunur. Rusiya Federasiyası “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun da 18-ci maddəsi əməliyyat axtarış fəaliyyəti subyekti ilə əməkdaşlıq edən şəxslərin sosial və hüquqi maddəsinə həsr olunmuşdur. Burada qeyd edilmişdir ki, əməliyyat-axtarış fəaliyyəti orqanları ilə əməkdaşlıq edən şəxslər dövlətin müdafiəsi altındadırlar. Dövlət, əməliyyat-axtarış fəaliyyəti orqanları ilə müqavilə əsasında əməkdaşlıq etməyə razılıq verən şəxslərə müqavilədə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsinə zəmanət verir, o cümlədən həmin şəxslər tərəfindən ictimai vəzifənin və ya onlara həvalə edilmiş vəzifələrin qanuni yerinə yetirilməsi ilə bağlı hüquqi müdafiəni təmin edir. Eyni zamanda hüquqi müdafiə ilə bağlı qeyd edilmişdir ki, cinayətkar qrupun üzvü olan şəxs, ağır nəticələrə səbəb olmayan qanunsuz əməl törətmiş, əməliyyat-axtarış fəaliyyəti orqanı ilə əməkdaşlığa cəlb edilmiş, cinayətlərin açılmasına fəal kömək etmiş, vurulmuş zərəri ödəmiş və ya digər şəkildə vurulmuş ziyanı aradan qaldırmış şəxs Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyətindən azad edilir. (10) “Əməliyyat-axtarış fəaliyyəti haqında” Azərbaycan Respublikası Qanunu ilə Rusiya Federasiyası “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanununda əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkaşlıq edən şəxslərin hüquqi müdafiəsi demək olar ki, eynidir. (10) “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qazaxıstan Qanununun da 22-ci maddəsi əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin hüquqi və sosial müdafiəsinə həsr olunmuşdur. Həmin maddədə qeyd edilmişdir ki, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanların əməkdaşları öz xidməti vəzifələrində qanunun tələblərini rəhbər tuturlar və siyasi partiyaların və siyasi məqsədlər daşıyan kütləvi ictimai hərəkatların qərarlarından asılı olmurlar. Əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanların əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən hakimiyyət nümayəndələri sayılırlar və dövlətin müdafiəsi altındadırlar. Əməliyyat-axtarış fəaliyyətini həyata keçirən əməkdaşların və orqanların qanuni fəaliyyətinə qanunla birbaşa səlahiyyət verilmiş şəxsdən başqa heç kimin müdaxilə etmək hüququ yoxdur. Qanunvericiliyə zidd olan əmr və ya göstəriş aldıqda onlar qanunu rəhbər tutmağa borcludurlar. (9)
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 122.11-ci maddəsində qeyd edilmişdir ki, cinayət prosesi iştirakçılarının və ya cinayət prosesində iştirak edən digər şəxslərin bu Məcəllədə və Azərbaycan Respublikasının digər qanunlarında nəzərdə tutulmuş hüquqi müdafiə vasitələri tükəndikdə, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə əsasən onlar insan hüquq və azadlıqlarının müdafiəsi üzrə beynəlxalq məhkəmələrə müraciət etməyə haqlıdırlar. (3)
Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin sosial müdafiəsi
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 17.3-cü maddəsinə əsasən, əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin əmək haqqı, mükafat və digər maddi təminatlar almaq hüququ vardır. Əsas fəaliyyət növü kimi şəxslərin əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq etdiyi dövr onların əmək stajına daxil edilir və bu şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təqaüd verilir.(5, s.74) Əməliyyat-axtarış fəaliyyətində iştirak etmələri ilə əlaqədar şəxslərin, eləcə də onların yaxın qohumlarının həyatına, sağlamlığına və əmlakına real təhlükə yarandıqda səlahiyyətli orqanlar onların mühafizəsi və dəymiş zərərin ödənilməsi, həmçinin təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün zəruri tədbirlər görürlər. Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin pensiya təminatı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.(8) Bu qanunda həmçinin qeyd edilir ki, əmək pensiyası hüququ verən sığorta stajına əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi ilə əlaqədar vəzifələrinin yerinə yetirilməsi müddəti - üçqat ölçüdə güzəştli şəkildə daxil edilir.(11) Əməliyyat-axtarış tədbirlərində iştirak edərkən həlak olmuş, yaxud əlilliyi müəyyən edilmiş şəxslərin ailəsinə müvafiq olaraq min yüz manat və beş yüz əlli manat birdəfəlik müavinət verilir. Həmin şəxslərin ailəsinə həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada pensiya təyin edilir. (8)
Keçirilən əməliyyat-axtarış tədbirlərinin mürəkkəbliyini, iştirakçıların üzləşə bildiyi təhlükəni nəzərə alaraq, normativ-hüquqi aktlarda onlar üçün əlavə sosial zəmanətlər nəzərdə tutula bilər. Belə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün hazırlanan şəxslərin tapşırığı yerinə yetirmək imkanı, onlardan zəif və ya zəifləmiş sinir sistemi olan şəxslər müəyyən edilərək, sağlamlığı üçün yarana bilən ağır fəsadların qarşısını almaq məqsədilə onlar müalicə-profilaktika müəsissələrinə, ağır psixi gərginlik keçirmiş tədbir iştirakçıları sanatoriya-müalicvi reabilitasiya mərkəzlərinə göndərilə bilər. Bu istiqamətdə də münasibətləri tənzimləyən normativ-hüquqi aktların təkmilləşdirilməsinə ehtiyac var. (1, s.314)
Rusiya Federasiyası “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanununun 18-ci maddəsində sosial müdafiəsi ilə bağlı qeyd olunur ki, Əməliyyat-axtarış fəaliyyəti orqanları ilə əməkdaşlıq etdiklərinə görə ayrı-ayrı şəxslərin, onların ailə üzvlərinin və yaxınlarının həyatına, sağlamlığına və ya əmlakına qarşı qanunsuz hücum təhlükəsi yarandığı halda, bu orqanlar qanunsuz hərəkətlərin qarşısını almaq, təqsirkarları müəyyən etmək və Rusiya Federasiyasının qanunvericiliyində nəzərdə tutulan məsuliyyətə cəlb etmək üçün zəruri tədbirlər görməyə borcludurlar. Əməliyyat-axtarış fəaliyyəti orqanları ilə əməkdaşlıq edən və ya onlara cinayətlərin açılmasında və ya cinayətkarların müəyyən edilməsində kömək edən şəxslər mükafat və digər ödənişlər ala bilərlər. Bu şəxslərin aldığı mükafatlar və digər ödənişlər vergiyə cəlb edilmir və gəlirlər haqqında bəyannamələrdə göstərilmir. Əməliyyat-axtarış fəaliyyəti orqanları ilə müqavilə əsasında əsas məşğulluq kimi əməkdaşlıq edən vətəndaşlar Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq pensiya təminatı hüququna malikdirlər. Belə əməkdaşlıq müddəti həmin vətəndaşların sığorta stajına əməliyyat-axtarış fəaliyyəti orqanlarının məlumatları əsasında hesablanır. Bu cür məlumatların verilməsi qaydası əməliyyat-axtarış fəaliyyəti həyata keçirən struktur bölmələri tərkibinə daxil olan müvafiq dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir.(10)
Müqavilə əsasında əməliyyat-axtarış fəaliyyəti orqanları ilə əməkdaşlıq edən şəxsin əməliyyat-axtarış tədbirlərinə qatılması ilə əlaqədar həlak olması halında, ölənin ailəsinə və onun himayəsində olan şəxslərə on illik pul təminatı məbləğində bir dəfəlik müavinət ödənilir və Rusiya Federasiyasının qanunvericiliyində müəyyən edilmiş qaydada ailə başçısının itirilməsinə görə pensiya təyin edilir. Müqavilə əsasında əməliyyat-axtarış fəaliyyəti orqanları ilə əməkdaşlıq edən şəxsin əməliyyat-axtarış tədbirlərinə qatılması ilə əlaqədar aldığı xəsarət, yaralanma, kontuziya, bədən xəsarəti nəticəsində əməliyyat-axtarış fəaliyyəti orqanları ilə gələcəkdə əməkdaşlıq etmə imkanı aradan qalxdıqda, həmin şəxsə beş illik pul təminatı məbləğində bir dəfəlik müavinət ödənilir və Rusiya Federasiyasının qanunvericiliyində müəyyən edilmiş qaydada əlilliyə görə pensiya təyin edilir.(10)
Qazaxıstanın “Əməliyat-axtarış fəaliyyəti haqqında” Qanunun 22-ci maddəsində sosial müdafiə ilə bağlı qeyd edilir ki, Əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanların əməkdaşlarının işinin xüsusiyyətləri nəzərə alınmaqla onlara əlavə güzəştlər verilə bilər. Əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanların rəhbərləri öz əməkdaşlarının, onların ailə üzvlərinin və yaxın qohumlarının şəxsi təhlükəsizliyini, əmlakının qorunmasını təmin etməyə borcludurlar. Əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanların əməkdaşlarına xidməti vəzifələrini layiqincə yerinə yetirmək məqsədilə xüsusi peşəkar hazırlıq keçməsi, ixtisasartırması və tibbi xidmət göstərilməsi üçün zəruri şərait yaradılır.(9)
Hər 3 qanunda da əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin sosial müdafiəsi demək olar ki, oxşardır. Lakin hər biri bu sahədə bəzi fərqli və özünəməxsus xüsusiyyətlərə malikdir.
Nəticə
Əməliyyat-axtarış funksiyalarının yerinə yetirilməsi yaddaş, diqqət, təmkin, müşahidə qabiliyyəti, yüksək psixoloji və fiziki dözüm tələb edir. (4, s.183) Bu funksiyaların yerinə yetirilməsində isə əməliyyat-axtarış fəaliyyətinin iştirakçıları kimi əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslər də çıxış edir. Bu funksiyaların ağırlığı səbəbindən onlar üçün hüquqi və sosial müdafiə nəzərdə tutulub. Bu yalnız “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunda deyil, həmçinin başqa normativ-hüquqi aktlarda da təsbit olunub.
Əməliyyat-axtarış fəaliyyətində sosial və hüquqi müdafiə meyarlarının dairəsi daim genişdir. Həmin fəaliyyətin uğurla həyata keçirilməsini təmin edən meyarlar əvəzli, maddi və mənəvi həvəsləndirmə, cinayət və cinayət-prosessual səciyyə daşıyır. (1,s.314)
İstifadə olunmuş ədəbiyyat siyahısı:
Sevil İsmayıllı
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi