Prezident İlham Əliyev strateji investisiya layihələrinin istiqamətlərini təsdiq etdi


  • 1 Fevral 20:06

Prezident İlham Əliyev “İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri”nin təsdiq edilməsi haqqında Fərman imzalayıb.

E-huquq.az xəbər verir ki, Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyi Fərmandan irəli gələn məsələləri həll etməlidir.

İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri aşağıdakılardır:

1. Yerli xammal bazasına (metal filiz, neft, qaz, kimya, tikinti materialları və pambıq sahələri) əsaslanan istehsal layihələri;

2. Bərpa olunan enerji mənbələri hesabına enerji istehsalı layihələri;

3. Tullantıların idarə olunması və təkrar emalı layihələri;

4. Dəniz suyunun duzsuzlaşdırılması layihələri;

5. Özəl sənaye məhəllələrinin yaradılması layihələri;

6. 2023-cü il yanvarın 1-dən sonra investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən qeyri-neft sənayesi müəssisələrinin istehsal layihələri;

7. Azərbaycan Respublikasında istehsalı ilk dəfə təşkil edilən, yerli məhsullarla özünü təminetmə səviyyəsini (idxalın əvəzlənməsini) və ya qeyri-neft sektorunun ixrac potensialının artırılmasını təşviq edən iqtisadi fəaliyyət sahələrinin yaradılması istiqamətində həyata keçirilən “Azərbaycanda ilk” (“First in Azerbaijan”) layihələri;

8. Hava gəmilərinin istismarı və onlara texniki xidmət göstərilməsi layihələri;

9. Dəmir yolunun hərəkət tərkibinin təmiri və onun ehtiyat hissələrinin istehsalı layihələri;

10. Hərbi təyinatlı məhsulların istehsalı layihələri;

11. Alüminium məhsullarının istehsalı layihələri;

12. Dövlət−özəl tərəfdaşlığı (dövlətin satınalma öhdəliyi ilə özəl sektor tərəfindən həyata keçirilən elektrik enerjisi istehsalı layihələri daxil olmaqla) layihələri;

13. COP29 beynəlxalq tədbiri çərçivəsində qonaqlama layihəsi.

Oxşar xəbərlər