"Azərbaycanla Mərkəzi Asiya ölkələrinin regional əməkdaşlığı qlobal inkişafa təkan verir" - Politoloq


  • 27 Noyabr 2023 12:55

“SPECA-nın üzvü olan dövlətlər sıx əməkdaşlıq nəticəsində uğurlu regional model təqdim edirlər. Bu, həmçinin Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin vahid siyasi, iqtisadi və geosiyasi bir məkanı ifadə etmələrinin bariz təzahürü, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı daha da genişləndirmək əzminin və niyyətinin nümunəsidir”.

Bu sözləri e-huquq.az-a açıqlamasında politoloq Yusif Bağırzadə söyləyib.

O bildirib ki, SPECA Zirvə görüşünün Bakıda keçirilməsi Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın hərtərəfli və dinamik surətdə inkişafının bariz nümunəsidir: “BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir. Bu dəfəki Zirvə görüşü SPECA-nın 25-ci ildönümünə həsr olunub və hal-hazırda sədrliyi Azərbaycan həyata keçirir. Azərbaycanın bölgədəki mühüm rolu, xüsusilə də İkinci Qarabağ savaşından sonra regionumuzda formalaşdırdığı yeni reallıqlar təbii olaraq dünya ölkələrinin liderləri tərəfindən də qəbul edilir. Bu mənada bölgəmizlə, həm də ölkəmizlə birbaşa və dolayısı ilə bağlı olan dövlətlərin Azərbaycana marağı tamamilə təbiidir. Elə məhz bunun nəticəsidir ki, Zirvə görüşünün keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsü Mərkəzi Asiya ölkələrinin rəhbərləri tərəfindən dərhal dəstəklənib və ən yüksək səviyyələrdə iştirak təmin edilib”.

Politoloq deyib ki, Zirvə görüşündə Prezident İlham Əliyevin dəvəti ilə həmçinin Gürcüstanın və Macarıstanın Baş nazirlərinin, eləcə də Körfəz Əməkdaşlıq Şurasının Baş katibinin də fəxri qonaqlar qismində iştirak etmələri bu qurumun gələcək perspektivləri üçün geniş imkanlar açır: “SPECA-nın perspektivdə daha da böyüyəcəyinə, bu tərkibdə keçirilən Zirvə görüşünün daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacağına şübhə yeri qoymur. Prezident İlham Əliyevin də dediyi kimi SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar. Qarşıda çoxlu sayda problemlər və çağırışlar durudu. Son 25 ildə problemlərin bir çoxu artıq arxada qalıb. Üzv dövlətlərin suverenliyi, beynəlxalq birlikdə mövqeləri möhkəmləniv və iqtisadi cəhətdən inkişaf edib. Prezident Zirvədəki çıxışında ölkələrimizi birləşdirən siyasi sabitlik amilinə də xüsusi diqqət çəkdi. Şübhəsiz ki, sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur”.

Y.Bağırzadə görüş zamanı müzakirə olunan bir sıra vacib məqamlara da diqqət çəkib: “Azərbaycan Prezidenti onu da vurğulayıb ki, dünyada uğursuz, asılı, bir neçə ağaya xidmət edən ölkələrin sayı az deyil, onlardan biri Ermənistandır. Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar". Həqiqətən də bu gün Ermənistanın apardığı siyasətə baxanda kimlərəsə yarınmaqdan, qonşularına xəyanət etməkdən, öz ərazisini poliqona çevirmək cəhdlərindən, regional sülhü, sabitliyi təhlükəyə atmaq istəyindən savayı bir şey görmək mümkün deyil”.

Politoloq bildirib ki, Zirvə görüşündə müzakirə olunmuş məsələlər təkcə bizim regionumuz üçün deyil, dünya ölkələri üçün də mühüm əhəmiyyət kəsb edir: “Belə ki, görüşdə həm siyasi, həm ticarət-iqtisadi, həm də mədəni-humanitar məsələlər, o cümlədən “yaşıl enerji” layihəsi və digər mühüm məsələrə müzakirə olundu. Logistika məsələləri, nəqliyyat dəhlizi, bu istiqamətdə yeni layihələrin başlanması diqqət mərkəzində saxlanıldı. Təbii ki, regional əməkdaşlıq qlobal inkişafa təkan verir. Belə münasibət həm də təhlükəsizliyin təmin olunması üçün şərait yaradır ki, Azərbaycan da bu istiqamətdə aparıcı yerlərdən birini tutur. Əslində, Azərbaycanla Mərkəzi Asiya ölkələrini qədim tarixi mədəni, iqtisadi, etnik və başqa amillər bağlayır. Bu əlaqələr sovetlər dönəmində də davam edib. Müstəqillik dövründə isə Azərbaycan və Mərkəzi Asiya ölkələri bir sıra ortaq layihələrdə iştirak edirlər”.

O vurğulayıb ki, Azərbaycanda əlverişli investisiya mühiti yaradılıb: “Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub ki, bütün bunlar ölkəmizi Mərkəzi Asiya ölkələri üçün də uğurlu tranzit rolu oynayan ünvana çevirib. Azərbaycan Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. . Son 20 ildə iqtisadiyyatına 310 milyard dollardan çox sərmayə qoyulan Azərbaycanla əməkdaşlıq SPECA ölkələri üçün də önəm kəsb edir. Yatırılan investisiyanın 200 milyard dollarının qeyri-enerji sektorunun payına düşməsi də ciddi rəqəmdir və ölkəmizin cəlbediciliyini artırır".

Politoloq görüşün Azərbaycan həqiqətlərinin çatdırlması baxımından da önəmli olduğunu bildirib: “Prezidentin çıxışı hələ də Azərbaycana qarşı dezinformasiya müharibəsi aparan ayrı-ayrı beynəlxalq təşkilatların və dövlətlərin, o cümlədən də Ermənistanın ifşası baxımından olduqca önəmli oldu. Ölkə rəhbəri xatırlatdı ki, müstəqilliyimizin ilk illərində ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazilərinin təxminən 20 faizi Ermənistan tərəfindən işğal edilmişdi. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuşdu. Lakin 30 ilə yaxın aparılan danışıqlar heç bir nəticə vermədi. Çünki Ermənistanın məqsədi işğalı qoruyub saxlamaq idi və Ermənistan baş naziri də “Qarabağ Ermənistandır və nöqtə” açıqlaması ilə bunu bariz şəkildə nümayiş etdrirdi. Nəticədə Azərbaycan xalqı öz tarixinin ən parlaq Qələbəsinə imza ataraq 44 günlük Vətən müharibəsində Ermənistanı məğlub etdi və işğala son qoydu. Bununla da BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il kağız üzərində qalmış dörd qətnaməsi da Azərbaycan tərəfindən təmin edildi”.

Y.Bağırzadə qeyd edib ki, yekunda Orta Dəhlizin rəqəmsallaşması üçün yol xəritəsi və Bakı Bəyannaməsinin qəbulu da görüşün uğurlu nəticələrindən xəbər verir: “Eyni zamanda BMT-nin himayəsi altında SPECA Etimad Fondu təsis edilməsi və Azərbaycanın Etimad Fonduna 3,5 milyon ABŞ dolları ayıracağını elan etməsi də ölkəmizin beynəlxalq təşəbbüslərdə iştirakının növbəti əyani sübutudur. Heç şübhəsiz ki, SPECA həftəsində Bakıda təşkil olunan iqtisadi forum da ölkələrimiz arasındakı biznes əlaqələrinin inkişafında mühüm rol oynayacaq”.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər