"Gec müraciət etdikdə ağciyərlər sıradan çıxır" - Koronavirusla mübarizə aparan həkimlərimiz danışır - FOTOLAR


  • 26 İyun 2020 14:17

Bütün dünyanı cənginə almış COVID-19 pandemiyası Azərbaycanda da gün keçdikcə öz təsirini daha çox göstərməkdədir. Görülən tədbirlərə baxmayaraq, ölkəmizdə koronavirusa yoluxanların və ölənlərin sayı artmaqda davam edir. Bu çətin günlərdə ən böyük yük isə təbii ki, həkimlərimizin üzərinə düşür. Gecə-gündüz bu virusa qarşı mübarizə aparan tibb işçiləri günümüzün əsl qəhrəmanlarıdır. Pandemiya ilə mübarizə aparanlar arasında Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının kollektivi də var. Onlar bu savaşda qalib çıxmaq, xəstələrin həyatını xilas etmək üçün əllərindən gələni edirlər.

E-huquq.az-ın əməkdaşı klinikanın həkimləri ilə həmsöhbət olub. Mövcud vəziyyət, xəstələrin durumu, həkimlərin mübarizəsi ilə bağlı fikirləri onların dilindən öyrənib.

Klinikanın həkimləri bildirdi ki, onlar COVID-19-la mübarizəyə ilk qoşulanlardan olublar. Burada koronavirus xəstələrinin müalicəsi mart ayının 21-dən başlayıb. Sosial mediada ara-sıra həkimlərin məcburi şəkildə mübarizəyə cəlb olunduğu bildirilsə də, onlar bunun doğru fikir olmadığını və könüllü olaraq çalışdıqlarını dedilər. Onların sözlərinə görə, həkimlər yalnız 2 həftə məcburi qaydada işləyə bilər. Daha sonra isə üzərlərində virus yükü olduğu üçün sərbəstdirlər. Lakin klinikanın həkimləri xəstələrin çoxluğunu nəzərə alaraq, burada qalıb könüllü şəkildə fəaliyyətlərinə davam edirlər.

ATU Tədris Terapevtik Klinikasının direktoru Surxay Musayev

“Biz martın 21-dən işləyirik. Üzərimizdə virus yükü var. Yoruluruq, bəzən əsəbiləşirik. Həkim azlığı da var. Mən getdim, o biri getdi. Bəs, kim qalıb işləyəcək bu xəstələrlə?” – deyə həmsöhbətimiz bildirdi.

COVID-19-a yoluxanlar arasında həkimlər də olur. Koronavirus bu klinikanın da həkimlərindən yan keçməyib. Hazırda 2 həkimin virusa yoluxduğu və müalicə olunduğu deyildi. Xoşbəxtlikdən onların vəziyyəti yaxşıdır. Virusun yayıldığı ilk dövrlərdə yüngül xəstələrin müalicəsi aparılsa da, hazırda burada yalnız ağır koronavirus xəstələrinin qəbulu həyata keçirilir. Məlumata görə, 90-dan çox COVID-19 xəstəsinin müalicə olunduğu klinikada 12 nəfərin vəziyyəti ağırdır və onlar süni tənəffüs aparatına qoşulub.

Baş həkim Fəridə Hacıyeva

Reanimatoloq - Ayşən Xanlarlı

“Bir neçə gün öncə 2 xəstəmizin vəziyyətinin normallaşmasına nail olduq, onlar süni tənəffüs aparatından ayrıldı və biri artıq sağalaraq evə yola salınıb. Bu, bizim uğurumuzdur. Çünki xəstənin süni tənəffüs aparatından çıxması və həyata qayıtması doğurdan da çox çətin prosesdir. Lakin təəssüflər olsun ki, hazırda palatada olan xəstələr arasında vəziyyəti pisləşməyə doğru gedənlər var. Çox güman ki, onların da süni tənəffüs aparatına qoşulmasına ehtiyac olacaq”, – həkim təəssüf hissi ilə qeyd etdi.

Yaşlı insanlar üçün COVID-19-un daha riskli olduğunu bildirən həkimlər 90 yaşlı xəstənin sağalıb evə göndərilməsinə də müvəffəq olub. Burada müalicə alaraq sağalan ən gənc pasientin 37 yaşı olub. Hazırda müalicəsi davam etdirilən ən yaşlı xəstənin isə 70 yaşı var.

Reanimatoloq - Orxan Səlim

Klinikada hər gün ölüm hallarının baş verdiyini ürək ağrısı ilə dilə gətirən həkimlər bildirdi ki, süni tənəffüs aparatına qoşulan xəstələrin həyatını xilas etmək əksər hallarda mümkün olmur. Çünki əksəriyyəti gec müraciət edir və onların ağciyərləri artıq sıradan çıxmış olur. Əgər 20 bu cür xəstə varsa, onlardan 3-ü həyatda qalmağı bacarır.

COVID-19-un əsas simptomlarından birinin hərarət olduğunu deyən tibb işçiləri qızdırması olan şəxsin mütləq şəkildə tədbir görməli olduğunu vurğuladılar. Bundan başqa, boğaz ağrısı, qoxu və dadbilmənin itməsi, müxtəlif ağrılar da ilkin simptom kimi özünü göstərə bilər. COVID-19-a yoluxmuş həmkarlarından danışaraq qeyd etdilər ki, qollarında və kürəyində ağrılar hiss edən 2 tibb bacısı başqa heç bir simptom hiss etməsə də, testin nəticəsi pozitiv olub.

Radiologiya şöbəsinin müdiri Aydın Əliyev

Həkimləri narahat edən məsələlərdən biri də səhhətinə qarşı laqeyd olan insanlardır: “Elə insanlar var ki, hərarəti olduğu halda bunu adi soyuqdəymə kimi qiymətləndirirlər. Özünü qorumaması bir yana, başqaları üçün də təhlükə yaradır, kafe, restoran və digər yerlərə gedib insanlarla təmasda olur və onları da yoluxdurur. Bilirsiniz, bu xəstəlik hərədə bir cür özünü göstərir. Elə insan var ki, rahat keçirir və sağalır. Eləsi var ki, onun üçün çox çətin keçir və ya xəstəliyə tab gətirməyərək dünyasını dəyişir. Ona görə insanlar maksimum ehtiyatlı olmalıdırlar. Bir COVID-19 xəstəsi özü sağalsa da, başqa birinin ölümünə səbəb ola bilər”.

Günün 24 saatı burada gərgin mübarizə davam edir. Həkimlər 8 saatlıq növbə ilə çalışırlar. Bu işi bir qədər də çətinləşdirən təpədən dırnağa kimi büründükləri xüsusi geyimləri-formalarıdır. Bəzən 8 saatdan daha çox içində qaldıqları bu forma yayın isti günlərində həkimlərimizin əziyyətini daha da artırır. Gərgin iş rejimi ilə çalışan həkimlər yoluxma riskinin yüksək olduğunu nəzərə olaraq, mütəmadi olaraq koronavirus testindən keçirlər.

Reanimatoloqlar - Sahab Niftaliyeva, Ramida Bayramova

Həkimlərin sözlərinə görə, bəzi insanlar COVID-19 testindən keçməyə qorxur. Virusun əlamətlərini hiss etsə də, gedib testdən keçmir. Deyir ki, birdən testin nəticəsi pozitiv olar, məni karantinə alarlar. Halbuki 1 sutkada antiviral müalicələri etdikdə insan sağalır. Gecikdikdə isə ağciyərlər sıradan çıxır və artıq heç nə etmək olmur. Bəzi insanlar isə virusun mövcudluğuna inanmır. Hətta həkimlərin yaxınlarının arasında da koronavirusun mövcudluğuna inanmadığını deyənlər var.

“Təəssüf ki, bir müddət sonra onlar müraciət edir ki, filan qohumumda koronavirus aşkarlanıb, vəziyyəti ağırdır, kömək edin bizə. İnsanın öz başına gəlməsə, nə qədər eşitsə də, inanmır. Hətta onları kimsə bu virusun olduğuna inandırmağa çalışanda qıcıq olur ki, niyə məni məcbur edirsən?!” – həkim qeyd etdi.

Reanimatoloq - Vüsalə Mirzəyeva

Həkimlər düşünür ki, cəmiyyətin hörmətini və inamını qazanmış şəxslər bu məsələdə maarifləndirmə işi aparmalıdırlar. Çünki vəziyyət getdikcə daha da ağırlaşır və insanlar bunun ciddiliyini dərk etməlidir. Onlar bildirdi ki, ilkin dövrdə müraciət edən xəstələrdə əksər vaxtlarda yanaşı gedən xəstəliklər olurdu. İndi isə xəstələrin çoxunda başqa heç bir xəstəlik yoxdur. Yəni, artıq tam sağlam adamlar bu virusa yoluxurlar.

Tibb işçiləri vətəndaşları bu məsələdə həssas olmağa, insanların sıx toplaşdığı yerlərdən uzaq durmağa, maska və spirtdən istifadə etməyə, zəruri gigiyena qaydalarına əməl etməyə çağırdı: “Yaşlı və xəstə insanlara qarşı daha həssas olmaq lazımdır. Onlarla ünsiyyətdə olduqda mütləq şəkildə tibbi maskadan istifadə edilməlidir. Çünki simptomlarını hiss etmədən belə COVID-19-a yoluxmuş ola bilərsən, yaşlı və ya xəstə insanlarla ünsiyyətdə olduqda onları da yoluxdurmuş olarsan. Bu da həmin insanların həyatı bahasına başa gələ bilər. Yəni, özünüzü düşünməsəniz belə, ətrafınızdakı insanları düşünün, onların həyatı üçün təhlükə yaratmayın”.

Reanimatoloq - Rəşad Mirzəyev

Onlar sonda bildirdilər ki, təkcə həkimlər deyil, tibb bacıları, xadimələr və klinikanın bütün digər əməkdaşları gecə-gündüz çalışır, çox böyük əziyyət çəkirlər. Həkimlər onlarla çiyin-çiyinə bu mübarizədə vuruşan bütün əməkdaşların fəaliyyətini yüksək qiymətləndirir və onlara təşəkkür edirlər.

Reanimatoloq - Elvin Əliyev

Terapevt - Ayan Məmmədova

Reanimatoloq - Aynur Hümmətova

Pulmonoloq - Şərəf Hüseynova

Reanimasiya şöbəsinin müdiri Emil Qasimov

Sığorta şöbəsi - Türkan Quliyeva, Kadrlar şöbəsi - Səbinə Rəsullu

İnfeksionist - Aygül Əliyeva

Pulmonoloq - Şərəf Hüseynova

Reanimatoloq - Vüsalə Mirzəyeva

Reanimatoloq - Pəri Xoşbonyani

Baş tibb bacısı - Ülkər Şükürova

Reanimatoloq - Fəridə Musayeva Şamilzadə

Reanimatoloq - Bayram Nuriyev

Pulmonoloq - Günel Sadiqova

Endokrinoloq - Kenul Rzabəyova

Oxşar xəbərlər

  • 5 İyul 12:58
Sabah dolu yağacaq