David Konlan Smit: "Azərbaycan və İrlandiya vəkilləri arasında münasibətlərin inkişafına çalışacağıq"


  • 2 İyun 2023 13:25

"Avropa İttifaqı ölkələrində gender bərabərliyi sahəsində böyük problemlər hələ də qalmaqdır".

E-huquq.az xəbər verir ki, bunu İrlandiya Vəkillər Kollegiyasının Baş məsləhətçisi, Avropa Birliyi Vəkillər Kollegiyasının sabiq sədri David Konlan Smit türk dünyasının ilk qadın vəkili Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr edilən "Gender Bərabərliyi Beynəlxalq İnsan Hüquqlarının hissəsi kimi" mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.

O bildirib ki, gender bərabərliyi çoxşaxəli məsələdir: "Qərbi Avropa dövlətlərində gender balansının qorunması üçün xeyli işlər görülüb. Hazırda əksər ölkələrin konstitusiyalarında bu bərabərlik təsdiq edilib. Bu gün 27 üzv dövlətin Konstitusiyasında fundamental insan hüquqları təmin edilir. Əsas məqamlardan biri də məhz gender bərabərliyidir. Lakin müəyyən problemlər hələ də qalmaqdadır".

Konlan Smit onu da bildirib ki, Avropada hüquq fakültəsinə qəbul olunanların 60 faizi qadınlardır. Lakin onların işə qəbul olunmasında çətinliklər var.

O, Sürəyya Ağaoğlunun fəaliyyəti barədə də danışıb: Sürəyya Ağaoğlunun hekayəsi təkcə türklər üçün deyil, eyni zamanda Qərbi Avropadakı qadınlar üçün də böyük nümunədir".

Çıxışında azərbaycanlı həmkarları ilə münasibətlərə toxunan İrlandiya Vəkillər Kollegiyasının Baş məsləhətçisi iki ölkə arasında vəkillik sahəsində münasibətlərin vacibliyini vurğulayıb: "Biz bu dostluğun inkişaf etdirilməsinə çalışacağıq".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər