Vəkillərə tez-tez verilən suallara CAVABLAR


  • 14 Fevral 12:39

Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, vəkil İlhamə Həsənova vətəndaşlar tərəfindən vəkillərə tez-tez verilən bəzi sualları cavablandırıb.

- Vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqı necə ödənilir?

- Vəkilə müraciət edən şəxslə vəkil bürosu və vəkil arasında hüquqi yardım göstərilməsinə dair üçtərəfli müqavilə imzalanır. Bu müqavilə Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən təsdiq edilmiş nümunəyə uyğun olmalıdır. Hüquqi yardım göstərilməsi haqqında müqavilənin şərtləri vəkil haqqının ödənilməsini nəzərdə tutur. Vəkil bürosu tərəfindən vəkilə məhkəmədə işi aparmaq üçün xüsusi sənəd - vəkil orderi verilir. Vəkilə order həmin məbləğ ödənildikdən sonra verilir. Müqavilədə və orderdə vəkilin hansı tapşırığı yerinə yetirməsi (birinci instansiya məhkəməsində və ya apellyasiya məhkəməsində işin aparılması və s.) göstərilir. Hüquqi yardım haqqını müqaviləni rəsmiləşdirəndə nəqdsiz qaydada,yəni vəkilin fəaliyyət göstərdiyi büronun bank hesabına, əgər vəkil fərdi fəaliyyət göstərirsə onun bank hesabına keçirməlisiniz.

- Mülki iş üzrə vəkil ilə müqavilə bağlamışamsa, mən də məhkəmədə iştirak etməliyəm?

- Əgər vəkil ilə müqavilə bağlamaqla yanaşı, ona həm də məhkəmədə sizi təmsil etməsi üçün etibarnamə vermisinizsə, onda məhkəmə iclasında iştirakınız vacib deyil. Məhkəmənin sizi şəxsən dəvət etməsi baxılan işin xarakterindın asıll olacaq. Məsələn, uşaqlarla bağlı məhkəmə mübahisələrində tərəflərin iştirakı məcburi ola bilir. Tərəfin özünün prosesdə iştirakı bir sıra digər işlərdə də son dərəcə vacib ola biər. Vəkil hüquqi yardım göstərdiyi şəxsə məhkəmə iclaslarının qaydasıını və zərurət varsa niyə vəkillə birlikdə məhkəmədə olması lazım olduğunu izah etməlidir. Bu, iş üzrə mövqe qurmaqda çox vacib məqamdır.

- Məhkəmədə növbə olur?

- Məhkəmə iclasının saat 11:00-da başlaması ilə bağlı bildiriş almısınızsa, iclasa məhz həmin saatda gəlməlisiniz. Lakin iclasın başlanmasında gecikməkər də ola bilər. Mülki hakim gündə 15-20 məhkəmə işinə baxır. Hakim heç vaxt dəqiq bilmir ki, bu və ya digər məhkəmə prosesi bu gün baş tutacaq ya yox, iclası təxirə salacaq, vəsatətlər veriləcək, yoxsa tərəflər lazımi qaydada məhkəməyə gələcəklər. Buna görə də hakimlər bir günə çoxlu sayda işin baxılmasını təyin edir, lakin bütün tərəflər iclasa gələrsə və prosesin təxirə salınması üçün heç bir əsas olmazsa, məhkəmə işə baxmağa başlayır. Növbəti məhkəmə iclasının tərəfləri əvvəlki iclasın sonunu gözləyirlər. Ona görə də məhkəmə iclaslarının başlanmasında gecikmələr olur.

- Məhkəmədə işə baxılması nə qədər davam edəcək?

- Yalnız bir kateqoriya hallar üzrə - tərəflərin razılığı ilə boşanma ilə bağlı dəqiq cavab vermək olar. Bu prosedur 1ay çəkəcək.Burinci instansiya məhkəməsində ərizə məhkəməyə daxil olduğu vaxtdan sonra 3 aydan gec olmayan müddətdə işə baxılmalı və həmin işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. İşə bərpa, aliment tutulması, övladlığa götürmə, dövlət orqanlarının, ictimai birliklərin, vəzifəli şəxslərin qərarlarının, hərəkətlərinin (və ya hərəkətsizliklərinin) düzgün olmaması barədə işlərə 1 ay müddətində baxılır və həll edilir.İşə birinci instansiya məhkəməsində baxıldıqdan sonra tərəflər məhkəmə qərarından apellyasiya şikayəti verə bilərlər. Belə bir şikayət üçün son müddət əsaslandırılmış məhkəmə qərarının tərəfə rəsmi təqdim edildiyi gündən bir aydır.

- Apellyasiyaya məhkəməsinə müraciət etsəm, birinci instansiya məhkəməsinin qərarını dəyişməyə ümid var, yoxsa yox?

- Mənim təcrübəmdə çoxlu sayda hallar olub ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını tamamilə və ya qismən ləğv edib, iş üzrə yeni qətnamə çıxarıb. Təbii ki, birinci instansiya məhkəməsinin çıxardığı məhkəmə qətnamələri dəyişməz də qala bilər. Hər şey konkret işin hallarından asılıdır.

- Əgər qərar mənim xeyirimə olsa, vəkilə ödədiyim pul qarşı tərəfdən mənim xeyrimə tutulacaq?

- Mülki qanunvericilik, vəkil tərəfindən hüquqi yardım göstərilməsi ilə bağlı sənədlərin bütün surətlərinin və hüquqi yardıma görə ödəniş qəbzlərinin təqdim edilməsi ilə belə, bu məsələnin həllini hakimin üzərinə qoyur. Beləliklə, qanunda deyilir ki, məhkəmə vəkilə hüquqi yardım üçün ödənilən xərcləri “ağlabatan hədlər daxilində” təmin edir. Ona görə də hakim hər dəfə bu məsələni fərdi qaydada həll edir.

- Vəkil ilə iş nədən başlayır?

- Vəkil seçməkdən. İlk öncə məsləhət almaq üçün bir vəkilin yanına gəlirsiniz. Əvvəlcə suallarınıza cavab almalısınız. İkincisi, siz vəkilə etibar edə biləcəyinizi başa düşməlisiniz. Vəkil seçmək həkim seçmək kumi bir işdir. Mütləq Vəkillər Kollegiyasının reyestrində vəkilin adının olub olmamasını yoxlayın və s. Bütün bunlar edilməlidir, amma mənim fikrimcə, əsas məsələ seçdiyiniz vəkilin sizə keyfiyyətli hüquqi yardım göstərəcəyinə,vicdanlı və dürüst olacağına inamınızdır.

- Niyə eyni xidmətlər üçün fərqli vəkillər fərqli qiymətləri deyir?

- Hüquqi yardım üçün vahid qiymət tarifi yoxdur, heç vaxt olmayıb. Bu, ümumi dünya təcrübəsidir. Vəkilin göstərdiyi hüquqi yardımın haqqı bir çox şərtlərdən asılı olaraq vəkilin özü tərəfindən müəyyən edilir: işin mürəkkəbliyindən, vəkilin məhkəmədə keçirməli olduğu günlərin sayından, tərtib etməli olduğu sənədlərin və vəsatətlərin sayından, təcrübəsindən, bütün hərəkətlərin vəkil tərəfindən şəxsən həyata keçirilməsinin zəruriliyi və s. Seçim həmişə sizindir!

Oxşar xəbərlər