Anar Bağırov: "Rəqəmsal sübut" anlayışının Cinayət-Prosessual Məcəlləsində ayrıca sübut növü kimi əks olunmasına ehtiyac var


  • 2 Aprel 11:12

"Hesab edirik ki, cinayət prosesində müdafiə tərəfinin hüquqlarının təmin edilməsində rəqəmsal texnologiyalardan istifadə problemləri də diqqətdə saxlanılmalıdır".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bu gün keçirilən “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfransda deyib.

Onun fikrincə, gələcəkdə “Rəqəmsal sübut” anlayışının ayrıca sübut növü kimi Cinayət-Prosessual Məcəlləsində müəyyən edilməsi bu növ sübutların toplanılması, götürülməsi, konfidensiallığın təmininə, həmin sübutlarla müdafiə tərəfinin tanış olma imkanının nəzərdə tutulmasına, onlardan səmərəli istifadə edilməsinə və rəqəmsal sübutlarla bağlı düzgün hüquqi qiymət verilməsinə zəmin yaratmış olar.

"Rəqəmsal sübutlarla bağlı digər bir məsələ, fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədi ilə bu məlumatların əldə edilməsi üçün məhkəmə qərarının alınmasının zəruri olmasıdır. Belə ki, digər sübut növlərindən fərqli olaraq rəqəmsal sübut və onun saxlanıldığı cihazlar (mobil telefon, kompyuter, xarici yaddaş kartı və s.) fiziki və hüquqi şəxslər üçün daha əhəmiyyətli və konfidensial məlumatların daşıyıcısı rolundan çıxış edirlər. Yəni cinayət prosesində rəqəmsal sübutlara gəldikdə şəxsi həyata hörmət hüququna riayət olunmasını təmin edən qaydaların tətbiqi vacibdir.

Bundan əlavə, hesab edirik ki, məsafədən, videokonfrans vasitəsilə dindirmənin xüsusiyyətlərində Cinayət-Prosessual Məcəlləsinin ümumi müddəaları nəzərə alınmalıdır", - deyə A.Bağırov qeyd edib.

Oxşar xəbərlər