- 13:54
Əsrlər boyu dövlətlər arasında qarşlıqlı ərazi iddiaları mövcud olmuşdur. XXI ərsdə artan beynəlxalq münaqişələr, qlobal təhlükəsizlik çağırışları bugün də ərazi bütövlüyü, suverenlik və dövlətin keçilməzliyi kimi fundamental prinsiplərin aktuallığını ortaya qoyur. Dövlətlərin öz əraziləri üzərində tam müstəqilliyi və müstəqil şəkildə qərar vermə hüququ beynəlxalq sabitliyin təmin olunmasında müəyyən maneələr yaradır. Belə ki, dövlət müstəqilliyi beynəlxalq sabitliyin təmin olunması məqsədilə və beynəlxalq ictimaiyyətin maraqlarına uyğun şəkildə məhdudlaşdırılır. Beynəlxalq hüquq tərəfindən dövlət müstəqilliyinin məhdudlaşdırılmasını bir çox hüquqi aktlarda görə bilərik. Beynəlxalq hüquq dövlət müstəqilliyinin mahiyyətini təşkil edən suverenlik, dövlətin keçilməzliyi və ərazi bütövlüyü kimi fundamental prinsipləri tanıyır. Bu məqalədə isə bu prinsiplərin qarşılıqlı şəkildə müqayisəsi və əlaqələndirilməsi haqqında danışılacaqdır.
1. Dövlət müstəqilliyinin anlayışı və xüsusiyyətləri
Bugün bir dövlət müstəqildir deyərkən, həmin dövlətin beynəlxalq hüquq çərçivəsində müəyyən hüquqlara, səlahiyyətlərə və üstünlüklərə malik olmasını təsdiq edirik. Beynəlxalq müstəvidə müstəqillik, bir dövlət qarşısında münasibət yaratdığı digər dövlət üçün öhdəliklər və vəzifələr yaradır. Bu hüquqlar və öhdəliklər dövlət müstəqilliyinin mahiyyətini təşkil edir. Sual yaranır, dövlət müstəqilliyi nədən ibarətdir?
Dövlət müstəqilliyinin əsasını təşkil edən müəyyən hüquqlar və səlahiyyətlər: yalnız öz daxili işlərini idarə etmək səlahiyyəti, diplomatik nümayəndələrinin digər ölkələrdəki imtiyazları, ərazisi daxilində törədilən cinayətlərə yeganə hüquqi yurisdiksiya və digərləri, eləcə də, vəzifə və öhdəliklər: başqa bir dövlətin ərazisində suverenlik aktları yerinə yetirməmək vəzifəsi; digər dövlətin müstəqilliyinə və ərazi üstünlüyünə zidd olan hərəkətlərin törədilməsinin qarşısını almaq, başqa bir dövlətin işlərinə müdaxilə etməmək və digərləri vardır.
1933-cü il Montevideo Konvensiyası dövlətin beynəlxalq hüquq subyekti kimi dörd xüsusiyyətini təsbit etdi: daimi əhali, müəyyən ərazi, öz hökuməti, digər dövlətlərlə əlaqə yaratmaq qabiliyyəti.[1] Dövlətlər beynəlxalq hüquqi çərçivədə hüquqi baxımdan bərabərdirlər və bu hüquqları həyata keçirmək üçün bərabər imkanlara sahibdirlər. Hər bir dövlətin hüquqları, bu hüquqları təmin etmək üçün malik olduğu gücdən deyil, beynəlxalq hüquqa əsasən subyekt kimi mövcudluğundan, beynəlxalq hüquq subyektliyindən irəli gəlir.
Beynəlxalq hüquq tərəfindən dövlət müstəqilliyi bəşəriyyətdə sülhün və sabitliyin qorunması üçün məhdudlaşdırılır. Nümunəli təhlilinə baxaq:
BMT Nizamnaməsi dövlətlərə öz hüquq və səlahiyyətlərini tətbiq edərkən digər dövlətlərin hüquq və azadlığını pozmamağı öhdəlik olaraq bəyan edir. Həmçinin bu müddəa BMT Nizamnaməsinin özünə də şamil olunur. Nizamnamənin 2.4-ci bəndinə əsasən bütün üzvlər beynəlxalq münasibətlərində hər hansı bir dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı güc tətbiqi və ya onunla hədələməkdən, habelə Birləşmiş Millətlər Təşkilatının Məqsədləri ilə uyğun olmayan hər hansı başqa şəkildə müdaxilədən çəkinməlidirlər.[2]
Ardınca, 2.7-ci bəndə əsasən bu Nizamnamədə olan heç bir müddəa, BMT-yə hər hansı bir dövlətin daxili yurisdiksiyasına aid məsələlərə qarışmaq hüququ vermir və ya üzvlərin belə məsələləri bu Nizamnamə çərçivəsində həll etməyə məcbur edilməsi kimi başa düşülməməlidir; lakin bu prinsip Nizamnamənin VII Fəsli çərçivəsində tətbiq edilən icbari tədbirlərin tətbiqinə maneə sayılmamalıdır.[3]
Ümumdünya İnsan Hüquqları Bəyannaməsi insan hüquqlarının, ləyaqətin, azadlığın və ümumi sülhün bəşər ailəsinin hər bir üzvünə məxsus olmasını elan edir və bunu qəbul edən hər bir dövlət üzərinə insan hüquqlarının məhdudlaşdırılmasının qadağan edilməsi öhdəliyini qoyur.[4] Bu dövlət müstəqilliyinin məhdudlaşdırılmasının digər bir qoludur.
Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu beynəlxalq cinayətləri (sülh əleyhinə cinayətlər, soyqrım cinayətləri, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri) qadağan etməklə, bu statutu qəbul etmiş dövlət üzərinə beynəlxalq cinayətlərin törədilməsi halında məsuliyyət qoyur. Bu beynəlxalq hüquq tərəfindən müstəqil dövləti öz müstəqilliyinə əsaslanaraq cinayət törətməkdən məhrum edir və müstəqilliyini məhdudlaşdırır.[5]
Digər bu kimi bir çox nümunələr fonunda qeyd edə bilərik ki, dövlət müstəqilliyi mütləq deyildir və beynəlxalq müstəvidə onun məhdudlaşdırılması bəşər cəmiyyətinin iradəsinin ifadəsidir. Bəs dövlət müstəqilliyinin mahiyyətini təşkil edən suverenlik, dövlətin keçilməzliyi və ərazi bütövlüyü prinsipi nəyə əsaslanır? Hüquqi təminatı nədir və hansı çərçivələr daxilindədir?
1933- cü il tarixli Montevideo konvensiyası suveren dövlət anlayışının tarixi aspektləri özündə əks etdirirdi[6]. XIX əsrdə suveren dövlət siyasi tanınmaya malik olan və statusu “vaxtla əldə edilmiş hüquq və adət üzrə daxil olma” prinsipinə əsaslanan olmalı idi. “Vaxtla əldə edilmiş hüquq və adət üzrə daxil olma” prinsipi “uti possidetis” prinsipinə mahiyyətcə oxşardır. Belə ki, vaxtla əldə edilmiş və adət üzrə daxil olma dedikdə dövlət tərəfindən bir ərazi sülh və müharibəsiz bir şəraitdə, uzun müddətli olaraq ələ keçirilirsə, eləcə də, suverenlik hüququ əldə edilirsə bu hüquqları tanınır və dəyişdirilə bilməz. “Uti possidetis” prinsipinin mahniyyəti isə ərazi bütovlüyünün qorunmasına xidmət edir: dövlət sərhədləri müəyyən edilərkən, əvvəlki müstəmləkələr dövlətə aid olmalıdır. Necə deyərlər, “Kim nə əldə etmişdirsə, o da onundur” ( bu prinsip haqqında ətraflı danışılacaqdır). Biz bu prinsipləri əlaqələndirərkən unutmamalıyıq ki, vaxtla əldə edilmiş hüquq və adət üzrə daxil olmayan ərazilər, həmçinin hüquqlar sadəcə müharibəsiz və sülh şəraitində əldə olunmalıdır. Lakin siyasi tanınma doktrinası qeyri-müəyyən xarakterli idi və dövlətlərin müstəqilliyinin beynəlxalq müstəvidə tanınması üçün yetərli deyildi.
Artıq XX əsrdə bir dövlətin beynəlxalq hüquq subyektliliyi nədir, hansı xüsusiyyətlərə malik olmalıdır kimi suallar daha çox cavab tələb edirdi. Yuxarıda qeyd etdiyimiz kimi, Montevideo konvensiyası dövlətin beynəlxalq hüquq subyekti kimi 4 əsas xüsusiyyətini müəyyən edirdi. Ərazi bütövlüyü və dövlət müstəqilliyi prinsipi bu konvensiya ilə formalaşmağa başlamışdı. Dövlətin keçilməzliyi prinsipi isə bu bu iki prinsipin vəhdətindən doğan bir prinsip kimi yaranmış və bugün beynəlxalq hüquqda fundamental prinsip kimi öz sözünü deyir.
Bəs dövlətin keçilməzliyi prinsipi nədir? Hansı əsaslara malikdir?
Dövlətin keçilməzliyi prinsipi bir dövlət ərazisində yanlız öz milli hüquq qaydalarının müstəsna hüquqi qüvvəyə malik olduğunu bəyan edir.[7] Bu sırada milli hüquq qaydaları anlayışına nələrin daxil olduğunu araşdırmaq zərurəti yaranır. Milli hüquq qaydası dövlətin öz hakimiyyətini rəsmi qaydada və hüquqi çərçivədə idarə etdiyi bir konsepsiyadır. Dövlətin idarə olunma formalarından biri hüquq qaydasıdır. Hər bir dövlət öz yurisdiksiyası çərçivəsində öz milli hüquq sistemini formalaşdıra bilər və yanlız idarəetmə gücünü milli hüquq qaydası ilə realizə edə bilər. Lakin bu prinsipin anlayışına baxdıqda görürük ki, prinsip tək başına heç bir real nəticəyə malik ola bilməz. Dövlətin keçilməzliyi prinsipi ərazi bütövlüyü və dövlətlərin suverenliyi prisipi ilə vəhdətdə bir dövlətin öz müstəqilliyini beynəlxalq müstəvidə bəyan etməsinə zəmin yarada bilər.
2. Suverenlik hüququ və prinsipinin xüsusiyyətləri
Bir dövlətin malik olduğu əsas xüsusiyyəti onun müstəqilliyi, suverenliyidir. Uzaq keçmişdə suveren dövlətin mücərrəd təzahürü kimi yox, konkret bir şəxsin toxunulmazlığı kimi anlaşılırdı.[8] Hökmdar ölkənin suveren şəxsi hesab olunurdu. Zamanla şəxsi suverenlik anlayışı dövlət suverenliyi anlayışına doğru çevrilməyə başladı. Lakin suverenlik anlayışı mistik toxunulmazlıq anlayışını özündə hələ də ehtiva edirdi. Suverenlik anlayışına təkcə hüquqi yox, həmçinin siyasi baxımdan yanaşmaq lazımdır. BMT nizamnaməsi və onun formalaşdığı 1945-ci il San- Fransisko konfransında ”suveren bərabərlik” ifadəsi işlədilmişdir. Bəs suveren bərabərlik tam olaraq nə idi?
Suveren bərabərlik həm siyasi, həm də hüquqi xarakter daşıyırdı. Dövlətin sahib olduğu hüquqları tanınırdı və kiçik dövlətlərin hüquqları böyük dövlətlərin hüquqları qədər toxunulmaz idi. Bəs bir dövlətin suveren olması başqa dövlət üçün təhlükə yarada bilərdi mi?
1949-cu il tarixində BMT Baş Assambleyası tərəfindən qəbul edilən “Dövlətlərin Hüquqları və Vəzifələri haqqında Bəyannamə Layihəsi” bəyan edirdi: “Hər bir dövlət müstəqillik hüququna malikdir və buna görə də, digər heç bir dövlətin göstərişi olmadan, bütün hüquqi səlahiyyətlərini sərbəst şəkildə həyata keçirmək, o cümlədən öz idarəetmə formasını seçmək hüququna malikdir”.[9] Lakin bu bəyannamə layihəsinin suverenlik, müstəqilliklə bağlı bəzi müddəaları dövrünün tanınmış hüquqşünaslarını narahat edirdi. Vladimir Mikhailovich Koretsky düşünürdü ki, layihənin bəzi müddəaları, xüsusilə 14-cü maddəsi ( “Hər bir dövlətin vəzifəsi var ki, digər dövlətlərlə münasibətlərini beynəlxalq hüquqa uyğun və hər bir dövlətin suverenliyinin beynəlxalq hüququn ali hökmranlığına tabe olduğu prinsip əsasında aparsın”) super-dövlət doktrinasının güclənməsinə zəmin yaradır və dövlət müstəqilliyini beynəlxalq hüquqdan asılı vəziyyətə salaraq, dünya hakimiyyətini ələ almaq istəyən böyük-güc dövlətlərə şərait yaradır. Sual yaranır, dövlətin suverenliyi beynəlxalq hüquqdan asılı olarsa, böyük dövlətlər kiçik dövlətlər üzərində hakimiyyət qurub super-dövlət yarada bilər mi? Suverenlik hüququ böyük dövlətlərə güc verərək, kiçik dövlətləri təhlükədə qoyur mu?
Bildirmək istərdik ki, suverenlik hüququ bütün dövlətlərə “suveren bərabərlik” adı altında verilir. Hər bir dövlətin müstəqilliyi isə beynəlxalq hüquqi prinsiplərlə məhdudlaşdırılır. Hüquqda olan məhşur ifadə: “ Bir şəxsin hüquqları başqasının hüquqlarının başladığı yerdə bitir” bizə əsaslı izah verməyə kömək edir. Belə ki, bir dövlətin hüquq və azadlıqları başqa dövlətin hüquq və azadlıqları başladığı yerdə bitir. Beynəlxalq hüquq tərəfindən qəbul edilmiş və çoxsaylı konvensiyaların əsas mahiyyətini təşkil edən ümumi prinsiplər vardır: güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi;beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipi; dövlətin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq prinsipi; dövlətlərin bir-birilə əməkdaşlıq etmək prinsipi; xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyin etmə prinsipi; dövlətlərin suveren bərabərliyi prinsipi; öhdəlikləri vicdanla yerinə yetirməsi prinsipi; sərhədlərin toxunulmazlığı prinsipi; dövlətlərin ərazi bütövlüyü prinsipi; əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsipi. Prinsiplərin hər biri ayrı-ayrılıqda bəşəriyyətin dinc və müharibəsiz, əmin-amanlıq içərisində yaşamasına xidmət edir. Xüsusilə də, güc tətbiq etməmək və ya güclə hədələməmək, dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmamazlığı prinsipi super-dövlət anlayışına qarşı çıxır. Güc dövlətlərin dünya hakimiyyəti konsepsiyasını inkar edir. Bəs bu gün həqiqətən də dövlətlərin suverenlik hüquqları pozulur mu? Super-dövlətlər dünya hakimiyyəti konsepsiyasını reallaşdırmağa çalışır mı?
Gəlin bu məsələyə Stephen D. Krasnerin məhşur “Suverenlik: “Sistemləşdirilmiş İkiüzlülük” əsəri nöqteyi-nəzərindən yanaşaq. Krasner öz əsərində suverenlik prinsipini iki hissəyə ayırırdı: Vestfaliya suverenliyi və Beynəlxalq hüquqi suverenlik.[10] O, əsası Vestfaliya sülh müqaviləsindən götürülən Vestfaliya suverenliyi ideyası ilə dövlətin daxili işlərinə xarici müdaxilənin olmamasını, lakin bu prinsipin təzyiq və razılaşmalar yolu ilə dəfələrlə pozulduğunu eləcə də, beynəlxalq hüquqi suverenliyin daha üstün sayılan, dövlətlər tərəfindən daha çox hörmət olunan prinsip olmasına baxmayaraq zaman-zaman pozulduğunu bildirirdi. Bu konsepsiya beynəlxalq müstəvidə suverenliyin bəzən formal şəkildə qaldığını, amma praktikada praqmatizmə və güc siyasətinə tabe olduğunu göstərir. Onun “sistemləşdirilmiş ikiüzlülük” (organized hypocrisy) termini də məhz bu ziddiyyəti təsvir edirdi, yəni dövlətlər suverenlik hüquqlarını formal olaraq müdafiə edir, lakin öz maraqlarına uyğun olaraq həmin normaları pozmaqdan çəkinmirlər. Burda isə əsas qarşıdurma yaranırdı: hüquq yoxsa, siyasət?
Suverenlik həm mütləq, həm də qeyri-mütləq ola bilər. Lakin bəzi alimlər bu fikri inkar edərək, suverenliyin dövlətin müəyyən səlahiyyət çərçivəsində olub, müəyyən səlahiyyətlər çərçivəsində məhdudaşmasını qəbul etmirlər.[11] Alan James iddia edir ki, suverenlik ya vardır, ya yoxdur, qismən mövcud ola bilməz. Bodin və Hobbes suverenliyi mütləq hüquq kimi təsəvvür edirdi: yəni o, ərazidəki bütün məsələlərə şərtsiz aid olurdu. Qeyd edək ki, suverenlik hüququnun mütləq olması dedikdə biz miqyas olaraq, ərazi olaraq suverenlikdən danışmalıyıq. Burdakı mütləqlik suverenliyin dərəcəsi və xarakterinə aid deyildir. Buna nümunə olaraq biz Avropa İttifaqına üzv olan dövlətləri göstərə bilərik. Avropa İttifaqına üzv olan dövlətlər daxildə suveren və bərabər dövlətlərdir, həmçinin onlar öz müəyyən etmə və qərar vermə hüququna malikdirlər. Lakin müəyyən məsələlərdə, ticarət, sosial rifah və s. dövlətlərin suverenliyi Avropa İttifaqının hüquq sistemi ilə məhdudlaşdırılır. Artıq dövlətlərin qeyri-mütləq suverenliyi müşahidə edilir. Suverenliyin mütləqliyi onun ərazi bötüvlüyündə, yəni ərazi üzərində tam, suveren hakimiyyətini ifadə edir. Bəs suverenlik özəlləşdirilə və ya başqasına ötürülə bilər mi?
Frederic Megretin "Suverenlik Hüquqlarının Müəyyənləşdirilməsi” adlı məqaləsində suverenlik hüququnun dövlət tərəfindən özəlləşdirilməsi, ötürülməsi məsələlərinə toxunur.[12] Məqalədə müzakirə edilən əsas problem suveren dövlətlərin əsas funksiyalarının, onun “mahiyyətcə suveren funksiyalar” adlandırdığı sahələrin sürətlə özəlləşdirilməsi və bu funksiyaların xüsusi şəxslərə, xüsusilə də, mənfəət məqsədi güdən korporasiyalara ötürülməsidir. Suverenlik hüququnun müəyyən şəxslərə, korporasiya adı altında müxtəlif təşkilatlara və ya müəyyən güclərə ötürülə bilməsi anlayışı suverenliyin bölünməzliyi anlayışına qarşı çıxır. Suverenlik hüququ ayrılmaz və mütləqdirsə, necə özəlləşdirilib ötürülə bilir?
XVI əsrin akademik hüquqşünaslarından Andrea Alciatoya əsasən, suverenlik — mülki hüquqşünasların “merum imperium” adlandırdıqları anlayış — yalnız imperatora məxsusdur (proprium principis). Bu hakimiyyət nə başqaları ilə bölüşdürülə, nə onlara ötürülə, nə də onlara verilməklə onlardan uzaqlaşdırıla bilər. Lakin suverenliyin ayrı-ayrı funksiyaları yalnız bir şərtlə başqalarına etibarən verilə bilərdi: verilmiş səlahiyyətlər istənilən vaxt əsas şəxs (yəni suveren) tərəfindən ləğv edilə bilərdi.[13] Imperator anlayışının getdikcə dövlət anlayışına çevrildiyi, imperator suverenliyindən dövlət suverenliyinə olan keçid haqqında yuxarıda qeydlərimiz olmuşdur. Buna əsaslanaraq deyə bilərik ki, Alciatoya əsasən suverelik bölünməzdir, dövlətin ayrılmaz hüququdur. Suverenlik hüququnu ayrılmaz və mütləq edən nədir? Suveren olmaq nədir?
Suverenlik anlayışının keçmişinə baxanda görürük ki, suveren toxunulmaz bir qüvvə, ali hakimiyyətdir. Suverendən bir üstü daha yoxdur. Zamanla suveren anlayışı dövlət suverenliyinə çevrilmişdir və dövlətin ali hakimiyyəti, dövlətin mütləq hakimiyyəti anlayışını qazanmışdır. Lakin “dövlətin ali hakimiyyəti” anlayışına nələr daxil idi, ali hakimiyyət necə formalaşırdı?
Jean Bodeinə əsasən suverenliyə xas olan 8 müstəsna hüquq vardır: Qanun yaratmaq və ləğv etmək səlahiyyəti, müharibə və sülh elan etmək hüququ, vəzifələr yaratmaq və vəzifəyə təyin etmək hüququ, son apellyasiya hüququ (məhkəmə qərarlarına son müraciət hüququ), əfv etmək səlahiyyəti, pul buraxmaq hüququ, çəki və ölçüləri tənzimləmək hüququ və vergi qoymaq səlahiyyəti.[14] Eyni zamanda Bodein göstərir ki, bu 8 hüquq arasında əsas hüquq qanun yaratmaq və ləğv etmək səlahiyyətidir. Digər hüquqlar isə onun tərkib hissəsidir. Belə ki, suverenlik hüququnun əsas mahiyyəti qanun qəbul etmək və qanun ləğv etmək səlahiyyətinin mütləq mövcudluğudur.
3. Dövlətin keçilməzliyi prinsipi
Qeyd etdiyimiz kimi, dövlətin var olmasın əsas əlamətlərindən biri də onun ərazisidir. Suverenlik anlayışı dövlətin öz ərazisi üzərində mütləq hakimiyyətidir. Ərazi və hakimiyyət. Ərazi və hakimiyyət anlayışları birlikdə dövlətin keçilməzliyini, dövlətin keçilməzliyi prinsipini formalaşdırır.
Təsəvvür edin ki, dövlət bir fiziki cisimdir. Bu cismin dörd bir yanı sərhədlə qorunur. Yad hər hansısa bir cisim bu sərhədləri keçə bilməz. Milli hüquq sisteminin müəyyən bir ərazi üçün xüsusi qüvvəyə malik olması və bu ərazi daxilində bütün fərdlərin yalnız həmin milli hüquq sisteminə tabe olmaları prinsipi dövlətin keçilməzliyi prinsipi adlanır.[15] Eyni ərazidə yalnız bir dövlət mövcud ola bilər. Fizika elminə istinad etsək, dövlət “keçirilməzdir”. Yəni bir dövlətin ərazisinində hər hansısa dövlətin hüquq sistemi keçərli deyildir, tətbiq oluna bilməz. Eyni ərazidə bir dövlət və milli hüquq sistemi hakimiyyətdə ola bilər. Bir dövlət başqa dövlətin ərazisində beynəlxalq hüquqa zidd hər hansısa hərəkətləri edə bilməz.
Dövlətin keçilməzliyi prinsipinə əsasən bir dövlət başqa bir dövlətin daxili işlərinə müdaxilə edə bilməz, ərazisinə zorla daxil ola bilməz, dövlətin sərhəd bötüvlüyünü poza bilməz. Dövlətin keçilməzliyi eyni zamanda dövlətin siyasi müstəqilliyini özündə ehtiva edir.
Dövlətin keçilməzliyi prinsipi istisnalara məruz qala bilir. Bu istisnalardan ən geniş yayılmış olanı kondominium rejmidir. Kondominium rejminə əsasən bir ərazi üzərində bir neçə dövlət ortaq suverenliyə və idarəetmə qabiliyyətinə malik olur. Kondominium rejmində ərazi üzərində hakimiyyət birgə suverenlikdən ibarət olsa da, hər bir dövlət prinsip etibarilə yalnız öz vətəndaşları üzərində ayrıca yurisdiksiaya malik olur.[16] Kondominium rejmi özü də iki hissəyə ayrılır: birgə suverenlik və bölünmüş suverenlik.[17] Birgə suverenliyə əsasən, kondominium dövlətləri həmin ərazi üzərində birgə və birbaşa idarəetməyə malik olur və burada qəbul edilən istənilən qərar kondominium dövlətləri tərəfindən təsdiq olunmalıdır. Bölümüş suverenliyə əsasən, insanlar hansı yurisdiksiya altında olmaq istədiklərini seçməkdə sərbəstdirlər, ya da hər iki dövlətin birgə hakimiyyəti altına tabe edilirlər.
Kondominiumlar ilk dəfə ərazi üzərində hərbi münaqişələrə son qoymaq məqsədilə Avropada yaranmışdı. Buna nümunə olaraq, 1830–1839-cu illərdə Belçika və Hollandiya arasında olan Maastrixt kondominiumu, Fransa və İspaniya tərəfindən idarə olunan Andorra şəhzadəliyi və digərlərini aid edə bilərik.[18]
4. Ərazi bütövlüyü prinsipi
4.1. Tarixi inkişaf
Ərazi bütövlüyü prinsipi (territorial integrity) beynəlxalq hüquqda suveren dövlətlərin sərhədlərinin toxunulmazlığını təmin edən əsas prinsiplərdən biridir. Müasir beynəlxalq sistemin kökləri təxminən 400 il əvvələ gedib çıxsa da, beynəlxalq hüququn bəzi əsas anlayışları minlərlə il əvvəlki siyasi münasibətlərdə də müşahidə edilə bilər. Ərazi bütövlüyü prinsipi də dolayı yolla qədimdə dövlətlərarası müqavilələrdə öz əksini tapmışdır. Belə ki, təxminən eramızdan əvvəl 2100-cü ildə Mesopotamiya ərazisində yerləşən şəhər-dövlətlər olan Laqaş və Umma hökmdarları arasında müqavilə imzalanmışdır. Bu müqavilə daş lövhəyə yazılmış və hər iki tərəf üçün hörmət olunması lazım olan sərhədlərin müəyyən edilməsini nəzərdə tutmuşdur. Sərhədin pozulması Şumer tanrılarının qəzəbinə səbəb olacaqdı.
Sonrakı mühüm beynəlxalq müqavilə isə təxminən 1000 il sonra, Misir fironu II Ramzes ilə Hettlər çarı arasında əbədi sülh və qardaşlıq qurmaq məqsədilə bağlanmışdır. Bu müqavilədə tərəflərin bir-birinin ərazi bütövlüyünə hörmət, təcavüzün dayandırılması və bir növ müdafiə məqsədli ittifaqının yaradılması kimi müddəalar da yer almışdır.[19]
4.1. XIX və XX əsrlərdə “ərazi bütövlüyü” prinsipi
“Ərazi bütövlüyü” anlayışı beynəlxalq hüququn ümumi prinsipi kimi XIX əsrdə formalaşmışdır. XIX əsrin ortalarında, bu gün də istifadə etdiyimiz “ərazi müdafiəsi” anlayışına dair terminologiya artıq beynəlxalq hüquq sferasında möhkəmlənmişdi.
1844-cü ildə “Avropa beynəlxalq hüququna dair” əsərində A.W.Heffter “ərazi prinsipi” (ius territorii) haqqında danışaraq bu prinsipin dövlətlərə “bütövlük və toxunulmazlıq hüququ” verdiyini qeyd edirdi. Bu prinsip dövlətlərarası təcrübədə də öz əksini tapmışdır. [20]1856-cı ildə Avstriya, Fransa, Böyük Britaniya, Prussiya, Sardiniya, Osmanlı və Rusiya arasında bağlanmış “Sülhün Bərpasına dair Ümumi Müqavilə”də tərəflər Osmanlı İmperiyasının müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etməyi öhdələrinə götürdülər.[21]
I Dünya müharibəsindən sonra ərazi bütövlüyü prinsipi daha da ön plana çıxdı. ABŞ Prezidenti Vudro Vilson 1918-ci ilin yanvarında Konqresdəki “On dörd bənd” çıxışında böyük və kiçik dövlətlərə siyasi müstəqillik və ərazi bütövlüyünə qarşılıqlı zəmanətlər verilməsi üçün xüsusi müqavilələrin bağlanmasını təklif etdi.[22]
“Ərazi bütövlüyü” prinsipinin əks olunduğu ilk mühüm hüquqi sənəd Millətlər Cəmiyyətinin Nizamnaməsi oldu. Nizamnamənin 10-cu maddəsinə görə, üzv dövlətlər bütün üzvlərin ərazi bütövlüyünü və mövcud siyasi müstəqilliyini xarici təcavüzə qarşı qorumağı öhdələrinə götürürdülər. 1928-ci il Brian-Kelloq Paktında müharibədən imtina edilməsi vasitəsilə dolayısı ilə dövlətlərin sərhədlərinin, ərazi bütövlüyünün qorunmasına işarə edilmişdir. Bu baxımdan, ərazi bütövlüyü konsepsiyası həm dolayısı ilə, həm də birbaşa şəkildə beynəlxalq hüququn tərkib hissəsi kimi formalaşmışdır.
“Ərazi bütövlüyü” prinsipi BMT Nizamnaməsində də öz əksini tapmış, Nizamnamənin 2(4)-cü maddəsi vasitəsilə dövlətlərin siyasi müstəqilliyi və ərazi bütövlüyünə qarşı zorakılıq tətbiqinin qadağan edilməsi beynəlxalq hüquqi çərçivədə müəyyən edilmişdir. Bununla belə, ərazi bütövlüyü prinsipinə dair ideyalar daha əvvəlki beynəlxalq aktlarda dolayı yolla təsbit olunmuşdur. Maraqlıdır ki, bu maddənin ilkin variantı 1944-cü il Dumbarton Oaks Konfransında yalnız gücdən istifadənin qadağan edilməsini nəzərdə tuturdu. Daha az gücə malik dövlətlərin təşəbbüsü ilə “ərazi bütövlüyü” və “siyasi müstəqillik” ifadələri də maddəyə əlavə olundu. [23]Məqsəd güclü dövlətlərin zəif dövlətlərə qarşı zorakılığının qarşısını almaq idi.
BMT Baş Assambleyasının 1970-ci il tarixli "Friendly Relations Declaration"da ("BMT Nizamnaməsinə uyğun olaraq dövlətlər arasında dost münasibətlər və əməkdaşlıq prinsipləri haqqında Bəyannamədə") dövlətlərin beynəlxalq münasibətlərində hər hansı dövlətin siyasi müstəqilliyinə və ya ərazi bütövlüyünə qarşı yönəlmiş hərbi, siyasi, iqtisadi və ya digər hər hansı formada məcburetmədən çəkinmək öhdəliyi xatırladılır. [24]
BMT Baş Assambleyasının 1974-cü ildə “Təcavüzün anlayışı”na dair qəbul etdiyi Qətnamədə təcavüzə bu cür tərif verilir: “Təcavüz, bir dövlətin digər dövlətin suverenliyinə, ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı silahlı güc tətbiq etməsi və ya BMT Nizamnaməsinə uyğun olmayan digər yollarla hərəkət etməsidir”. Göründüyü kimi qətnamədə ərazi bütövlüyü anlayışı birbaşa olaraq təcavüzün tərifinin mərkəzi elementlərindən biri kimi göstərilir. Bu yanaşma ərazi bütövlüyünü beynəlxalq hüququn qoruduğu əsas dəyərlərdən biri kimi təsbit edir və hər hansı zorakı müdaxiləni yalnız dövlətin suverenliyinə deyil, həm də onun ərazi bütövlüyünə qarşı beynəlxalq hüquqa zidd əməl kimi qiymətləndirir.
Ərazi bütövlüyü prinsipi müstəqil prinsip kimi Helsinki Yekun aktında (1975) öz əksini tapmışdır. Göstərilən prinsipin başlıca məzmunu ondan ibarətdir ki, dövlətlər bir-birinin ərazi bütövlüyünə hörmət etməlidirlər. Hər bir dövlət başqa bir dövlətin ərazi bütövlüyünün pozulmasına yönəlmiş hüquqazidd hərəkətlərdən çəkinməlidir. Dövlətin ərazisi qanunsuz güc tətbiqi nəticəsində hərbi işğal obyekti ola bilməz. Ərazi bütövlüyü Prinsipi özündə uti possidetis prinsipini də ehtiva edir. Uti possidetis prinsipi hələ XIX əsrdə Latın Amerikasında formalaşmış və 1986-cı ildə Burkina Faso/Mali işində BMT-nin Beynəlxalq Məhkəməsi tərəfindən ümumi beynəlxalq hüquq norması kimi xarakterizə edilmişdir. Uti possidetis prinsipinin məğzi ondan ibarətdir ki, müstəmləkə və ya federasiya subyektlərinin əvvəlki sərhədləri yeni müstəqil dövlətlərin beynəlxalq sərhədləri olur və müvafiq razılıq olmadan dəyişdirlə bilməz. [25]SSRİ kontekstində uti possidetis prinsipi Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi dövrdə sərhəd məsələlərinin həllində də nəzərə alınmışdır. Müstəqillikdən əvvəlki Azərbaycan SSR-nin sərhədləri yeni dövlətin beynəlxalq sərhədləri kimi qəbul edilmişdir. Azərbaycan Respublikası ilə bağlı onun SSRİ dövründə malik olduğu ərazisinin bütövlüyünə istənilən iddia və ya qəsd sözü gedən prinsipə tamamilə ziddir. Bu prinsip dövlətlərin ərazi bütövlüyünün qorunması, həmçinin qonşu dövlətlərlə sərhəd mübahisələrinin qarşısını almaq baxımdan əhəmiyyətlidir.
Hanz Kelsen “Beynəlxalq hüququn prinsipləri” əsərində “ərazi bütövlüyü” prinsipini birbaşa nəzərdə tutmasa da, dolayı yolla onun mövcudluğuna işarə edir. Bu əsərdə dövlətin beynəlxalq hüquqi sistem daxilindəki ləyaqətli funksiyası, milli hüquq sisteminin ərazi dairəsi və dövlətin kimliyi məsələləri dərindən işıqlandırılır. O, "territorial sphere of validity" (dövlət milli hüquqi sisteminin ərazi dairəsi) kimi anlayışlar üzərində dayanır, yəni dövlətin hüquqi varlığı üçün ərazi əhəmiyyətli bir amil kimi təqdim olunur.[26] "Uganda v Commissioner of Prisons, Ex Parte Matovu" işində Hanz Kelsen-in nəzəriyyəsinə əsasən, dövlətin beynəlxalq hüquqi şəxsiyyəti hakimiyyət dəyişikliyindən asılı olmayaraq, eyni ərazi üzərində effektiv nəzarət davam etdiyi müddətdə qorunur. [27]Bu yanaşma ərazi bütövlüyü prinsipinin yalnız sərhədlərin toxunulmazlığı deyil, həm də həmin ərazi üzərində fasiləsiz suveren hakimiyyətin mövcudluğu ilə bağlı olduğunu təsdiq edir.
5. Ərazi bütövlüyü və öz müqəddəratını müəyyən etmə prinsiplərinin müqayisəsi
Ərazi bütövlüyü prinsipi bəzən öz müqəddəratını müəyyən etmə prinsipi ilə ziddiyyət təşkil edə bilər. Belə ki ərazi bütövlüyü prinsipi mövcud suveren dövlətlərin sərhədlərinin qorunmasını təmin edir, öz müqəddəratını müəyyən etmə isə xalqlara siyasi statuslarını müəyyən etmək hüququ verir. Bu ziddiyyət bir dövlət daxilində müəyyən bir qrup ayrılmaq istədikdə meydana çıxır. Belə bir tələbi tanımaq dövlətin ərazi bütövlüyünü pozmuş olar. Beynəlxalq hüquq, ümumiyyətlə, ərazi bütövlüyünü üstün tutur. Lakin ekstremal hallarda davamlı təqibə, zorakılığa məruz qalan xalqlar üçün öz müqəddəratını müəyyən etmə hüququ ayrılmaya əsas verə bilər. Kanada Ali Məhkəməsi 1998-ci ildə qəbul etdiyi “Kvebekin ayrılması məsələsi” ilə bağlı qərarında bəyan etmişdir ki, Kvebekin Kanadadan birtərəfli ayrılması nə Kanada Konstitusiyasına, nə də beynəlxalq hüquqa uyğundur. Məhkəmə həmçinin qeyd etmişdir ki, Kvebek əhalisi açıq şəkildə ayrılmaq istədiyini referendum yolu ilə ifadə edərsə, Kanada hökuməti bu məsələdə danışıqlara başlamağa borcludur.
Keçmiş Yuqoslaviya üzrə Avropa Birliyi Arbitraj Komissiyası bildirmişdir ki, hansı şəraitdə olursa-olsun, öz müqəddəratını müəyyən etmə hüququ müstəqillik zamanı mövcud sərhədlərin dəyişdirilməsinə səbəb olmamalıdır (uti possidetis juris), yalnız müvafiq dövlətlər razılıq verdikdə istisna təşkil edir". Komissiya həmçinin vurğulayıb ki, əvvəlki sərhədlər razılıq olmadıqca beynəlxalq hüquqla qorunan sərhədlərdir. Bu nəticə ərazi status-kvoya və uti possidetis prinsipinə əsaslanır. Beləliklə, mövcud dövlət daxilində müəyyən edilmiş inzibati vahidlərin müstəqillik zamanı həmin ərazi çərçivəsində qalacağı qəbul edilir.
Krım nümunəsini nəzərdən keçirək. Krım separatçıları Krımın müstəqil ərazi olduğunu iddia etdilər; rus siyasətçiləri və alimləri Krımın Rusiyaya məxsus olduğunu söylədilər; beynəlxalq ictimaiyyət isə uzun müddət Krımı Ukraynanın ayrılmaz hissəsi hesab edirdi.
Krımın müstəqil ərazi kimi müdafiə olunması iddiası xalqların öz müqəddəratını təyinetmə prinsipinə əsaslanır. Lakin belə halda bu prinsip mövcud dövlətin ərazi bütövlüyünə zidd düşür. Bu səbəbdən, verilmiş şəraitdə Krımın beynəlxalq hüquqla qorunan “öz müqəddəratını təyinetmə” hüququ yoxdur.
Bəzi dövlətlər və alimlər tarixi iddialara əsaslanaraq müəyyən ərazilərin kimə məxsus olması barədə mübahisələr aparırlar. Beynəlxalq hüquq isə bu mübahisələrin sonsuzluğa çevrilməsinin qarşısını almaq üçün faktiki vəziyyəti əsas götürür. “Uti possidetis” prinsipi dövlətin müstəqillik qazandığı vaxt mövcud olan sərhədləri əsas sərhəd kimi qəbul edir.
Krım məsələsində rus tərəfi 1954-cü ildə Krımın Ukrayna SSR-ə verilməsinin SSRİ Konstitusiyasına zidd olduğunu iddia edir. Lakin bu iddianın beynəlxalq hüquq baxımından əhəmiyyəti yoxdur, çünki SSRİ dövründə Ukrayna və Rusiya arasında sərhəd mübahisəsi olmayıb, 35 ildən artıq oturuşmuş vəziyyət mövcud olub. SSRİ dağıldıqdan sonra isə Rusiya, müxtəlif beynəlxalq və ikitərəfli müqavilələrdə Ukraynanın mövcud sərhədlərini tanımağa razılaşıb. Buna görə də, beynəlxalq hüquqa görə Krım Ukraynanın ərazisidir və Rusiya onun ərazi bütövlüyünü pozmamaq öhdəliyinə malikdir.
Bir çox beynəlxalq aktlarda “ərazi bütövlüyü” prinsipi “siyasi müstəqillik” anlayışı ilə birgə işlədilir. Bu, təsadüfi deyildir. Ərazi dövlətçiliyin sadəcə zəruri atributu kimi deyil, həm də siyasi müstəqilliyin həyata keçirilməsi üçün məkan və əsas şərt kimi qəbul edilir. Dövlətin siyasi müstəqilliyi məhz həmin ərazi daxilində ifadə olunur və xarici dövlətlər bu məkana müdaxilə edə bilməzlər. Buna görə də ərazi bütövlüyü prinsipi xaricdən gələn bütün müdaxilə formalarından qorunmanı tələb edir.
1. Lauterpacht-ın sözləri ilə desək, ərazi bütövlüyü, xüsusilə “siyasi müstəqillik” ilə birgə işlədildikdə, “ərazi toxunulmazlığı” ilə sinonimdir.
Sual meydana gələ bilər ki, ərazi bütövlüyü anlayışı qeyri-dövlət subyektlərinə tətbiq oluna bilərmi?
Ərazi bütövlüyü anlayışının klassik izahı yalnız dövlətlərə aiddir. Ərazi bütövlüyü prinsipi ilə qorunan subyektlər dövlətlərdir və eyni zamanda digər dövlətlərin ərazi bütövlüyünü pozmamaq öhdəliyi də dövlətlərə aiddir. Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) bir sıra qərarlarında güc tətbiqinin və özünümüdafiə hüququnun qadağan olunmasına dair qaydaların dövlətmərkəzli xarakterini vurğulamışdır. Kosovo üzrə məsləhətçi rəyində isə açıq şəkildə bildirmişdir ki, “ərazi bütövlüyü prinsipinin əhatə dairəsi dövlətlərarası münasibətlər sahəsi ilə məhduddur”.
Bununla yanaşı, dövlət təcrübəsində elə hallar da mövcuddur ki, burada qeyri-dövlət subyektlərinin də ərazi bütövlüyü anlayışına tabe olduğu qəbul edilir, yaxud dövlət tərkibindəki müəyyən subyektlərin məhdud ərazi qorunması iddiasına razılıq verilir. Bu anlayışın genişləndirilməsi qeyri-dövlət subyektlərini beynəlxalq hüququn subyekti kimi tanımaq cəhdləri ilə üst-üstə düşür. Bu mövzuda dəqiq “sərt hüquq” (hard law) mövcud olmasa da, bir sıra hallarda beynəlxalq hüquqda qeyri-dövlət subyektlərinin ərazi bütövlüyü anlayışına daxil edilməsinə doğru inkişaf meyli hiss olunur.
Məsələn, 1960-cı il “Müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsi haqqında Bəyannamə”də Baş Assambleya xalqların öz müqəddəratını təyin etmə hüququnun ifadəsi kimi asılı ərazilərin və müstəmləkələrin ərazi bütövlüyünün qorunmalı olduğunu bəyan etmişdir. Həmçinin, BMT Baş Assambleyasının qətnamələri və bəzi müqavilələr göstərir ki, dövlət tərkibindəki subyektlər də dövlətlərin ərazi bütövlüyünə hörmət etməlidir. Məsələn, BMT-nin Yerli Xalqların Hüquqları haqqında Bəyannaməsi açıq şəkildə bildirir ki, bu bəyannamə heç bir “dövlət, xalq, qrup və ya şəxs” tərəfindən “suveren və müstəqil dövlətlərin ərazi bütövlüyünə və ya siyasi birliyinə” qarşı fəaliyyət üçün əsas kimi istifadə oluna bilməz.
Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu isə göstərir ki, beynəlxalq olmayan silahlı münaqişələrə dair müəyyən edilmiş qaydalar, hökumətin dövlətin birliyini və ərazi bütövlüyünü bütün qanuni vasitələrlə müdafiə etmək məsuliyyətini sarsıtmamalıdır. Bu isə göstərir ki, ərazi bütövlüyünün müdafiəsi prinsipi beynəlxalq olmayan silahlı münaqişələrdə, yəni burada iştirak edən qeyri-dövlət subyeklərinə qarşı da əhəmiyyət kəsb edir.
Başqa bir mühüm hal isə odur ki, bəzi dövlətəbənzər subyektlər BMT Nizamnaməsinin 2(4)-cü maddəsinin qorumasına daxil edilir. Bu, o vaxt baş verir ki, hər hansı qrup müəyyən ərazi üzərində sabit hakimiyyət qurmuş, lakin həmin əraziyə dövlət iddiası da mövcuddur və onun beynəlxalq hüquqda dövlət statusu qeyri-müəyyəndir. Məsələn, Tayvanın dövlət olub-olmaması mübahisəlidir, lakin de-fakto rejim kimi o, BMT Nizamnaməsinin 2(4)-cü maddəsi ilə xaricdən sərhədlərinin pozulmasına qarşı qorunur. Bu qorumanın şərti, J.A. Frowein-in qeyd etdiyi kimi, həmin qurumun “beynəlxalq müstəvidə sakitləşmiş vəziyyətdə” olmasıdır. Belə şəraitdə beynəlxalq hüquq bu de-fakto nəzarəti tanıyır və həmin rejimləri beynəlxalq hüququn qismən subyekti kimi qəbul edir, onları BMT Nizamnaməsinin 2(4)-cü maddəsi ilə qoruyur.
Dövlətin ərazi bütövlüyünə qarşı pozuntuları 2 yerə bölmək olar: birbaşa və dolayı pozuntu.
Birbaşa pozuntular - güc tətbiqinin digər dövlətə aid edilə bildiyi hallardır. Bu aidetmə, Dövlətlərin Beynəlxalq Hüquqa görə Məsuliyyəti haqqında Beynəlxalq Hüquq Komissiyasının (BHK) Qəbul Etdiyi Layihə Maddələrində əksini tapmış adət hüququna əsaslanır.
Birbaşa olaraq dövlətə aid edilən hərəkətlər, xüsusilə onun orqanları tərəfindən törədilənlərdir. Ən çox hallarda bu, dövlətin hərbi qüvvələrinə aiddir. Orqanlar, dövlətə tam asılı şəkildə bağlı qurumlardır və BHK-nın layihə maddələrinə əsasən bu status dövlətin daxili qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.
Birbaşa pozuntuya aid edilmənin ikinci şərti isə, dövlətin nizamsız döyüşçülərə (milislərə və ya silahlı qruplara) göstəriş verdiyi və ya belə qrupların dövlətin effektiv nəzarəti altında fəaliyyət göstərdiyi hallardır.
Bir dövlətin ərazi bütövlüyünə birbaşa pozuntu təşkil edə biləcək hərəkətlərin dəqiq izahını 1974-cü il Təcavüzün Tərifi sənədindən əldə etmək olar. Bu sənəddə bir dövlətin digər dövlətə tətbiq etdiyi işğal, ilhaq, bombardman, limanların blokadası kimi hallar ərazi bütövlüyünə qarşı birbaşa pozuntu sayılır.
İkinci növ pozuntular- dolayı pozuntulardır. Bunlar o hallardır ki, ərazi bütövlüyünə qarşı hərbi fəaliyyət dövlətə birbaşa aid edilə bilmir, çünki potensial pozuntu törədən dövlət nə öz orqanlarını, nə də göndərdiyi və ya idarə etdiyi nizamsız döyüşçüləri istifadə etmişdir.
Birbaşa pozuntulardan fərqli olaraq, bunlar adətən silahlı hücum səviyyəsinə çatmır. Beynəlxalq Ədalət Məhkəməsi bu formaları “güc tətbiqinin daha az ağır formaları” kimi xarakterizə edir. Lakin beynəlxalq hüquq bu müdaxilə formalarını da qadağan edir. Bu, artıq 1949-cu il Dövlətlərin Hüquq və Vəzifələri haqqında BHK-nın Layihə Bəyannaməsində, 1965-ci il BMT Baş Assambleyasının Dövlətlərin Daxili İşlərinə Müdaxilənin Yolverilməzliyi və Onların Müstəqilliyinin və Suverenliyinin Müdafiəsi haqqında Bəyannaməsində və Dostluq Münasibətləri Bəyannaməsində ifadə olunmuşdur. BƏM qeyd edir ki, Dostluq Münasibətləri Bəyannaməsi adət hüququnu əks etdirir və orada ifadə olunan prinsiplər bütün dövlətlər üçün məcburidir.
Dostluq Münasibətləri Bəyannaməsi vurğulayır:
“Hər bir dövlət digər bir dövlətdə daxili qarşıdurma və ya terror aktlarını təşkil etməkdən, təşviq etməkdən, dəstək verməkdən və ya onlarda iştirak etməkdən, yaxud öz ərazisində belə aktların törədilməsinə yönəlmiş təşkil olunmuş fəaliyyətlərə göz yummamaqdan çəkinmək öhdəliyinə malikdir”.
Bu qətnaməyə istinad edərək, BƏM Nikaraqua işində belə qərara gəldi ki, üsyançıların silahlandırılması və təlim keçməsi güc tətbiqi prinsipinə ziddir. Ümumiyyətlə, dövlət başqa bir dövlətin ərazisində güc tətbiqini ehtiva edən fəaliyyətləri dəstəkləyə bilməz. Bundan başqa, dövlət öz ərazisində başqa dövlətin ərazisinə qarşı güc tətbiqinə yönəlmiş fəaliyyətlərin həyata keçirilməsinə də icazə verə bilməz. Dövlətlər buna görə digər dövlətin ərazisində fəaliyyət göstərən üsyançılara silah və təlim şəklində dəstək verə bilməz, habelə öz ərazilərini başqa dövlətə qarşı hərbi əməliyyatların bazası kimi istifadəsinə icazə verə bilməzlər.
Nəticə olaraq, beynəlxalq hüquq dövlətlərin ərazi bütövlüyünü və dövlətlərə bir-birinin sərhədlərinə hörmət etmək öhdəliyi qoyur. Qeyri-dövlət subyektləri adətən bu prinsiplə birbaşa hədəfə alınmır, lakin bəzi hallarda, xüsusilə qeyri-dövlət subyektləri müəyyən ərazidə sabit hakimiyyət qurduqda prinsip onlara da tətbiq oluna bilər. Digər hallarda isə, ərazi bütövlüyün pozulması yalnız dövlətlə əlaqədə müəyyən edilir. Bu pozuntu ya birbaşa - güc tətbiqinin dövlətə aid edilə bildiyi zaman, ya da dolayı - üsyançılara dəstək göstərilməsi şəklində baş verə bilər.
[1] Montevideo Convention on the Rights and Duties of States. (n.d.). The Faculty of Law. https://www.jus.uio.no/english/services/library/treaties/01/1-02/rights-duties-states.html
[2] United Nations. (n.d.). United Nations Charter (full text) | United Nations. https://www.un.org/en/about-us/un-charter/full-text
[3] İbid 2.7
[4] United Nations. (n.d.-b). Universal Declaration of Human Rights | United Nations. https://www.un.org/en/about-us/universal-declaration-of-human-rights?ysclid=mecqx71j7w363966622
[5] Vugar, M. (2002). BEYNƏLXALQ CİNAYƏT MƏHKƏMƏSİNİN ROMA STATUTU.
[6] Supra note 1
[7] Gemeral Theory of Law and State : Hans Kelsen : Free download, borrow, and streaming : Internet Archive. (2017, January 16). Internet Archive. https://archive.org/details/in.ernet.dli.2015.275056/page/n245/mode/1up?view=theater
[8] Shaw, M. N., QC. (2008). INTERNATIONAL LAW (Sixth edition). Cambridge University Press. https://www.cambridge.org/9780521899291
[9] United Nations. (1949). Draft Declaration on Rights and duties of States. In Yearbook of the International Law Commission (pp. 287–288).
[10] Krasner, S. D. (1999). Sovereignty: organized hypocrisy. In Book Reviews. Princeton University Press. https://static.cambridge.org/content/id/urn:cambridge.org:id:article:S1468109900220185/resource/name/S1468109900000189a.pdf
[11]Sovereignty (Stanford Encyclopedia of Philosophy). (2024, September 17). https://plato.stanford.edu/entries/sovereignty/
[12] Lee, D. (2021). Defining the rights of sovereignty. AJIL Unbound, 115, 322–327. https://doi.org/10.1017/aju.2021.44 (accessed on 20.08.2025)
[13] İbid
[14] İbid
[15] Supra note 7
[16] Introduction to International Law by J.G. Starke : Free download, borrow, and streaming : Internet Archive. (2021, September 17). Internet Archive. https://archive.org/details/introduction-to-international-law/page/122/mode/2up
[17] Wolff, Stefan. 2002. Disputed Territories: The Transnational Dynamics of Ethnic Conflict Settlement. New York and Oxford: Berghahn
[18] İbid
[19] Malcolm N. Shaw – International law, sixth edition, page 14
[20] A. W. Heffter, Das Europäische Völkerrecht der Gegenwart, 1844, § 33:
[21] General Treaty for the Re-Establishment of Peace between Austria, France, Great Britain, Prussia, Sardinia and Turkey, and Russia (1855-1856), 30.3.1856, CTS 114, 409, Article 7.
[22] W. Wilson, 65th Cong., 2d sess., Congressional Record Vol. 56, 8.1.1918, 681.
[23] the Dumbarton Oaks Proposal for the Establishment of a General International Organization, UNCIO Vol. III, 1. The initial proposal for the provision that became Article 2 (4) of the UN Charter read: “All members of the Organization shall refrain in their international relations from the threat or use of force in any manner inconsistent with the purposes of the Organization.”
[24] Declaration on Principles of International Law concerning Friendly Relations and Cooperation among States in accordance with the Charter of the United Nations, page 2
[25] L.H.Hüseynov. BEYNƏLXALQ HÜQUQ. Dərslik. Bakı: Qanun Nəşriyyatı, 2012, səhifə 39
[26] Kelsen’s General Theory of Law and State. See particularly Chapter II: “II. The Elements of the State”, under section A. The Territory of the State
[27] Uganda v Commissioner of Prisons, ex parte Matovu, High Court of Uganda, 02 February 1967
Nərmin Məmmədova
Dövlət Sosial Müdafiə Fondunun mütəxəssis hüquqşünası
İlham Həsənov
“Azerbaijan Poultry Company” MMC-də hüquq məsləhətçisi