Azərbaycan Konstitusiyası və Heydər Əliyevin tarixi rolu: Suverenliyin hüquqi təməli


  • 16:55

Dövlətlərin inkişaf yolunda Konstitusiya siyasi sabitliyinin, hüquqi sisteminin və milli kimliyinin əsas sütunudur. Azərbaycan Respublikasının Konstitusiyası isə sadəcə hüquqi sənəd deyil, həm də milli suverenliyimizin, dövlət müstəqilliyimizin və azərbaycançılıq ideyasının hüquqi təcəssümüdür.

12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin əsasını qoydu, xalqın iradəsini qanun səviyyəsinə yüksəltdi və ölkəmizi beynəlxalq hüququn bərabərhüquqlu subyekti kimi təsdiqlədi.

2025-ci il bu mənada Azərbaycan üçün xüsusi rəmzi məna daşıyır. Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlətin hüquqi əsaslarının yaradılmasında və möhkəmləndirilməsində Konstitusiyanın strateji əhəmiyyətini yenidən ön plana çıxarır.

Azərbaycan Konstitusiyasının hazırlanması və qəbul prosesi Ümummilli Lider Heydər Əliyevin siyasi uzaqgörənliyi, hüquqi təfəkkürü və dövlətçilik fəlsəfəsi ilə birbaşa bağlıdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni dərin siyasi və hüquqi böhrandan çıxarmaqla yanaşı, dövlətin hüquqi bünövrəsini formalaşdırmaq üçün sistemli addımlar atdı.

1994-cü ildə onun rəhbərliyi ilə yaradılan Konstitusiya Komissiyası müstəqil, demokratik, hüquqi və dünyəvi dövlətin konstitusion modelini işləyib hazırladı. 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq referendumu ilə bu sənəd qəbul edildi və bununla da Azərbaycan öz dövlət quruculuğunun yeni mərhələsinə qədəm qoydu.

Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən Konstitusiya:

1. Azərbaycan xalqının dövlət suverenliyini və hüquqi müstəqilliyini bərpa etdi;

2. Hakimiyyət bölgüsü prinsipi əsasında müasir idarəetmə sistemini formalaşdırdı;

3. İnsan və vətəndaş hüquq və azadlıqlarını dövlətin ali məqsədi kimi təsbit etdi;

4. Dövlətin ərazi bütövlüyü və toxunulmazlığını konstitusion dəyərə çevirdi.

Ümummilli Lider bu tarixi günlə əlaqədar bildirmişdir ki: “Bu Konstitusiya Azərbaycan xalqının müstəqillik iradəsinin və dövlətçilik düşüncəsinin məhsuludur. O, gələcək nəsillər üçün azadlığın və suverenliyin təminatıdır.”

Azərbaycan Respublikasının Konstitusiyası yalnız dövlətin ali hüquqi aktı deyil, həm də xalq suverenliyinin və dövlət müstəqilliyinin hüquqi ifadəsidir. Konstitusiyanın preambula hissəsində yer alan “Azərbaycan xalqı… öz dövlət müstəqilliyini bərpa edərək, 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edir” müddəası sıradan bir deklarativ bənd deyil. Bu norma hüquqi baxımdan konstitusion identiklik və dövlətin tarixi legitimlik prinsipi kimi çıxış edir.

Bu ifadə vasitəsilə Azərbaycan xalqı bir tərəfdən dövlətçilik ardıcıllığını (AXC - Müstəqil Azərbaycan Respublikası) təsdiq edir, digər tərəfdən isə beynəlxalq hüquq subyekti kimi varislik hüququnu konstitusion səviyyədə elan edir.

Bu, BMT Nizamnaməsində və 1970-ci il tarixli “Dövlətlər arasında dostluq münasibətləri prinsipləri haqqında Bəyannamə”də əks olunmuş “xalqlsrının öz müqəddəratını təyinetmə hüququ”nun milli hüquq müstəvisinə gətirilməsi deməkdir. Azərbaycan Konstitusiyası bu prinsipi hüquqi sistemə daxil etməklə suverenliyin təkcə siyasi deyil, normativ və hüquqi əsasını formalaşdırdı.

Konstitusiyanın 2-ci maddəsi Azərbaycan dövlətçiliyinin fəlsəfi və hüquqi bünövrəsini təşkil edir:

“Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur.

Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum, habelə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir”.

Bu müddəa hüquqi doktrinada “xalq suverenliyi konsepsiyası” kimi tanınır və Jan Jak Russonun “Ümumi iradə” nəzəriyyəsi, eləcə də Hans Kelsenin normativ hüquq sistemi prinsipləri ilə uzlaşır.

Bu prinsip Azərbaycan hüquq sistemində dövlət hakimiyyətinin mənbəyini və sərhədlərini müəyyən edən əsas normativ çərçivə kimi çıxış edir.

1995-ci il Konstitusiyasının qəbulu zamanı postsovet məkanında qəbul edilən əsas qanunlarla müqayisədə Azərbaycan modeli unikal idi. Belə ki, Rusiya və Qazaxıstan konstitusiyalarında suverenlik daha çox “dövlətin müstəqilliyi” kimi ifadə olunurdusa, Azərbaycan Konstitusiyasında xalq suverenliyi prioritet elan edildi. Bu yanaşma həm demokratik legitimliyin, həm də xalq iradəsinin hüquqi təsbitinin daha mükəmməl formasıdır.

Azərbaycan Konstitusiyası eyni zamanda ərazi bütövlüyü və müstəqilliyin qorunması prinsiplərini konstitusion statusa qaldırmaqla beynəlxalq hüququn əsas prinsiplərini - suveren bərabərlik, ərazi bütövlüyü və müdaxiləsizlik - milli hüquq sisteminə inteqrasiya etdi.

Bu müddəalar sonrakı illərdə, xüsusilə 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etməsi zamanı - dövlətin legitim hüquqi əsasını və beynəlxalq hüquqa uyğun fəaliyyət çərçivəsini müəyyənləşdirdi.

Ümummilli Lider Heydər Əliyevin yaratdığı hüquqi-siyasi baza üzərində Prezident İlham Əliyev Konstitusiya inkişafının yeni mərhələsini reallaşdırdı.

2002, 2009 və 2016-cı illərdə keçirilən referendumlar Konstitusiyaya mühüm dəyişikliklər etdi. Dövlət orqanları arasında səlahiyyət bölgüsünü və tarazlığı təkmilləşdirdi, Məhkəmə-hüquq sistemini beynəlxalq standartlara yaxınlaşdırdı, vətəndaş cəmiyyəti və ictimai nəzarət mexanizmlərini gücləndirdi.

Bu islahatlar hüquqi dövlətin çevikliyini artırdı və xalqın konstitusion hüquqlarının təminatı baxımından Azərbaycanı regionun ən sabit hüquqi sistemlərindən birinə çevirdi.

Beləliklə, Azərbaycan Konstitusiyası hüquq nəzəriyyəsində “suverenlik aktı” hesab olunur - yəni dövlətin varlıq, özünüidarə və hüquqi iradə hüququnun normativ ifadəsidir. Azərbaycan dövlətçiliyinin hüquqi əsasını Heydər Əliyevin siyasi iradəsi və dövlətçilik konsepsiyası ilə əlaqələndirir.

Bu səbəbdən Azərbaycan Konstitusiyası təkcə hüquqi sənəd deyil, milli suverenliyimizin siyasi manifesti, dövlətçiliyimizin ideoloji təməli və azərbaycançılıq məfkurəsinin hüquqi ifadəsidir.

Heydər Əliyevin qurduğu konstitusion sistem bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha güclü, çevik və xalqın rifahına yönəlmiş müasir dövlət modelinə çevrilib.

Polad Mehdi

Vəkillər Kollegiyasının üzvü

Oxşar xəbərlər