Xocalı soyqırımının beynəlxalq hüquqi əsasları


  • 26 Fevral 17:10

Azərbaycan xalqına qarşı törədilmiş beynəlxalq cinayətlərdən biri də Xocalı soyqırımıdır. Məhz azərbaycanlı olduqlarına görə əvvəlcədən düşünülmüş niyyətlə 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindəki Xocalı şəhərində dinc əhalini xüsusi amansızlıq və vəhşiliklə məhv etmişlər. Bir gecənin içərisində Xocalı şəhəri yerlə-yeksan edilmiş, milli mənsubiyyətinə görə dinc əhali qırğına məruz qalmışdır.

Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının əsl mahiyyətini açıqlamış, məhz Ulu öndərin təşəbbüsü ilə 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət vermişdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və geniş vüsət almış “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırım aktı kimi tanınmasında mühüm rol oynayır, bunun nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırım aktı bağlı müvafiq qərarlar qəbul edilir. Artıq bir sıra ölkələrin parlamentlərində, habelə ABŞ-ın bir sıra ştatlarının qanunverici orqanlarında Xocalı soyqırımının tanınması ilə bağlı müvafiq qərarlar qəbul olunmuşdur. Leyla Əliyevanın təşəbbüsü ilə çəkilmiş “Sonsuz dəhliz” sənədli filmi isə Xocalı soyqırımı haqqında dünya ictimaiyyətinin daha dolğun məlumat almasına xidmət edir. Premyerası Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında keçirilmiş sənədli filmdə Xocalı soyqırımının şahidləri olan jurnalistlər Riçardas Lapaitis (Litva) və Viktoriya İvlevanın (Rusiya) faciədən 20 il sonra Azərbaycana gələrək, qətliamdan xilas olmuş şəxslər ilə görüşlərində lentə aldıqları xatirələrdən bəhs edilir, yeni sənədlər, faktlar və xronikalar ilə hadisələrin obyektiv mənzərəsi canlandırılır.

Xocalıda törədilmiş qətliamın əvvəlcədən düşünülmüş qaydada, milli, irqi, etnik və ya dini əlamətlərinə görə konkret bir qrupun tamamilə və ya qismən məhv edilməsi niyyətilə törədilməsi, onun həm beynəlxalq hüquqa, həm də milli qanunvericiliyə əsasən məhz soyqırım olduğunu sübut edir. Beynəlxalq hüquqa görə, soyqırım təcavüz, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri ilə yanaşı sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə olan beynəlxalq cinayətlərin sisteminə aid edilir.

Soyqırım cinayətinin tərkibi bir sıra beynəlxalq hüquqi aktlarda müəyyənləşdirilmişdir. İkinci dünya müharibəsi illərində beynəlxalq cinayətlər törətmiş şəxsləri mühakimə etmək üçün yaradılmış ilk beynəlxalq məhkəmə orqanı olan Nürnberq hərbi tribunalının Nizamnaməsində birbaşa “soyqırım” termini işlədilməsə də, bu cinayətin tərkibini təşkil edən əlamətlər insanlıq əleyhinə cinayətlərin sırasında xüsusi olaraq qeyd edilirdi və faktiki olaraq Nürnberq hərbi tribunalı II Dünya müharibəsinin əsas cinayətkarlarını məhz bu cinayətə görə mühakimə edirdi. Bu amildən çıxış edərək o, dövrün görkəmli siyasi xadimlərindən olan Uinston Çörçill soyqırım cinayətini “adı olmayan cinayət” (“crime without a name”) adlandırmışdır.

Soyqırım cinayətinin əsas tərkib əlamətlərinin sırasında xüsusi niyyətin (məqsədin) olması bu əməli digər beynəlxalq cinayətlərdən və qəsdən adam öldürmədən fərqləndirir. BMT Baş Assambleyasının 11 dekabr 1946-cı il tarixli qətnaməsində soyqırım beynəlxalq hüquq normalarını pozan, BMT-nin ruhuna və məqsədlərinə zidd cinayət elan edilir. Soyqırım cinayətinin hüquqi əsası (adı, anlayışı və tərkibinin zəruri əlamətləri) BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya ilə müəyyən olunmuşdur. Konvensiyanın preambulasında qeyd olunduğu kimi, soyqırımının bütün tarix boyu bəşəriyyətə böyük itkilər gətirdiyini etiraf edərək, bəşəriyyəti bu mənfur bəladan xilas etmək üçün beynəlxalq əməkdaşlığın zəruriliyini nəzərə alaraq bu Konvensiya qəbul olunmuşdur. Konvensiyaya görə soyqırım hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə edilən aşağıdakı hərəkətlərdir: bu cür qrup üzvlərinin öldürülməsi; belə qrup üzvlərinə ağır bədən xəsarəti, yaxud əqli pozğunluq yetirilməsi; hər hansı qrup üçün qəsdən onun tam, yaxud bir qisminin fiziki məhvini nəzərdə tutan tədbirlərin görülməsi; uşaqların zorla bir insan qrupundan alınıb başqasına verilməsi.

Analoji müddəalar Yuqoslaviya və Ruanda beynəlxalq cinayət tribunallarının nizamnamələrində (müvafiq olaraq 4-cü və 3-cü maddələr), Beynəlxalq Cinayət Məhkəməsinin Statutunda (6-cı maddə) və bəzi dövlətlərin cinayət qanunvericiliyində əks olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü maddəsinə əsasən, hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə soyqırım kimi tövsif edilir.

Konvensiyanın iştirakçı dövlətləri sülh, yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq soyqırımın beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edir və onun qarşısını almaq və onun törədilməsinə görə cəzalandırmaq üçün tədbirlər görməyi öhdələrinə götürmüşlər. Konvensiyaya əsasən soyqırım, soyqırımı törətmək məqsədilə sui-qəsd, soyqırımına birbaşa və açıq təhrikçilik, soyqırımına cəhd, soyqırımında iştirak etmək əməlləri cəzalandırılır. Soyqırım cinayətinə görə məsuliyyət universal olduğundan bununla bağlı digər dövlətlər də müvafiq tədbirlər görə bilərlər. Belə ki, Konvensiyanın əsasında duran prinsiplər, BMT Beynəlxalq Məhkəməsi tərəfindən bütün dövlətlər üçün məcburi xarakter daşıyan normalar kimi tanınmışdır. Konvensiyada qeyd edilir ki, soyqırımı həyata keçirmiş şəxslər konstitusiyaya görə məsul şəxs olmasından asılı olmayaraq cəzalandırılmalıdırlar. Soyqırım cinayətini törətmiş şəxslərin cəzalandırılması mütləqdir. Konvensiyanın 5-ci maddəsinə əsasən, iştirakçı-dövlətlər soyqırım cinayətini törətməkdə təqsirli olan şəxslərin cəzalandırılması üçün təsirli tədbirlər görməlidirlər. Həmin şəxslər ya dövlətin ərazisində səlahiyyətli məhkəmələrdə, yaxud da beynəlxalq məhkəmə tərəfindən mühakimə edilməlidirlər. Soyqırım cinayəti törətməkdə təqsirli bilinən şəxslərin ekstradisiyasına gəlincə isə, Konvensiyaya əsasən, belə şəxslərin təhvil verilməsinə münasibətdə soyqırım siyasi cinayət sayılmır. Deməli, soyqırım cinayətini törətmiş şəxslərə sığınacaq hüququ şamil edilmir. Onu da qeyd etmək lazımdır ki, 26 noyabr 1968-ci il tarixli “Müddətin hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə tətbiq edilməməsi haqqında” Konvensiya imkan verir ki, törədilmə vaxtından asılı olmayaraq soyqırım cinayəti törətmiş şəxslər istənilən vaxt cinayət məsuliyyətinə cəlb edilsinlər. Yeri gəlmişkən, 12 may 2006-cı ildə “”Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu qəbul edilmişdir.

BMT Baş Assambleyasının 3 dekabr 1973-cü il tarixli qətnaməsi ilə qəbul edilmiş “Hərbi cinayətlərin, bəşəriyyətə qarşı cinayətlərin törədilməsində təqsiri olan şəxslərin aşkara çıxarılması, həbs edilməsi, təhvil verilməsi və cəzalandırılmasına dair beynəlxalq əməkdaşlığın prinsipləri”nə müvafiq olaraq, hərbi cinayətlərin (əslində müharibə cinayətləri nəzərdə tutulur), bəşəriyyətə qarşı cinayətlərin törədilməsində təqsiri olan şəxslərin məhkəmə təqibinin və cəzalandırılmasının təmin edilməsinə yönəldilmiş beynəlxalq tədbirlərin görülməsinə xüsusi zərurət vardır. Hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlər nə vaxt və harada törədilməsindən asılı olmayaraq tədqiq edilməli, belə cinayətləri törətdikləri barəsində dəlillər olan şəxslər isə axtarılmalı, həbs edilməli, məsuliyyətə cəlb olunmalı və cəzalandırılmalıdırlar.

Beləliklə, ermənilər tərəfindən Xocalı əhalisinə qarşı törədilmiş əməllər beynəlxalq hüquqa müvafiq olaraq beynəlxalq cinayət – soyqırım kimi qiymətləndirilməlidir. Beynəlxalq hüquqa əsasən soyqırımı törədənlərin cəzalandırılması onun törədilməsi vaxtından asılı olmayaraq zəruridir. Müvafiq olaraq, azərbaycanlılara qarşı soyqırım törətmiş (istər cinayətin bilavasitə icraçıları, istərsə də təşkilatçıları) şəxslər, vəzifə mövqeyindən asılı olmayaraq (cinayətkarın dövlət başçısı və ya vəzifəli şəxs qismində çıxış etməsi ona immunitetdən istifadə etmək imkanı vermir) cinayət məsuliyyətinə cəlb edilməli və səlahiyyətli dövlətdaxili məhkəmədə, yaxud da ad hoc qaydasında yaradılan beynəlxalq tribunal qarşısında cavab verməlidirlər. Həmçinin, soyqırım cinayətini törətmiş şəxsləri dəstəkləyən və soyqırımının dövlət siyasətinin tərkib hissəsi təşkil etdiyi Ermənistan dövləti beynəlxalq-hüquqi məsuliyyətə cəlb edilməlidir. Xocalıda törədilmiş soyqırım genişmiqyaslı hərbi əməliyyatın tərkib hissəsi kimi çıxış edir. Bu baxımdan Ümummilli lider Heydər Əliyevin aşağıdakı ifadəsini xatırlatmaq yerinə düşərdi: “Soyqırım strategiyası Ermənistanın Azərbaycana qarşı təcavüzünün tərkib hissəsinə çevrilmişdir”.

Göründüyü kimi, Xocalıda törədilmiş cinayət əməllərinin soyqırım kimi tanınması və qiymətləndirilməsi, həmçinin cinayətkarların cəzalandırılması üçün kifayət qədər hüquqi əsas vardır. Azərbaycana qarşı törədilmiş cinayətlərlə bağlı 297 nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və İnterpol vasitəsilə axtarışa verilib. Lakin indiyədək onlardan heç biri saxlanılaraq Azərbaycana təhvil verilməyib. İkili standartların mövcudluğunu, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərinin tərkibini nəzərə alaraq, Xocalı soyqırımı üzrə beynəlxalq tribunalın yaradılması yaxın perspektivdə real görsənmir. Xocalı soyqırımından 32 il ötür. Nə qədər ki, bu soyqırım aktının canlı şahidləri, sağ qalan zərərçəkənlər həyatdadır Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinın müddəaları əsasında Xocalı soyqırımı üzrə qiyabi mühakimənin keçirilməsi zəruridir. Belə ki, Cinayət Prosessual Məcəllənin “Cinayət təqibi üzrə qiyabi icraatın açılması” adlanan 467-13-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100–119, 137, 144–145, 178, 179, 182, 193-1, 204, 205, 206, 206-1, 208, 214–219-1, 228, 274–283-1, 308–314-3, 318, 318-1, 319 və 324-cü maddələri, eləcə də həmin maddələrlə yanaşı eyni bir cinayət işi çərçivəsində cinayətlərin məcmusu üzrə həmin Məcəllənin digər maddələri ilə ittiham olunan təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının ərazisindən kənarda istintaqdan və ya məhkəmədən gizləndiyi və ya çağırışa gəlməkdən qəsdən boyun qaçırdığı üçün cinayət prosesində şəxsən iştirakının təmin edilməsi mümkün olmadıqda onun barəsində cinayət təqibi qiyabi icraat qaydasında aparıla bilər.

Beynəlxalq təcrübədə qiyabi mühakimə Nürnberq tribunalının Nizamnaməsinin 12-ci maddəsi əsasında Adolf Hitlerin şəxsi katibi Martin Bormana münasibətdə baş vermişdir. Deyilənləri nəzərə alaraq, Xocalı soyqırımı üzrə cinayət və cinayət-prosessual qanunvericilikləri əsasında milli məhkəmə prosesinin keçirilməsi və cinayətkarlara qarşı qiyabi də olsa məhkəmə hökmünün çıxarılması hüquqi baxımdan olduqca əhəmiyyətlidir. Hələ həyatda olan soyqırım şahidlərinin ifadələri məhkəmə protokollarında, çıxarılacaq hökmdə öz əksini tapmalıdır. Fikrimcə, bu məsələdə cinayətkarların ekstradisiyasına nail olmadığına görə qiyabi mühakimə icraatını tətbiq edən Livan Xüsusi Tribunalının və Banqladeş Beynəlxalq Cinayətlər Tribunalının təcrübəsini nəzərə almaq olar.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın azad edilməsi, konstitusiya quruluşu və suverenliyimizin tam bərpa edilməsi əli dinc azərbaycanlıların qanına batmış şəxslərin həbs olunmasına zəmin yaratdı.

Azər­baycan Respublikası Cinayət Məcəlləsi­nin 103-cü (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçür­mə) maddələri ilə təqsirləndirilən Xocalı rayonunun Meşəli kəndində soyqırımı törədənlərdən biri Vaqif Xaçaturyanın Laçın sərhəd-keçid məntəqəsində saxlanılaraq istintaqa cəlb edilməsi və məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilməsi onu deməyə əsas verir ki, Xocalı soyqırımını törətmiş digər şəxslər də Azərbaycan qanunları qarşısında cavab verəcəklər.

Zaur Əliyev

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı

Oxşar xəbərlər