- 21:46
Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. Eyni zamanda, bu reallıq da daim önə çəkilir ki, tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Keçmişini unutmayan, bu günü ilə qürur duyan, gələcəyə böyük inamla addımlayan xalq tarixin sərt sınaqlarından şərəflə çıxır. Azərbaycan xalqı daim yenilməzliyi, məğrurluğu ilə dünyanın diqqətindədir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində Ermənistana sülh müqaviləsinin imzalanması təklifindən bəhs edərkən söylədiyi fikirləri bir daha yada salmaq istərdik: “İnanın ki, bunu demək mənə çox çətindir, həm Prezident kimi, həm də adi insan kimi. Mən işğaldan azad edilmiş ərazilərə gedəndə sizin və hər bir azərbaycanlının keçirdiyi hissləri keçirirəm. Bizim hamımızı ruhlandıran hisslər barədə danışmağa ehtiyac yoxdur. Buna baxmayaraq, keçirdiyimiz iztirablara, ağrılara, bizə əziz olan hər şeyin dağıdılmasına baxmayaraq, biz sülh barədə danışırıq. Başa düşürsünüzmü, bu, həm siyasi baxımdan, həm də insaniyyət baxımından asan deyil. Lakin bunun Azərbaycanın uzunmüddətli maraqlarına uyğun olduğunu başa düşdüyümüz üçün biz bunu təklif edirik. Lakin bu, masa üzərində bir müddət olacaq. Sonra, necə deyərlər, xüsusi fəallıq göstərməyəcəyik. İstəmirlər – heç lazım da deyil.”
Dövlət başçısı İlham Əliyevin bu fikirləri Azərbaycan xalqının 30 illik işğal dövründə hansı faciələrlə, təxribatlarla üz-üzə olduğunu, soyqırımı və deportasiya siyasətinə məruz qaldığını açıqlayır. Amma bunlara rəğmən Azərbaycan bölgədə sabitliyin, sülhün, təhlükəsizliyin dayanıqlılığını təmin etmək, Ermənistanla münasibətlərində yeni səhifə açmaq üçün sülh müqaviləsinin imzalanmasını təklif etdi. Ermənistan isə yenə də havadarlarından asılılığını gizlədə bilmir.
Tarixi faktlar təsdiqləyir ki, son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə ardıcıl şəkildə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə siyasəti aparıblar. Xocalı soyqırımı erməni millətçiləri və onların havadarlarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasətinin ən qanlı səhifəsidir. Dünyanın gözü qarşısında baş vermiş, qəddarlığı və amansızlığı ilə fərqlənən bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət birbaşa Ermənistanın o zamankı rəhbərliyinin üzərinə düşür. Xocalı erməni silahlı birləşmələrinin ölkəmizə təcavüzünün kulminasiya nöqtəsi idi. Erməni faşistlər aylarla mühasirədə saxladıqları bu dinc şəhəri öz havadarları ilə birgə bir gecənin içində yerlə-yeksan etdilər. Dinc əhaliyə amansızlıqla divan tutuldu, 613 nəfər qətlə yetirildi, 1275 nəfər girov götürüldü, 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl insandır. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, insanlar diri-diri yandırılıb, onlara ağlasığmaz işgəncələr verilib. Xocalı faciəsi dünyaya ermənilərin nə qədər vəhşi millət olduğunu nümayiş etdirir. Amma dünya susmaqla ədalətin, beynəlxalq hüququn əksər dünya gücləri tərəfindən necə maraqların arxasında yox edildiyini açıqlayır. Bu reallıq inkaredilməzdir ki, bir cinayətin cəzasız qalması digər cinayətlərə əsas verir. Çox da uzaq olmayan tarixə- 44 günlük İkinci qarabağ müharibəsinin getdiyi dövrə nəzər salaq. Döyüş meydanında məğlubiyyəti ilə barışmayan Ermənistan silahlı qüvvələri iki dəfə Gəncəni, bir dəfə Bərdəni, Tərtəri və digər yaşayış məntəqələrimizi paket atəşinə tutdu, onlarla insanın ölümünə, yüzlərlə insanın yaralanmasına və nə qədər böyük dağıntılara səbəb oldular. Gəncədə, Bərdədə törədilən terror aktları Xocalı soyqırımının davamı kimi dəyərləndirildi. İşğalçı dövlət cinayət əməlləri ilə beynəlxalq hüququn fundamental prinsiplərinə, həmçinin beynəlxalq humanitar hüquq və Cenevrə konvensiyalarına məhəl qoymadığını açıq-aşkar nümayiş etdirdi. Dövlət başçısı İlham Əliyev törədilən bu cinayətləri erməni faşizminin növbəti təzahürü kimi qeyd edərək bildirmişdir ki, Ermənistanın bu alçaq əməlləri Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırmışdır.
Bunlar 44 günlük İkinci Qarabağ müharibəsinin reallıqları idi. Dünyaya səs salan möhtəşəm Zəfərimiz şəhidlərimizin, baş verən terror aktları zamanı həlak olanların qanını yerdə qoymadı. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Bayrağı dalğalanır. Artıq xalqımız torpaqlarımızın işğal deyil, işğaldan azad edildikləri tarixi böyük qürur hissi ilə qeyd edir. Azərbaycan xalqı bird aha yenilməz, məğrur xalq olduğunu bir daha dünyaya nümayiş etdirdi. Bu gün xalqımız Xocalı faciəsi qurbanlarının xatirəsini qalib ölkə, məğrur xalq olaraq anır.
Dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Lidise, Sonqmi, Ruanda kimi faciələrlə eyni sırada dayanan Xocalı faciəsinin soyqırımı kimi tanıdılması istiqamətində atılan addımlar uğurlu nəticələrini verir. Artıq üçüncü ildir ki, xalqımız Bakıdakı Xocalı soyqırımı abidəsini alnıaçıq, başıuca ziyarət edir. Çünki düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz onların cavabını döyüş meydanında verdik, bütün şəhidlərimizin qisasını aldıq, onların qanları yerdə qalmadı.
Tarixi Zəfərimizdən iki ildən artıq vaxt keçməsinə baxmayaraq hər an, hər gün bu Qələbənin sevincindən, dövlətimizin qətiyyətindən, rəşadətli ordumuzun gücündən, qüdrətindən, xalqımızın birliyindən, həmrəyliyindən bəhs etməkdən qürur hissi keçiririk. Bu sevinci, qüruru bizlərə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Ordusuna minnətdarlığımızı ifadə edir, şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik. Haqqın, ədalətin sonda qalib gələcəyi şübhəsizdir.
Güclü siyasi iradə, möhkəm iqtisadi potensial, qüdrətli ordu, xalq-lider vəhdəti, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq tarixi Qələbəni təmin etdi. Soydaşlarımzın 30 illik torpaq həsrətinə son qoyuldu, ərazi bütövlüyümüz təmin olundu. Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Ağdamda, Laçında, Kəlbəcərdə, Şuşada üçrəngli bayrağımız dalğalanır. Bu günümüzün reallıqları ümummilli lider Heydər Əliyevin vaxtilə işğal altında olan ərazilərimiz haqqında söylədiyi fikirləri yada salmağa çağırış edir: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik.” Ulu Öndərin bu arzularını reallığa çevirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edildiyi gün xalqımıza müraciətində böyük qururla bu fikirləri səsləndirdi: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Faciələrimizi unutmamalı, tariximizin saxtalaşdırılmasına yol verməməliyik. Xocalı soyqırımına qədər ermənilər Qarabağda azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmişdilər. 1992-ci il fevralın 12-də Şuşanın Malıbəyli və Quşçular kəndlərində törədilmiş qarət və qırğınlar nəticəsində təkcə Malıbəyli kəndində 50 nəfər öldürülmüş, onlarla insan yaralanmış və əsir götürülmüşdü. 1992-ci il fevralın 17-də Ermənistan silahlı qüvvələrinin və Xankəndidəki 366-cı motoatıcı alayın Xocavənd rayonunun Qaradağlı kəndində törətdiyi qırğın nəticəsində kəndin hər 10 sakinindən biri şəhid olub, 104 nəfər və müdafiə dəstəsinin 15 üzvü əsir götürülüb, onlardan 80 nəfəri qətlə yetirilib. Öldürülənlərdən 10-u qadın, 8-i uşaqdır. Ümumilikdə Qaradağlı 1988-1992-ci illərdə 305 dəfə düşmən hücumuna məruz qalmışdı. Bu, Xocalıya aparan yolun başlanğıcı idi. Qaradağlı faciəsinə amansızlığın miqyasına görə ikinci Xocalı da deyirlər. Əhalisi 7 min nəfər olan Xocalı isə Qarabağda ən böyük yaşayış məntəqələrindən biri idi. Xankəndidən 10 kilometr cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşən Xocalıya 1990-cı ildə şəhər statusu verilmişdi. 1991-ci ilin oktyabrından Xocalı mühasirəyə alınmışdı. Şəhərə aparan bütün avtomobil yolları bağlanmışdı, yeganə nəqliyyat vasitəsi yalnız vertolyot idi. Xocalıya sonuncu vertolyot isə 1992-ci il yanvarın 28-də enmişdi. Şuşa səmasında mülki vertolyotun vurulması, 40 nəfər azərbaycanlının həlak olması ilə şəhərlə hava əlaqəsi də kəsilmişdi. Yanvarın 2-dən Xocalıya elektrik enerjisinin verilməsi dayandırılmışdı. Şəhər sakinləri ancaq öz fədakarlıqları və qəhrəmanlıqları sayəsində dayanır, müqavimət göstərir və yaşayırdılar. Şəhər çox az sayda avtomat və ov tüfəngləri ilə silahlanmış yerli özünümüdafiə dəstəsi, yerli milis qüvvələri və Milli Ordunun kiçik heyətli döyüşçüləri tərəfindən müdafiə olunurdu. Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələri tərəfindən mühasirəyə alındı və hər gün topların, ağır texnikanın atəşinə, erməni dəstələrinin həmlələrinə məruz qaldı. Şəhərə amansız hücuma hazırlıq fevralın 25-də axşam sovet ordusunun 366-cı alayının hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başladı. Şəhərə 5 istiqamətdən hücum edildiyinə görə, əhali Əsgəran istiqamətində qaçmaq məcburiyyətində qalmışdı. Amma tezliklə aydın oldu ki, bu da məkrli hiylə imiş. Erməni silahlı dəstələri Naxçıvanik kəndi yaxınlığında əhalinin qarşısını kəsdi və onları gülləbarana tutdu. Qarlı aşırımlarda və meşələrdə taqətdən düşən insanların çoxu məhz Əsgəran-Naxçıvanik düzündə xüsusi qəddarlıqla qətlə yetirildi. Bunlar tarixdir. Tarix faktlara əsaslanmaqla yanaşı, saxtakarlığı da sevmir. Azərbaycan dövləti erməni vəhşiliklərinin dünyaya çatdırılması, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı hadisəsinin soyqırımı kimi tanıdılması istiqamətində məqsədyönlü siyasət həyata keçirir. Qeyd etdiyimiz kimi, yalan üzərində qurulan təbliğatın ömrü qısa olar. Ermənilər özlərinə saxta tarix yazıb dünyanı yalanlarına inandırmaq üçün cəhdlər göstərmələrinə, buna az da olsa inandırdıqlarına baxmayaraq yenə də sonda qalib gələn həqiqət, ədalət, beynəlxalq hüquq oldu. Əbəs yerə 44 günlük İkinci Qarabağ müharibəsi həqiqət anı kimi dəyərləndirilmir. Bir daha sübut olundu ki, kim haqqın, ədalətin, kim isə şərin yanındadır. Cənab İlham Əliyevin Vətən müharibəsinin getdiyi dövrlərdə 30-dan artıq xarici mətbuata müsahibələrinin hər biri Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması üçün zəngin mənbədir. Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərində tarixi həqiqətlərə, real faktlara əsaslanan siyasətimiz öz sözünü dedi. Azərbaycan nəinki döyüş meydanında, eləcə də informasiya cəbhəsində üstünlüyünü dünyaya sübut etdi.
Əvvəldə də qeyd etdiyimiz kimi, xalqımız yaşadığımız faciələri, xalqımızın yaşadığı acıları, torpaq, Vətən yolunda canlarında keçən şəhidlərimizi unutmur. Ermənilərin Xocalıda azərbaycanlılara qarşı həyata keçirdiyi kütləvi qırğının soyqırımı aktı olmasını beynəlxalq hüququn normaları da təsdiqləyir. Belə ki, soyqırımı cinayətinin hüquqi məzmunu BMT Baş Assambleyasının 1948-ci il 9 dekabr tarixli Qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya" ilə müəyyən edilib. Xocalı soyqırımı mahiyyət etibarilə beynəlxalq cinayət kateqoriyasına aiddir. Azərbaycan xalqı Xocalı faciəsinin qurbanlarının xatirəsini həmişə uca tutur. Hər il paytaxt Bakıda və bölgələrimizdə Xocalı faciəsinin ildönümü tədbirləri yüksək səviyyədə keçirilir. Faciənin dünya miqyasında tanıdılması istiqamətində görülən işlər də təqdirəlayiqdir. Dövlətimiz tərəfindən bu istiqamətdə sistemli tədbirlər həyata keçirilir. Xüsusilə, Heydər Əliyev Fondu bu istiqamətdə fəal iş aparır. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış «Xocalıya ədalət!» beynəlxalq kampaniyası uğurla davam etdirilir. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı soyqırımını qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Azərbaycanlıların amansız soyqırımına dair çoxsaylı faktlar sübut edir ki, bu qətliam Ermənistanın xalqımıza qarşı həyata keçirdiyi sistemli zorakılıq siyasətinin tərkib hissəsi olmaqla yanaşı, insan hüquqları və beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın, digər beynəlxalq sənədlərin tələblərinin pozulmasıdır. Ancaq təəssüf ki, hələ də dünyanın ikili standartlara əsaslanan siyasəti davam edir. Əcnəbi jurnalistlərdən Robet Arekilov, Jani Buyunetti, Tomas Qolds, Yuri Romanov, Tomas Deval bu qanlı faciənin şahidləri olublar. Onlar hadisədən az sonra çəkiliş aparmaq üçün ermənilər tərəfindən dəvət ediliblər. Amerika vətəndaşı Tomas Qolds bildirir ki, bizi Xocalıya dəvət etmişdilər. Ancaq biz bilmirdik ki, burada nə baş verir. Hamımız bu faktın qarşısında aciz qalmışdıq. İnsan insana nə qədər nifrət edə bilər ki, bu böyüklükdə qəddarlığa yol verə bilsin. Jurnalist qeyd edir ki, baş vermiş qanlı hadisədən sonra Xocalıda küçələrə səpələnmiş meyitləri gördük. Bizə deyirdilər ki, heç nədən çəkinməyin meyitlərin üzərindən keçin. Çox vahiməli mənzərə idi. Külək meyitlərin paltarlarını tərpətdikcə qorxunc mənzərə yaranırdı. Soruşdum ki, bəs meyitlərin aqibətləri necə olacaq? Çünki bir azdan bu meyitlərdə cürümə yaranacaqdı. Dedilər ki, siz narahat olmayın, çəkilişdən sonra o meyitlər yığılıb tonqalda yandırılacaq. Bildirdim ki, axı onların içərisində yaralı vəziyyətdə sağ olanları var. Ancaq veclərinə almadılar. Altı-yeddi yaşlarında bir qızcığaz sakit-sakit can verirdi. Ona yaxınlaşanda gözlərinin siqaretlə yandırılmış olduğunu gördüm. Bir az keçdikdən sonra yandırılmış tonqalda qalaqlanmış meyitlərin üzərinə bu qızcağızı da tulladılar.
Hələ sağ vəziyyətdə idi. İmdad diləyirdi. Bu hadisədən sonra uzun müddət özümə gələ bilmədim. Çəkdiyim qısametrajlı film əllərimi yandırdı. Səhər oyandım ki, bütün saçlarım ağarıb.
Robet Arekilov da etiraf edir ki, biz o gündən Ermənistana nifrət etdik…Çünki ermənilərin Qarabağda əliyalın dinc, əhaliyə qarşı apardığı bu soyqırımı hadisəsinin heç bir müdafiə olunası tərəfi yoxdur. Xocalı faciəsinə başçılıq edən Serj Sarkisiyan verdiyi müsahibələrində bir daha bu vəhşiliyi, bu qəddarlığı törədən «qəhrəman» kimi utanmadan, çəkinmədən danışır. «The Times of London» mətbuat agentliyində çalışan jurnalist, «Çornıy Sad» kitabının müəllifi Tomas de Vaala verdiyi müsahibəsində bildirir ki, Xocalı olayına qədər azərbaycanlılar fikirləşirdilər ki, bizimlə zarafat etmək olar, ermənilər dinc əhaliyə əl qaldıra bilməzlər. Biz bu yanlış sindromu sındıra bildik. Baş verənlər göz önündədir…
Qeyd etdiklərimiz Xocalı faciəsinə dünyadan baxışın, ən əsası şahidlərin etiraflarının çox çüzi bir hissəsidir. Erməni vəhşilikləri dünya yazarlarının dili ilə ictimaiyyətə çatdırılır, amma ikili siyasət hadisələrə düzgün dəyər verməyə kölgə salır. Budur, dünya üçün ədalət və beynəlxalq hüquq anlayışlarının önəmi və dəyəri.
Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlandı. Xocalı soyqırımına hüquqi-siyasi qiyməti ilk dəfə ulu öndər Heydər Əliyev verdi. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. Ümummilli Lider 1994-cü il martın 1-də Xocalı soyqırımı ilə bağlı xüsusi Fərman imzaladı. Sonrakı dövrdə Milli Məclisin qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olundu. Ümummilli lider Heydər Əliyev 1997-ci il fevralın 25-də “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” növbəti Fərman imzaladı. Ulu Öndərin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında da bu fakt xüsusi qeyd edilir ki, 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan olunması ilə nəticələndi. Dövlət başçısı İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi, həmin il “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamı tariximizin hər bir səhifəsinin, xüsusilə erməni vəhşiliklərinin təqdimatı olan faciələrmizin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında mühüm rol oynadı.
Dövlət başçısı İlham Əliyev Xocalı soyqırımını törədənlərin ifşa olunmasını və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasını Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Eləcə də, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımına obyektiv qiymət verilməsi məqsədilə davamlı addımlar atılır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasını gördü. Bütün bunların nəticəsidir ki, indiyədək 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 23 ştatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən qətnamə və qərarlar qəbul edib. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatında və Türk Dövlətləri Təşkilatında Xocalı soyqırımının kəskin şəkildə pislənilməsini ehtiva edən qətnamə və bəyanatlar qəbul olunub.
Bu gün Qarabağ, Şərqi Zəngəzur azaddır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağı, Şərqi Zəngəzuru yenidən qururuq. Həyatımızda və ölkəmizin həyatında tamamilə yeni dövrdür. Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq. Bu gün nəinki Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları başını dik tutub. Bizim üzümüz ağdır, alnımız açıqdır. Biz müzəffər xalqıq, qalib dövlətik və bu, əbədi olacaq!
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi faktlara, real həqiqətlərə, ədalətə əsaslanan bu amalımızı da bəyan etdi-Biz Qərbi Azərbaycana qayıtmalıyıq. Cənab İlham Əliyev ötən il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bu istiqamətdə qarşıda dayanan vəzifələri açıqladı və bu əminliyi ifadə etdi ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar.
Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər bir vədi reallıqda öz əksini tapır. Xalqmız tam əmindir ki, bu arzumuz da reallığa çevriləcək.
Rəşad Qoşqarlı
Binəqədi Rayon Məhkəməsinin hakimi