Banqkokda daşqınlar: 3 minə yaxın insan təxliyə edilib


  • 16:00

Taylandın paytaxtı Banqkokda güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində təxminən 3 min nəfər təxliyə edilərək müvəqqəti sığınacaqlara yerləşdirilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə gün davam edən leysan yağışları şəhərin bir çox hissəsində daşqınlara səbəb olub. Nəticədə nəqliyyatın hərəkəti və gündəlik həyat ciddi şəkildə pozulub. Bəzi ərazilərdə yağıntının miqdarı 30 santimetri keçib. Xüsusilə alçaq ərazilərdə yerləşən yaşayış məntəqələri su altında qalıb.

Rəsmilər Banqkokda 200-dən çox müvəqqəti sığınacağın yaradıldığını və daşqınlardan zərər çəkmiş ərazilərdən təxliyə edilən təxminən 3 min nəfərin bu mərkəzlərdə yerləşdirildiyini bildiriblər. Güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində Banqkokun bütün 50 rayonunda fövqəladə hal elan edilib.

Rəsmilər hazırda paytaxtda yağışların səngidiyini və toplanan suların mümkün qədər tez kənarlaşdırılması üçün işlərin davam etdirildiyini qeyd ediblər.

Tayland Meteorologiya Departamenti ölkənin müxtəlif bölgələrində bu gün də orta və güclü intensivlikdə yağışların davam edəcəyini, sabahdan etibarən isə hava şəraitinin yaxşılaşmasının gözlənildiyini açıqlayıb.

Məlumata görə, son 10 gün ərzində ölkə üzrə baş verən daşqınlar nəticəsində azı səkkiz nəfər həyatını itirib. Təbii fəlakət 25 rayonda 545 mindən çox insana zərər vurub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər