Belçikada ərzaq yardımına artan tələbata diqqət çəkmək üçün etiraz aksiyası keçirilib


  • 16:14

Belçikanın paytaxtı Brüsseldə ərzaq yardımına artan tələbat və yardım təşkilatlarının resurslarının azalmasına diqqət çəkmək məqsədilə etiraz aksiyası keçirilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, “Restos du Coeur” ərzaq yardımı təşkilatının çağırışı ilə keçirilən aksiyada nümayişçilər əllərində boş ağ boşqablarla şəhərin mərkəzində toplaşıblar. Qara geyimli aksiya iştirakçıları Kral Meydanı ilə Ədalət Sarayı arasında yerləşən "Rue de la Régence" küçəsinə yığışıb.

Təşkilatçılar bildiriblər ki, Belçikada təxminən 500 min insan ərzaq yardımına ehtiyac duyur.

Belçika Sosial Xidmətlər Federasiyasının Ərzaq Yardımı Koordinasiya Bölməsinin koordinatoru Brijit Qrizar vəziyyətin davamlı olmadığını deyib. Onun sözlərinə görə, hər iki yardım təşkilatından biri mövcud tələbatı qarşılaya bilmədiyini bildirir. "Restos du Coeur" Belçika Federasiyasının direktoru Patrik Dejas isə ehtiyacı olan insanların daha uzun müddət növbələrdə gözlədiyini, paylanan ərzaq bağlamalarının və hazır yeməklərin həcminin azaldığını bildirib.

Fəalların sözlərinə görə, zəruri ərzaq məhsullarının alınması üçün nəzərdə tutulan federal büdcə vəsaitinin 2025-ci ildəki 27 milyon avrodan 2026-cı ildə 15 milyon avroya endirilməsi planlaşdırılır. Yardım təşkilatları artan ehtiyac və azalan resurslar fonunda ərzaq paylanmasının getdikcə çətinləşdiyini bildirirlər.

Təşkilatların məlumatına görə, kirayə, enerji və səhiyyə xərclərini qarşılamaq üçün gəlirləri kifayət etməyən daha çox insan ərzaq yardımına müraciət edir.

Həmçinin bildirilir ki, işsizlik müavinətlərinin verilmə müddətini məhdudlaşdıran yeni qaydalar səbəbindən 2026-cı ildə bəzi şəxslər müavinət almaq hüququnu itirib və bundan sonra ərzaq yardımı üçün müraciət etməyə başlayıblar.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər