- 16:14
Avropanın müdafiə imkanlarında ciddi boşluqlar mövcuddur və diqqət onların aradan qaldırılmasına yönəldilməlidir.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Brüsseldə Aİ müdafiə nazirlərinin toplantısı ərəfəsində jurnalistlərə açıqlamasında deyib.
"Biz çox iş görmüşük. Müdafiə sahəsində investisiyalar artıb. Lakin eyni zamanda müdafiə imkanlarımızda ciddi boşluqlar mövcuddur. İndi əsas diqqəti həmin boşluqların praktiki şəkildə necə aradan qaldırılmasına yönəltməliyik”, - deyə Kallas vurğulayıb.
Onun sözlərinə görə, Aİ üzvü olan ölkələr ümumi daxili məhsullarının (ÜDM) orta hesabla 2,2 faizini müdafiəyə ayırırlar. Kallas bu göstəricinin özlüyündə çəkindirici amil olduğunu qeyd edib.
Aİ rəsmisi, həmçinin kəşfiyyat məlumatlarına əsasən, Rusiyanın Avropa İttifaqını Ukraynaya dəstək verməkdən çəkindirmək məqsədilə təxribat xarakterli fəaliyyətlər planlaşdırdığını bildirib. O, bu məsələdə sayıqlığın vacibliyini vurğulayıb. Kallas Ukraynanın təcili olaraq hava hücumundan müdafiə sistemlərinə ehtiyac duyduğunu deyib. O bildirib ki, Aİ üzv dövlətləri öz ehtiyatlarında olan sistemləri Kiyevə necə ötürə biləcəklərini müzakirə edəcəklər.
Aİ-nin ali nümayəndəsi üzv dövlətləri missiyaya daha çox dəstək verməyə çağıracağını bildirib. O qeyd edib ki, müşayiət tələb edən ticarət gəmilərinin sayı artıb.
Şəbnəm Mehdizadə