ABŞ və İngiltərə universitetlərində məzmun yaradılması üzrə yeni ixtisaslar açılır


  • 15:24

Böyük Britaniya və ABŞ-də universitetlər sosial media üçün məzmun yaradılmasını peşəkar səviyyədə öyrədən bakalavr proqramları təqdim etməyə başlayıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın Nottingham Trent Universiteti 2022-ci ildə istifadəyə verdiyi proqramda tələbələrə video və paylaşım hazırlamaqla yanaşı, auditoriya formalaşdırılması, şəxsi brendin inkişafı, məlumatların təhlili, brendlərlə əməkdaşlıq və gəlir əldə etmə üsulları öyrədilir. Bu istiqamətdə təhsil alan 21 yaşlı Destiny McGowan bildirib ki, proqram ona sosial media ilə biznes bacarıqlarını birləşdirmək imkanı verib. O, təhsil müddətində dəb mövzusunda məzmun hazırlamaqla yanaşı, üçüncü tərəflər üçün videolar çəkərək və TikTok Live vasitəsilə gəlir əldə etməyə başlayıb.

Bununla belə, bu sahədə universitet diplomunun zəruri olub-olmaması müzakirə edilir. "Twitch" və "TikTok"da böyük auditoriyaya malik britaniyalı məzmun yaradıcısı Knightenator hesab edir ki, şirkətlər üçün diplomdan daha çox real bacarıqlar önəmlidir. Digər tərəfdən, məzmun yaradıcısı Aiesha Beasley strukturlaşdırılmış təlimin bu sahəyə yeni başlayanlar üçün faydalı olduğunu düşünür. Proqramların əsas fərqləndirici cəhəti yalnız texniki bacarıqların deyil, həm də məzmunun kommersiyalaşdırılmasının öyrədilməsidir. Tələbələrə brend quruculuğu, auditoriya analitikası, reklam kampaniyalarının nəticələrinin ölçülməsi və müxtəlif gəlir modelləri barədə biliklər verilir.

Bu proqramların qiyməti isə kifayət qədər yüksəkdir. Nottingham Trent və Brayton universitetlərində üçillik təhsilin Böyük Britaniyadan olan tələbələr üçün illik ödənişi 9 790 funt-sterlinqdir. ABŞ-də Arizona Dövlət Universitetində oxşar proqramın ştat sakinləri üçün illik qiyməti 14 724 dollardır.

Universitetlər bu ixtisaslara marağın artmasını yaradıcı iqtisadiyyatın sürətli inkişafı ilə əlaqələndirirlər. Təkcə Böyük Britaniyada "YouTube" məzmun yaradıcılarının iqtisadiyyata təxminən 2,2 milyard funt-sterlinq töhfə verdiyi bildirilir.

Mütəxəssislər isə qeyd edirlər ki, universitet təhsili məzmun strategiyası, istehsal və biznes bacarıqları qazandıra bilər, lakin auditoriyanın böyüməsinə və ya kommersiya uğuruna zəmanət vermir. Sosial media sektorunda uğurun bir hissəsinin şəxsi xüsusiyyətlər və bəxtlə bağlı olması yeni proqramların qarşısında əsas suallardan biri olaraq qalır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər