ABŞ-də alimlər lokal anesteziyanın təsirini həftələrə uzadıb


  • 15:32

ABŞ-da tədqiqatçılar lokal anesteziyanın təsir müddətini əhəmiyyətli dərəcədə uzada bilən metod hazırlayıblar. Siçanlar üzərində aparılan sınaqlarda texnologiya anesteziyanın təsirini saatlardan iki-üç həftəyə qədər uzadıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Boston Uşaq Xəstəxanasının alimləri dərmanı daha yavaş ifraz etmək üçün yağ molekullarından ibarət mikroskopik daşıyıcılar – liposomları yenidən dizayn ediblər. Yeni formulasiya kommersiya lokal anesteziklərinin təxminən 4-8 saatlıq təsiri ilə müqayisədə daha uzunmüddətli sinir blokadası yaradıb.

Tədqiqatçılar liposomları güclü anestetik maddə olan tetrodotoksinlə yükləyiblər. Maddə siçanların ayaqlarındakı sinirlər yaxınlığına yeridildikdən sonra tədqiqatçılar nə inyeksiya nahiyəsində, nə də digər toxumalarda toksiklik əlamətləri müşahidə etməyiblər. Alimlərin fikrincə, nəticələrin əsas səbəbi liposomların quruluşudur. Lipid molekullarına əlavə edilən çoxsaylı ikiqat rabitələr onların daha mürəkkəb, çoxqatlı strukturlar yaratmasına səbəb olur. Bu quruluş dərmanın daşıyıcıdan çıxışını ləngidir və onun təsir göstərdiyi nahiyədə daha uzun müddət qalmasına imkan verir.

"Nature Biomedical Engineering" jurnalında dərc edilən araşdırmaya görə, tetrodotoksin hazırda insanlarda klinik istifadə üçün təsdiqlənməyib. Tədqiqatçılar isə yeni yanaşmanın əməliyyatdan sonrakı ağrıların daha uzunmüddətli idarə olunmasında, eləcə də opioidlərə alternativ kimi potensialını araşdırırlar.

Alimlər həmçinin bu liposomların yalnız anesteziklərin deyil, müxtəlif suda həll olan molekulların da tədricən çatdırılması üçün istifadə oluna biləcəyini bildirirlər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər