Qrenlandiyada dərin dəniz mədənçiliyinə müvəqqəti qadağa qoyulur


  • 14:16

Qrenlandiya Parlamenti adada dərin dəniz mədənçiliyini müvəqqəti qadağan etməyi nəzərdə tutan qanun layihəsini yekdilliklə qəbul edib və hökuməti bu istiqamətdə zəruri tədbirlər görməyə çağırıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat parlamentin yazılı bəyanatında yer alır.

Məlumata görə, qanun layihəsi dərin dəniz mədənçiliyinə 2029-cu ilin dekabrınadək qadağa qoyulmasını nəzərdə tutur.

Sənədə əsasən, Qrenlandiya hökuməti qanun layihəsinin qüvvəyə minməsi üçün 2027-ci ilədək zəruri addımlar atmalıdır.

Tənzimləmənin qüvvəyə minəcəyi təqdirdə, Qrenlandiya əhalisinin əsas dolanışıq mənbələrindən biri olan balıqçılığın qorunmasına töhfə verəcəyi gözlənilir. Eyni zamanda, qadağanın ikiillik müddətlərlə uzadılması da mümkün olacaq.

Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Qrenlandiya ofisi parlamentin qərarını təbii mühitin qorunması baxımından əhəmiyyətli addım kimi qiymətləndirib. Təşkilat dərin dəniz yataqlarının işlənilməsinin ekosistemə və biomüxtəlifliyə zərər vura biləcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, parlamentdəki səsvermə ABŞ Prezidenti Donald Trampın Qrenlandiyada neft, təbii qaz və digər faydalı qazıntıların axtarışına başlanacağı barədə bəyanatından sonraya təsadüf edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər