- 12:58
ABŞ ordusunun İranın enerji infrastrukturu və nüvə obyektlərinə mümkün zərbələr endirmək üçün “bütün bombaların anası” adlandırılan GBU-43/B (MOAB) bombasının istifadəsini də nəzərdə tutan yeni hücum planları hazırladığı iddia olunur.
E-huquq.az xəbər verir ki, CNN-in anonim ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, prezident Donald Trampın aralıq seçkilərdən əvvəl və ya sonra hücumları bərpa etməyə razılıq verməsi halında Vaşinqton bu bombadan istifadə variantını nəzərdən keçirə bilər.
ABŞ arsenalındakı ən böyük qeyri-nüvə bombası hesab edilən MOAB-ın İrana qarşı ilk dəfə tətbiqinin münaqişədə gərginliyi daha da artıra biləcəyi bildirilir. Bununla yanaşı, silahın Trampın strateji məqsədlərinə çatmaqda nə dərəcədə effektiv olacağı ilə bağlı şübhələrin olduğu qeyd edilir.
CNN-in məlumatına əsasən, Tramp orduya İranın enerji infrastrukturu və nüvə obyektlərini hədəf alan əlavə hücum planları hazırlamaq tapşırığı verib. Bu planlara İranın Kəznə dağı da daxil olmaqla nüvə obyektlərinə mümkün zərbələrin də daxil olduğu iddia edilir.
Məlumatda MOAB-ın geniş ərazidə dağıntı törətmək qabiliyyətinə malik olduğu, lakin dərinlikdə yerləşən hədəfləri məhv etmək üçün nəzərdə tutulmadığı vurğulanır. Bombanın geniş təsir dairəsi mülki əhali arasında itkilərlə bağlı narahatlıqları da artırır.
CNN-in məlumatında Trampın MOAB-dan mümkün hərbi zərbə ilə yanaşı, psixoloji təsir vasitəsi kimi də istifadə etməyi düşünə biləcəyi irəli sürülür.
Şəbnəm Mehdizadə