- 14:02
Astronomlar Ceyms Uebb Kosmik Teleskopunun köməyi ilə kosmosun əvvəllər heç bir obyektin müşahidə edilmədiyi bölgəsindən gələn sirli siqnal qeydə alıblar.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, təxminən üç ay fasilə ilə iki dəfə aşkarlanan siqnalın mənbəyi hələ müəyyən edilməyib.
Tədqiqatçılar müşahidələri Cənub yarımkürəsində yerləşən Sobul bürcü istiqamətində aparıblar. Bu bölgə Hubble Kosmik Teleskopunun 270 saatdan çox müşahidə etdiyi və təxminən 10 min qalaktikanı əhatə edən məşhur “Ultra Dərin Sahə” görüntüsü ilə tanınır.
Minnesota Universitetinin astrofiziki Meyson Huberti və həmkarları Uebb teleskopunun yaxın infraqırmızı spektroqrafından istifadə edərək əvvəllər məlum olmayan obyektləri aşkar etməyə çalışıblar. 2023-cü ilin avqust və noyabr aylarında, 88 gün fasilə ilə aparılan müşahidələr nəticəsində altı siqnal uzaq qalaktikalarla əlaqələndirilib. Yeddinci siqnal isə alimlər üçün müəmmalı olaraq qalıb.
Hər iki müşahidə zamanı təxminən 1,6 mikrometr dalğa uzunluğunda parlaq emissiya xətti qeydə alınıb. Lakin siqnalla yanaşı digər emissiya xətləri aşkarlanmayıb. Həm Hubble, həm də Uebb teleskoplarının əvvəlki müşahidələrində həmin nöqtədə görünən obyektin olmaması sirri daha da dərinləşdirib.
Alimlər siqnalın mənşəyi ilə bağlı dörd əsas ehtimalı nəzərdən keçirirlər: erkən kainata aid qalaktika, daha yaxın qalaktika, fövqəlnova partlayışı və ulduzun qara dəlik tərəfindən parçalanması. Bununla belə, mövcud məlumatlar bu ehtimallardan heç birini tam təsdiqləmir.
Tədqiqatçılar hesab edirlər ki, siqnalın təbiətini müəyyənləşdirmək üçün əlavə müşahidələr və daha həssas spektroskopik analizlər aparılmalıdır. Əlavə emissiya xətlərinin aşkarlanması naməlum obyektin xüsusiyyətlərini müəyyənləşdirməyə kömək edə bilər.
Araşdırmanın nəticələri “The Astrophysical Journal” elmi jurnalında dərc olunub.
Şəbnəm Mehdizadə