Monteneqronun Aİ-yə üzvlük danışıqlarının yekunlaşması gecikə bilər


  • 14:22

Xorvatiyanın müdaxiləsindən sonra Avropa İttifaqı (Aİ) liderləri Monteneqronun üzvlük danışıqlarını bu ilin sonunadək başa çatdırmasını nəzərdə tutan müddəaları sammitin yekun bəyannaməsindən çıxarıblar.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Brüsseldə keçirilən Aİ sammitində sənəd layihəsinə dəyişiklik Xorvatiyanın təşəbbüsü ilə edilib.

Xorvatiya Monteneqronun Aİ-yə üzvlük prosesi ilə bağlı səkkiz tələb irəli sürüb. Tələblər arasında müharibə zamanı saxlanılan xorvat məhbuslara kompensasiya ödənilməsi, itkin düşən şəxslərin axtarışı, hərbi cinayətlərə görə məsuliyyətin təmin edilməsi, mülkiyyət hüquqları, dəniz sərhədinin müəyyənləşdirilməsi və "Jadran" gəmisinin qaytarılması yer alır.

Aİ-yə yeni üzvün qəbulu bütün üzv dövlətlərin razılığını tələb etdiyindən, Xorvatiyanın mövqeyi Monteneqronun üzvlük perspektivləri üçün əhəmiyyətlidir.

Qeyd edək ki, Monteneqro 2012-ci ildən Aİ-yə üzvlük danışıqları aparır. Ölkə danışıqlar çərçivəsində 33 fəsildən 21-ni müvəqqəti bağlayıb. Rəsmi Podqoritsa danışıqları 2026-cı ilin sonunadək başa çatdırmağı və 2028-ci ildə Aİ-yə tamhüquqlu üzv olmağı hədəfləyir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər