- 10:11
Türkiyənin İstanbulda şəhərində yenidən güclü yağış gözlənilir.
E-huququ.az xəbər verir ki, Meteorologiya Baş İdarəsinin proqnozlarına əsasən, Mərmərə bölgəsi bu gündən etibarən yeni yağışlı hava sisteminin təsiri altına düşəcək.
Yağıntıların bu gün, xüsusilə İstanbulun Avropa hissəsində yerləşən şimal rayonlarında intensiv olacağı ehtimal edilir.
Güclü yağışların gecə saatlarından etibarən daha da şiddətlənəcəyi, sabah isə İstanbulun bütün ərazisində təsirini davam etdirəcəyi proqnozlaşdırılır.
Açıqlamada oktyabrın 14-də yağan güclü yağışların yaratdığı fəsadların hələ də aradan qaldırılmadığı xatırladılıb. Yeni yağışlı hava sistemi ilə əlaqədar daşqın, subasma, ildırım düşməsi və torpaq sürüşməsi kimi təhlükələrin yarana biləcəyi bildirilib.
Vətəndaşlara və aidiyyəti qurumlara mümkün risklərə qarşı diqqətli olmaq və qabaqlayıcı tədbirlər görmək çağırışı edilib.
İstanbul Valiliyinin sosial şəbəkə hesabında yayımlanan açıqlamada da Meteorologiya Baş İdarəsinin proqnozlarına yer verilib və əhaliyə ehtiyatlı davranmaq tövsiyə olunub.
Valilik güclü yağışların əvvəlki fəsadlarının hələ də davam etdiyini vurğulayaraq, yeni yağıntıların əlavə təhlükələr yarada biləcəyi barədə xəbərdarlıq edib.
Şəbnəm Mehdizadə