- 14:02
Pakistanın şimal-qərbində yerləşən Peşəvər şəhərində məktəbin damının çökməsi nəticəsində ən azı 27 şagird və bir müəllim həyatını itirib.
E-huquq.az xarici mediaya istinadən xəbər verir ki, hadisə dərs zamanı özəl “Əl-Xeyr” Təhsil Mərkəzində baş verib. Xilasedicilər dağıntılar altından şagirdləri çıxarmaq və yaralıları xəstəxanaya çatdırmaq üçün əməliyyat aparıblar.
Bölgənin fövqəladə hallar üzrə rəsmisi İftixar Xan ən azı 45 uşağın dağıntılar altından çıxarıldığını, lakin uçqun altında başqa şagirdlərin də qala biləcəyini bildirib.
Peşəvər polisinin rəisi Mian Səid hadisə zamanı üç sinifdə 110 şagirdin olduğunu, onlardan yalnız 47-nin xilas edildiyini açıqlayıb. Ölənlərin sayının arta biləcəyi istisna olunmur.
Ölən şagirdlərin əksəriyyətinin 13 yaşdan kiçik olduğu bildirilir.
İlkin məlumata görə, binanın yuxarı mərtəbəsinin damı çöküb və nəticədə iki mərtəbə dağılıb. Polis rəisi tikilinin konstruktiv baxımdan zəif olduğunu, təməlin dayanıqsızlığı səbəbindən damın həddindən artıq ağırlaşdığını bildirib.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma başladılıb.
Məktəb rəhbərliyi isə hələlik açıqlama verməyib.
Şəbnəm Mehdizadə