Meksikada həyəcan: "Beyin yeyən amöb" aşkarlanandan sonra 6 süni göl bağlandı


  • 10:48

Meksika hakimiyyəti son dərəcə təhlükəli hesab edilən "Naegleria fowleri" amöbünün aşkarlanmasından sonra ölkənin turistik bölgələrindən birində yerləşən 6 süni gölü bağlayıb.

E-huquq.az xəbər verir ki, Yukatan ştatının Səhiyyə Xidməti sentyabr ayında amöblə yoluxmuş su xizəyi üzrə təlimçinin ölümündən sonra bölgədəki 9 gölün suyunu yoxlamağa başlayıb. Aparılan yoxlamalar nəticəsində göllərdən 6-nın bağlanmasına qərar verilib.

Sözügedən göllərin istirahət məqsədilə yaradıldığı, turistlərin ticarət mərkəzləri və dəbdəbəli bağ evləri arasında yerləşən ərazilərdə su xizəyi və kanoe ilə məşğul ola bildiyi bildirilir.

Ştatın səhiyyə naziri Alberto Alkoser sakinlərə çirklənmiş su ilə təmasdan sonra dərhal tibbi yardıma müraciət etmələri barədə xəbərdarlıq edib.

Nazir amöbün ətraf mühitdə aşkarlanmasının bölgədə epidemiya olduğu və ya əraziyə səfər edən hər kəsin yoluxduğu anlamına gəlmədiyini vurğulayıb. Onun sözlərinə görə, infeksiya yalnız çirklənmiş suyun burun vasitəsilə orqanizmə daxil olması nəticəsində yaranır.

Məlumata görə, bir neçə gün xəstəxanada müalicə alan su xizəyi təlimçisi amöbün səbəb olduğu, olduqca nadir rast gəlinən beyin iltihabı - meninqoensefalit nəticəsində həyatını itirib.

"Naegleria fowleri" əsasən temperaturun 35-46 dərəcə Selsi arasında olduğu şəraitdə, dünyanın müxtəlif bölgələrindəki göllərin, çayların və bataqlıqların durğun şirin sularında çoxalır.

Amöb nadir hallarda beyində iltihaba səbəb olsa da, infeksiya baş verdikdə ölüm riski son dərəcə yüksək olur. Yoluxma hallarının demək olar ki, hamısı ölümlə nəticələnir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər