Cəmi 2 dollara aldığı kağız rulon tarixi sənəd çıxdı - Yarım milyona satıldı


  • 16:20

ABŞ-də ikinci əl mağazasından cəmi 2,48 dollara alınan köhnə kağız rulonunun ABŞ İstiqlal Bəyannaməsinin 1823-cü ildə hazırlanmış nadir nüsxələrindən biri olduğu üzə çıxıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, nəşriyyat və musiqi avadanlıqları üzrə texnik Maykl Sparks sənədi Tennessi ştatının Neşvill şəhərindəki ikinci əl mağazasından alıb.

Əvvəlcə adi poster hesab edilən saralmış kağızın tarixi dəyəri aylarla davam edən araşdırmalardan sonra müəyyənləşdirilib.

Məlum olub ki, sənəd təxminən 10 il əvvəl Sten Kafri tərəfindən bağ evində keçirilən satış zamanı 10 dollara alınıb. Onun əhəmiyyətindən xəbərsiz olan Kafri sənədi qarajının divarından asıb. Daha sonra ailəsinin istifadə olunmayan əşyaları boşaltmaq istəməsi səbəbindən kağız ikinci əl mağazasına bağışlanıb. Sparks isə onu mağazaya gətirildikdən cəmi iki gün sonra alıb.

Tarixi sənəd 2007-ci ilin martında Şimali Karolina ştatının Burlinqton şəhərində keçirilən hərracda satışa çıxarılıb. İlkin qiyməti 125 min dollar olan lot uğrunda altı alıcı mübarizə aparıb. Nəticədə sənədin kimliyi açıqlanmayan kolleksiyaçıya 477 min 650 dollara satıldığı bildirilib.

Sparks əldə etdiyi gəlirlə ikinci əl avtomobil almağı, evinə əlavə otaq tikdirməyi, ailəsinə dəstək olmağı və pulun bir hissəsini xeyriyyə məqsədilə bağışlamağı planlaşdırdığını deyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər