Alimlər almazın yeni karbon “qohumu”nu kəşf ediblər


  • 12:22

İsveçin Göteborq Universitetinin alimləri təxminən 35 il əvvəl nəzəri olaraq irəli sürülmüş yeni karbon forması olan “diamondiyne” materialını ilk dəfə əldə ediblər. Kəşf karbonun mümkün üçölçülü strukturlarına yeni nümunə əlavə edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, “Diamondiyne” almaz və qrafit kimi karbonun allotrop formalarından biridir. Tədqiqatçılar bu materialı karbon atomlarını üçlü rabitələrlə birləşdirməklə yaradıblar. Nəticədə daxilində boşluqlar olan, tetraedrlərdən ibarət məsaməli kristal quruluş əldə edilib.

Tədqiqata rəhbərlik edən Göteborq Universitetinin fiziki kimya professoru Karl Börjesson bildirib ki, material məsaməli almazı xatırladır. Lakin adi almazdan fərqli olaraq, onun yaranması üçün yüksək təzyiq tələb olunmur.

Stokholm Universitetində aparılan elektron mikroskopiya müşahidələri materialın səthində kiçik sahələrdə kristal quruluşun mövcudluğunu təsdiqləyib. Alimlərin sözlərinə görə, ən azı 10 nanometr ölçülü sahələrdə təkrarlanan kristal naxışlar əldə edilib və nəticələr nəzəri modellərlə uyğunluq göstərib.

Kəşf metal ionlarından istifadə etmədən məsaməli karbon materialları yaratmaq istiqamətində aparılan tədqiqatlar zamanı mümkün olub. Yeni materialın quruluşu onun gələcəkdə hansı sahələrdə tətbiq edilə biləcəyini araşdırmaq üçün əlavə imkanlar yaradır.

Alimlər indi “diamondiyne”in fiziki və kimyəvi xüsusiyyətlərini öyrənməyi planlaşdırırlar. Onların diqqətini xüsusilə materialın məsaməli quruluşu və müxtəlif strukturların bir-birinin boşluqlarına daxil ola bilməsi ehtimalı cəlb edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər