- 16:52
Fransa Prezidenti Emmanuel Makron ölkədə keçirilən etirazlar zamanı baş verən zorakılıq və talan hadisələrini pisləyib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, o, respublikanı devirməyə çalışanların məsuliyyətə cəlb olunmalı olduğunu bildirib.
Oktyabrın 17-də keçirilən aksiyalardan sonra xalqa müraciət edən Makron çoxsaylı mağazaların talan edildiyini, dövlət binalarına ziyan vurulduğunu qeyd edib.
O, siyasi partiyaları və həmkarlar ittifaqlarını zorakılığı açıq şəkildə pisləməyə çağırıb, zərərçəkən sahibkarlara dəstək göstəriləcəyini bildirib.
Makron təhlükəsizlik və kəşfiyyat sahəsindəki çatışmazlıqların araşdırılmasını tapşırıb. O, ictimai asayişin qorunması üçün zərurət yaranarsa, bəzi aksiyaların qadağan edilə biləcəyini də açıqlayıb.
Fransanın daxili işlər naziri Laurent Nunez etirazlar zamanı baş verən hadisələrə görə məsuliyyəti üzərinə götürərək istefa ərizəsi təqdim edib. Lakin Makron hüquq-mühafizə orqanlarının fəaliyyətində davamlılığın qorunması zərurətini əsas gətirərək istefanı qəbul etməyib.
Nunezin sözlərinə görə, aksiyalarda 200 min nəfərin iştirakı gözlənilsə də, iştirakçıların sayı 550 mini ötüb.
Etirazlar zamanı ölkə üzrə təxminən 2 400 nəfər saxlanılıb, 1 000-ə yaxın polis, jandarm və yanğınsöndürən yaralanıb. Parisdə bir nümayişçi həyatını itirib, Sen-Etyen şəhərində isə başqa bir nümayişçinin əli qopub.
Şəbnəm Mehdizadə