- 27 Noyabr 14:15
Cəmiyyətdə tez-tez “həbs qətimkan tədbiri” ilə “məhkəmə hökmü” anlayışları qarışdırılır. Bu isə cinayət-prosessual münasibətlərin mahiyyətinin düzgün dərk edilməməsinə səbəb olur. Məsələn, barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən şəxs haqqında artıq cinayət məsuliyyətinə cəlb edilmə qərarının verildiyi, işin yekunlaşdığı və cəza təyin olunduğu kimi yanlış rəy formalaşır. Lakin hüquqşünaslar bildirirlər ki, qətimkan tədbirləri yalnız istintaq və ya məhkəmə baxışı mərhələsindən əvvəl tətbiq olunan müvəqqəti prosessual məcburiyyət tədbiridir və həmin mərhələdə şəxsin təqsirli olub-olmaması barədə hüquqi nəticə mövcud deyil.
Vəkil Dədəkişi Vəlizadə e-huquq.az-a açıqlamasında həbs qətimkan tədbiri ilə məhkəmə hökmü arasında fundamental fərqin olduğunu vurğulayıb. Onun sözlərinə görə, həbs qətimkan tədbirinin seçilməsi şəxsin təqsirli olduğunu göstərmir. Bu tədbirin məqsədi şəxsin qanuna zidd davranışının qarşısını almaq və hökmün icrasını təmin etməkdir.
Vəkil qeyd edib: “Qətimkan tədbirlərinin mahiyyəti məhz bundan ibarətdir. Həbs qətimkan tədbiri isə qətimkan tədbirləri içərisində xüsusi seçilən tədbirdir. Bu tədbir məhkəmə tərəfindən yalnız təqsirləndirilən şəxslərə münasibətdə tətbiq olunur. Həbs qətimkan tədbirinin seçilməsi üçün maddi və prosessual hüquqi əsaslar olmalıdır. Maddi əsaslar dedikdə təqsirləndirilən şəxsin ona istinad edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsinə aidiyyətini təsdiq edən sübutlar başa düşülür. Prosessual əsaslar isə Azərbaycan Respublikası CPM-nin 155-ci maddəsində nəzərdə tutulmuş hallardan ibarətdir (şəxsin cinayət prosesini həyata keçirən orqandan gizlənməsi, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə əhəmiyyətli materialları gizlətmək və ya saxtalaşdırmaqla ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane olmaq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətmək və ya cəmiyyət üçün təhlükə yaratmaq, çağırışlara üzrlü səbəblər olmadan gəlməmək və s.). Bundan başqa, prosessual əsaslar olmasa belə, əməlin ağırlıq dərəcəsi də qətimkan tədbiri seçilərkən nəzərə alınmalıdır”.

O bildirib ki, qətimkan tədbirləri həm şübhəli, həm də təqsirləndirilən şəxslərə münasibətdə tətbiq oluna bilər. Lakin həbs qətimkan tədbiri yalnız təqsirləndirilən şəxs barəsində seçilməlidir, çünki burada yalnız ilkin sübutlar mövcuddur. “Gələcəkdə istintaq araşdırması ilə sübutlar təkzib edilə və şəxsin təqsirsizliyi müəyyən edilə bilər”.
D.Vəlizadə Türkiyə cinayət-prosessual sisteminə də toxunaraq bildirib: “Türkiyə hüququnda “tutuklu yargılanma” və “tutuksuz yargılanma” anlayışları bu fərqi daha aydın göstərir. Birincisi şəxsin istintaq müddətində azadlığının məhdudlaşdırılmasını, digəri isə prosesin azadlıqda keçirilməsini nəzərdə tutur. Mahiyyəti eyni olsa da, qeyri-hüquqsünaslar üçün daha anlaşılan ifadələrdir”.
Vəkil alternativ qətimkan tədbirlərindən də danışıb: “Girov qoyulması, ev dustaqlığı, digər yerə getməmək, polisin nəzarətinə vermə kimi tədbirlər mövcuddur. Heç biri təqsirliliyi təsbit etmir. Məsələn, girov qoyulduqda və sonradan ittihamedici hökm çıxarılsa belə, girov qaytarılır. Qətimkan tədbirinin seçilməsi cinayətin ağırlıq dərəcəsindən asılı olur və tədbirin müddəti də buna uyğun müəyyən edilir”.
D.Vəlizadə sonda cəmiyyətin qətimkan tədbirlərinin mahiyyətini düzgün anlamasının vacibliyini vurğulayıb: “Məsələn, adam öldürmə ittihamı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilməsi həmin şəxsin artıq azadlıqdan məhrum edildiyi demək deyil. Qətimkan tədbiri heç bir halda şəxsin cinayəti törətdiyini və ya məhkəmənin artıq hökm çıxardığını göstərmir”.
Şəbnəm Mehdizadə