Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat necə aparılır?


  • 17 Yanvar 2023 10:14

Son günlərin aktual mövzularından biri də yaşayış yeri və olduğu yer haqqında qeydiyyat məsələləri ilə bağlıdır. Ölkəmizdə yaşayan hər bir şəxs, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Bu məsələlər "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunla tənzimlənir.

Qanun yaşayış yeri üzrə qeydiyyat və olduğu yer üzrə qeydiyyat anlayışlarını fərqləndirir. Öncədən onu da qeyd edək ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat heç kəsə qeydiyyatda olduğu yerdən daimi istifadə hüququ, yaşayış sahəsindən pay almaq hüququ vermir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

Şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer dedikdə isə, onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülməlidir. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, qəyyumun (himayəçinin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır.

Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir.

İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsinə görə, vətəndaşın yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə, ya xəbərdarlıq edilir və ya otuz manat məbləğində cərimə edilir. Vəzifəli şəxslər tərəfindən fiziki şəxsləri qeydiyyata almaqdan əsassız imtina edilməsinə, qeydiyyata almaq üçün qanunvericilikdə nəzərdə tutulmayan sənədlər tələb edilməsinə, habelə qeydiyyata almaqda süründürməçiliyə yol verilməsinə görə isə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 565-ci maddəsinə görə, vətəndaşın bir aydan artıq müddətdə şəxsiyyət vəsiqəsi olmadan yaşamasına görə ya xəbərdarlıq edilir və ya iyirmi manat məbləğində cərimə edilir.

Vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır. Mehmanxanaya, sanatoriyaya, istirahət evinə, kempinqə, turist bazasına, yataqxanaya, xəstəxanaya və digər belə ictimai yerlərə gələn vətəndaş üçün ərizə-anket doldurulur və həmin yerin müdiriyyətinə verilir. Müdiriyyət ərizə-anketi 24 saat ərzində müvafiq dövlət orqanına təqdim edir. Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır. Vətəndaş olduğu yerdən getdikdə müvafiq dövlət orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır.

Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir).

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat barədə qanunvericiliyin tələblərinə ciddi riayət olunması mühüm əhəmiyyət kəsb edir və bu həm başqa şəxslərin mənafeyi, həm də dövlət maraqları üçün olduqca zəruridir.

Anar Qasımlı

Sumqayıt Regional Vəkil Bürosunun müdiri

Oxşar xəbərlər