Ermənistan vətəndaşlarının məhkəməsində 8 nəfər azərbaycanlı əsir-girovun eyni vaxtda qətlə yetirilməsi ilə bağlı sənəd tədqiq edildi - FOTO


  • 30 Oktyabr 21:33

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 30-da davam etdirilib.

E-huquq.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Sədrlik edən Zeynal Ağayev bildirib ki, bir sıra zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə prosesində iştirak edə bilməyəcəklərini, ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiqlədiklərini və elan olunmasını xahiş ediblər.

Tərəflər həmin ifadələrin məhkəmədə elan olunmasına etiraz etməyiblər.

Bundan sonra məhkəmə müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi əlavə sübutların tədqiqi ilə davam etdirilib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs Davit İşxanyanın vəsatəti əsasında 2020-ci ildə Tovuz hadisələrindən (Tovuz döyüşləri – red.) sonra lentə alınmış videomaterial tədqiq olunub.

Xatırladaq ki, D.İşxanyanın vəkili oktyabrın 24-də keçirilən məhkəmə iclasında həmin videonun tədqiqi üçün vəsatətlə çıxış etmişdi.

“YouTube” sosial şəbəkəsində 2020-ci il avqustun 28-də yerləşdirilmiş video nümayiş olunub. Videomaterialda Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən Sərdarabadda Ermənistan hərbçiləri təltif edilir. Arayik Harutyunyanın da iştirak etdiyi tədbirdə çıxış edən Nikol Paşinyan bildirib ki, təltif olunanların hamısı iyul döyüşlərinin fəal iştirakçılarıdır.

Dövlət ittihamçısı Vüsal Abdullayev təqsirləndirilən şəxs Arayik Harutyunyana suallar ünvanlayıb. Əvvəlcə qeyd edilib ki, videoda iyul döyüşlərində iştirak edən Ermənistan hərbçiləri təltif olunur. “Həmin tədbirə hansı məqsədlə və hansı statusla dəvət olunmuşdunuz?

2020-ci il iyunun 19-da Ermənistan Respublikası və qondarma qurumun birgə Təhlükəsizlik Şurasının iclası keçirilib. Orada iştirakınızın məqsədi nə idi? Siz məhkəmə istintaqı zamanı bildirmisiniz ki, iyul döyüşlərinin qondarma rejimlə heç bir əlaqəsi olmayıb. Bu iclas hansı zərurətdən yaranmışdı və hansı məsələlər müzakirə edilib?”, - deyə dövlət ittihamçısı suallar verib.

Təqsirləndirilən şəxs cavabında bildirib ki, qondarma qurumun “nümayəndələri” Ermənistan Respublikasında keçirilən bu cür tədbirlərə daim dəvət olunurdu. İclasda isə Ermənistan Respublikasının təhlükəsizlik məsələləri, ordunun hazırlıq vəziyyəti və ehtimal olunan müharibə ssenariləri müzakirə edilib.

Növbəti tədqiq edilən sənəd təqsirləndirilən şəxs L.Mnatsakanyanın Şuşada Cıdır düzündə erməni jurnalistə verdiyi müsahibə olub. O, məhkəmədə bildirib ki, müsahibədə “Yaşma briqadası”nın (Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri nəzərdə tutulur – red.) 400 hərbçisinin həlak olması ilə bağlı rəqəm səsləndirməyib. Videoya təkrar baxış zamanı müəyyən edilib ki, L.Mnatsakanyan jurnalistin sualına cavabında deyir: “Yaşma briqadası”nın 400-ə yaxın itkisi var”.

Məhkəmə iclasında müsahibənin həmin hissəsini təkrarən izlədikdən sonra L.Mnatsakanyan belə fikir demədiyini iddia edib.

Sonra təqsirləndirilən şəxs Bako Sahakyanın müdafiəçisi Nigar Mirbabayevanın məhkəməyə təqdim etdiyi material nümayiş etdirilib.

Bu, 2020-ci il dekabrın 1-də Arkadi Qukasyan və Bako Sahakyanın Vətən müharibəsi zamanı fəaliyyətləri ilə bağlı internetdə dərc olunan məqalə olub. Material tərəflərin iştirakı ilə tədqiq edilib.

Bundan sonra iclasa sədrlik edən Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının Baş Prokurorluğun İstintaq İdarəsinə göndərdiyi məktubu elan edib.

Məktubda göstərilir ki, komissiyada toplanmış məlumatlara əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürülmüş 54 Azərbaycan vətəndaşına Ermənistan və onun işğal etdiyi ərazilərdə yerləşən saxlanma yerlərində 1992–1996-cı illərdə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən baş çəkilib.

Sonradan həmin 54 nəfərdən 17-sinin meyiti qaytarılsa da, 37 nəfər Ermənistan hərbçiləri tərəfindən zorakı şəkildə yoxa çıxarılıb. 37 nəfərdən 4-nün sonrakı taleyi barədə ümumiyyətlə məlumat verilməyib. 33 nəfərin isə saxlanma yerində öldüyü bildirilsə də, meyitləri qaytarılmayıb.

Qeydlərlə bağlı tərtib edilmiş məlumat da məhkəmədə elan olunub. Həmin məlumatda 1994-cü il yanvarın 29-da 8 nəfər azərbaycanlı əsir və girovun öldürüldüyü qeyd olunur.

Bundan sonra Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli beynəlxalq təşkilatın hesabatının bir hissəsinin tədqiq olunmasını xahiş edib. Tədqiq edilən sənəddə göstərilib ki, 1994-cü ildə Ermənistanda - İrəvanda ölən 8 əsir-girovla bağlı hadisə xüsusilə dəhşətli olub. Məqalənin yazıldığı zaman onların ölüm səbəbi müəmmalı qalıb.

Tuqay Rəhimli çıxış edərək bildirib ki, təqsirləndirilən şəxs Bako Sahakyan istintaq materiallarında vaxtilə əsir-girovlarla əlaqədar məsələlərlə məşğul olduğunu vurğulayıb. T.Rəhimli “1994-cü il yanvarın 29-da 8 nəfər əsir-girov öldürülüb. Sizin bununla bağlı hansısa məlumatınız varmı?”, - deyə təqsirləndirilən şəxsə sual ünvanlayıb. Həmçinin əlavə edib ki, əsir-girovlar eyni gündə, eyni yerdə öldürülüb. Bu, təsadüfi ola bilməz.

B.Sahakyan bildirib ki, hesabatda göstərilmiş hadisə ilə bağlı məlumatı yoxdur.

Sonra məhkəmə iclasında zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxslərin hüquqi varislərinin ifadələri elan olunub.

Zərərçəkmiş Şükürov Mahmud Sabir oğlunun ifadəsində bildirilib ki, 2022-ci il sentyabrın 13-də Zəngilan rayonunun ərazisində düşmən tərəfindən atılan əl qumbarasının partlaması nəticəsində Fərid Rüstəmov həlak olub, eləcə də o, Fərid Məmmədov, Saleh Həsənov, Təbriz Ramazanov bədən xəsarətləri alıblar.

Zərərçəkmiş Ələkbərli Kənan Müşfiq oğlunun hüquqi varisi Ələkbərova Fəxriyyə Xəlil qızı ifadəsində qeyd edib ki, 2020-ci il oktyabrın 10-da övladının Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində şəhid olduğu xəbərini eşidib.

Bəbirli Asif Oktay oğlunun ifadəsinə əsasən, Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 28-də Göygöl rayonu ərazisinə açdıqları atəş nəticəsində o, Elvin Səlimov, Kamran Hüseynov, Rəşad Novruzov, Mustafa Məmmədov, Rəşad Abdullayev yaralanıb, Orxan Daşdəmirov isə həlak olub.

Zərərçəkmiş Məmmədov Mail Məhəmmədəli oğlu ifadəsində göstərib ki, 1992-ci il oktyabrın 21-də Ağdərə rayonunun Sırxavənd kəndində Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən əsir götürülüb. Əvvəlcə Hadrut qəsəbəsinə, sonra “URAL” markalı hərbi avtomobildə işgəncə verilə-verilə Xankəndi şəhərinə aparılıb. Orada saxlanıldığı xüsusi rejimli təcridxanada müxtəlif işgəncələrə məruz qalıb. Daha sonra başqa binanın zirzəmisində saxlanılıb. Xankəndi şəhərində əsirlikdə olduğu 3 ay müddətində polkovnik Basensi Azoyan, polkovnik-leytenant Artur Simonyan və Sergey Abramyan adlı erməni zabitləri onu dindirib, saxlanıldığı kameralarda dəfələrlə işgəncələrə məruz qalıb.

Zərərçəkmiş, 1957-ci il təvəllüdlü Xocalı şəhər sakini Əliyeva Məlahət Əhməd qızının elan olunan ifadəsinə əsasən, 1992-ci il fevralın 25-də Ermənistan hərbçiləri Xocalı şəhərini mühasirəyə alıb əhalini güllələyib, şəhərə od vurublar. O və əri Tapdıq Çobanov, 1979-cu il təvəllüdlü oğlu Teymur, 1980-ci il təvəllüdlü oğlu Seymur və 1984-cü il təvəllüdlü qızı Nəzakəti də götürüb camaatla birlikdə şəhəri tərk ediblər. “Qarlı yolda qadın və uşaqların qışqırıq-ağlaşma səsindən qulaqlar tutulurdu”, - deyə o, ifadəsində qeyd edib.

Ermənistan hərbçiləri Ağdama gedən yolda insanları atəşə tutub, xeyli mülki şəxs öldürülüb. Açılan atəşdən Tapdıq qarnını tutub yerə yıxılıb, Nəzakət də onun qucağında güllə yarası alaraq ölüb. Özü isə ayağından yaralansa da, oğullarının əlindən tutub hərəkətə davam edib. Ətraf çoxlu qadın, uşaq, qoca insanların meyitləri ilə dolu olub. Onun digər doğmaları da qətlə yetirilib.

Zərərçəkmiş Qarayev Cəbrayıl Xasay oğlu ifadəsində qeyd edib ki, 1993-cü il iyulun 20-də yaşadığı Ağdam rayonunun Qiyaslı kəndinə hücum zamanı Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən girov götürülüb. O, Ağdamın Yetim Cinli kəndində, sonra Xankəndi şəhərində yerləşən hərbi hissədə, daha sonra Şuşa həbsxanasında saxlanılıb. Girov saxlanıldığı müddətdə mütəmadi döyülüb, uzun müddət soyuq beton döşəmənin üstündə ac-susuz qalıb, işgəncələrə, pis rəftara məruz qalıb.

Zərərçəkmiş Məmmədov Vahid Abasqulu oğlu ifadəsində göstərib ki, o, Ermənistanın Mehri rayonunda dəmir yolunda fəhlə işləyib. 1991-ci il dekabrın 6-da briqadir Qardaşov Etibar Fərman oğlu, operator Cavadov Fazil Ağa oğlu, operator köməkçisi Nəbiyev Cavad Qurban oğlu, fəhlələr Rəhimov Valeh Mirsadiq oğlu, Heydərov Tofiq Sadiq oğlu, Yusifzadə Bədəl Haşım oğlu, Qubadov Etibar Ənvər oğlu və Məmmədov Məmmədhüseyn Cəfərqulu oğlu ilə birlikdə Mehri çayı adlanan ərazidə nahar etmək istəyərkən əllərində avtomat silahlar olan Ermənistan hərbçiləri tərəfindən girov götürülüblər. Onlar Qacaran şəhərində dəmir barmaqlıqlı bir otağa salınıb, orada qarət ediliblər. Bədəl Yusifzadə və Etibar Qardaşovla birlikdə adını bilmədiyi dağ kəndində, sonra Qafan rayonunda saxlanılıblar. Girovluqda qaldığı müddətdə işgəncələrə, qeyri-insani və pis rəftara məruz qalıb.

Məhkəmə iclası digər ifadələrin oxunması ilə davam etdirilib.

Məhkəmə prosesi oktyabrın 31-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Oxşar xəbərlər