Vəkil: "Misir Qasımlının işi ilə bağlı məhkəmə prosesi süni şəkildə uzadılır"


  • 27 Sentyabr 2022 14:16

"Misir Qasımlının işi üzrə ittiham tərəfinin arqumentləri zəif olduğuna görə məhkəmə hökm çıxara bilmir. Bu onu göstərir ki, sadə bir işdə Ukrayna istintaq orqanı ittihamı əsaslandıra bilməyib. Təəssüf ki, bu işdə açıq-aydın qərəz nümayiş etdirilir və məhkəmə prosesi dəfələrlə təxirə salınaraq süni şəkildə uzadılır".

Bunu e-huquq.az-a açıqlamasında Ukraynada həbsdə olan İkinci Qarabağ müharibəsi qazisi Misir Qasımlının vəkili Şaiq Mirzəyev deyib.

Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi M.Qasımlıya qarşı cinayət işi bütövlükdə zərərçəkmiş şəxsin əsassız ittihamı əsasında başlanıb və məhkəməyə göndərilib: "Çünki iş üzrə şahidlər yoxdur, zərərçəkmiş isə bir dəfə də olsun məhkəmə prosesinə gəlməyib. Sonuncu məhkəmə prosesində də hakim əlindən gələni etdi ki, iclas təqsirləndirilən şəxslər Misir Qasımlı və Sübhan Quliyevin iştirakı olmadan aparılsın. Onların iştirakı olmadan məhkəmə prosesinin davam etdirilməsinin hüquq pozuntusu olduğu məhkəmənin diqqətinə çatdırılsa da, buna əhəmiyyət verilmədi. Bundan əvvəlki hadisələr, sonuncu prosesdə baş verənlər, vəsatətlərin təmin olunmaması həqiqətən bu işdə qərəzin olduğunu deməyə əsas verir".

Ş.Mirzəyev qeyd edib ki, M.Qasımlı ilə bağlı məsələ Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) də diqqətindədir: "Ombudsman Aparatından verilən məktubda göstərilib ki, qurum tərəfindən həmyerlilərimizin həbsi ilə bağlı Ukrayna Ali Məhkəməsinə sorğu verilib, araşdırma aparılıb. Onların hüquqlarının qorunması üçün dövlətimiz əlindən gələni edir".

Qeyd edək ki, Misir Qasımlı və Sübhan Quliyev Kiyevdə erməni əsilli İspaniya və Britaniya vətəndaşı olan iş adamının şikayəti əsasında saxlanılıb. Onlara qarşı adam oğurluğuna cəhd və soyğunçuluq maddələri ilə ittiham irəli sürülsə də, 1 ildən çoxdur ki, sübut olunmur. M.Qasımlı və S.Quliyev Ukraynada paytaxt Kiyevdə istintaq təcridxanasında saxlanılırlar.

Oxşar xəbərlər