Heydər Əliyev Azərbaycanda məhkəmə-hüquq islahatlarının banisidir


  • 30 Mart 2023 11:44

Hər bir xalqın istiqlaliyyət və dövlətçilik tarixində xilaskar rolunu oynayan dahi insanlar, qətiyyətli və parlaq tarixi şəxsiyyətlər olmuş, həmin şəxslər mənsub olduqları xalqın xilaskarı funksiyasını öz üzərinə götürərək xalqı arxasınca aparmış, millətin və dövlətin taleyində silinməz izlər buraxaraq müdrik və görkəmli dövlət xadimi kimi tarixə düşmüşlər.Dahi öndər Heydər Əliyev də müasir Azərbaycan Respublikasının tarixində parlaq və əbədi iz qoymuş böyük tarixi şəxsiyyət, müdrik dövlət xadimi qalmış, müstəqilliyimizin əbədi və dönməz xarakter alması, ölkəmizin dunya dövlətləri arasında öz layiqli yerini tutmasında mühüm rol oynamışdır.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdir.

Müstəqil Azərbaycan Respublikasında ictimai-siyası həyatın bütün sahələrində olduğu kimi, məhkəmə-hüquq sisteminin də demokratik prinsiplər əsasında formalaşaraq fəaliyyət göstərməsi Ulu öndərin müstəsna xidmətləri sayəsində mümkün olmuşdur.

Ulu öndərin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlişindən sonra məhkəmə-hüquq sistemində bir sıra işlər görülsə də, çoxşaxəli və mütərəqqi məhkəmə-hüquq islahatları ölkəmiz ikinci dəfə müstəqilliyini bərpa etdikdən və xalqın təkidli tələbi ilə dahi öndər ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra başlanılmışdır.

Belə ki, Ulu öndər parlaq şəxsiyyət və müdrik dövlət xadimi kimi dövlətin ictimai-siyasi həyatın bütün sahələrində inkişafı, demokratik və hüquqi dövlət prinsiplərinin bərqərar olması, insan və vətəndaş hüquq və azadlıqlarının təminatı üçün, ilk növbədə, mükəmməl və hərtərəfli qanunvericilik sistemi, hüquqi baza olmasını yaxşı başa düşürdü. Odur ki, dahi rəhbərin qarşısına qoyduğu birinci əsas vəzifə müstəqil Azərbaycanın ilk milli Konstitusiyasının hazırlanması idi. Konstitusiya layihəsinin hazırlanması barədə danışarkən birmənalı şəkildə qeyd etmək olar ki, Əsas Qanunumuz Heydər Əliyevin əsəridir. Ümummilli lider Konstitusiya Komissiyasının sədri olaraq ilk iclasdan başlayaraq 12 noyabr 1995-ci il referendumunadək Əsas Qanunun hazırlanmasına, onun bütün müddəalarının geniş ictimai müzakirələrinə şəxsən rəhbərlik etdi, Əsas Qanunun təkcə dövrün siyasi reallıqlarına deyil, ümumilikdə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin süzgəcindən keçərək qəbul olunmasına, sözün əsl mənasında Əsas Qanuna çevrilməsinə nail oldu. Bununla da dövlətimizin tarixində ilk dəfə olaraq hakimiyyətin bölgü prinsipinin, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarının, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatının əsası qoyuldu. Ulu öndər Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın 10 noyabr 1995-ci il tarixdə keçirilən iclasında demişdi: “Komissiyanın sədri kimi mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm. Ona görə də bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq”.

Hüquqi islahatlar Əsas Qanunun qəbulundan sonra da ardıcıl və prinsipial şəkildə davam etdirildi. Ümummilli liderin 21 fevral 1996-cı il tarixli Sərəncamı ilə Hüquqi İslahat Komissiyası yaradıldı və Heydər Əliyev bilavasitə Komissiyanın rəhbəri kimi müasir qanunlar və digər hüquqi aktların hazırlanaraq qəbul edilməsinə nail oldu. Belə ki, həmin Komissiya tərəfindən “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında” qanunlar hazırlandı. Ölkədə birinci, apellyasiya və kassasiya instansiyalarından ibarət yeni üçpilləli məhkəmə sistemi formalaşdırıldı. Müstəqil Azərbaycanın Ali Məhkəməsi bərqərar olunaraq fəaliyyətə başladı. Ali Məhkəmə demokratik cəmiyyətə xas olmayan nəzarət funksiyalarından azad edildi və onun sırf kassasiya instansiyası kimi yalnız hüquqi məsələləri araşdırması və məhkəmələrə insan haqlarının qorunması ilə bağlı müstəsna səlahiyyətlər verildi. Azərbaycan keçmiş Sovet məkanında qətimkan tədbiri kimi həbsin seçilməsi səlahiyyətini məhkəməyə verən ilk dövlətlərdən oldu. Prokurorluq orqanlarının məhkəmə hakimiyyətinin təkibində statusu müəyyənləşdirildi.

Məhkəmə hakimiyyətinin müasir çağırışlara uyğun inkişafı, məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması və şəffaflığın artırılması, onun cəmiyyətdə nüfuzunun yüksəldilməsi üzrə ilk dəfə olaraq şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə hakim təyinatları aparılaraq hakim korpusu yenidən təşkil edildi.

Ulu öndər Heydər Əliyev müdrik rəhbər kimi humanizm prinsiplərini önə çəkərək ölkədə əfvetmə institutunun formalaşması istiqamətində real addımlar atdı və 1995-ci ildən ölüm hökmü cəzası üzərində moratoriumun qoyulmasına, 1998-ci ilin 10 fevralında isə bu cəzanın tam ləğv edilməsinə nail olundu. Əfvetmə institutunun bərpası və Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının yaradılması bu istiqamətdə atılmış mühüm addım oldu.1995-2003-cü illərdə ümummilli lider Heydər Əliyev tərəfindən 32 əfv fərmanı imzalanaraq, bu fərmanlar 3104 məhkuma şamil edildi, Prezidentin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis 1996-2003-cü illərdə 8 amnistiya haqqında qanun qəbul etdi, 20 mindən çox məhkum azadlığa buraxıldı. Respublikamız müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşuldu, qanunvericilik, icra və məhkəmə hakimiyyətinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədi ilə tədbirlər həyata keçirildi.

Bu gün də Ulu Öndərin siyasi varisi, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən əsası Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları ardıcıl və məqsədyönlü şəkildə, uğurla davam etdirilməkdədir.

Belə ki, ötən dövr ərzində cənab İlham Əliyev tərəfindən məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası, həmçinin Hakimlərin Seçki Komitəsi yaradılmış, hakimliyə namizədlərin beynəlxalq aləmdə təqdir olunan mütərəqqi və şəffaf seçimi qaydası müəyyən olunmuşdur.

Eyni zamanda məhkəmə hakimiyyətinin müstəqilliyinin ciddi təminatları yaradılmış, məhkəmələrin fəaliyyətinə müdaxilələrin Məhkəmə-Hüquq Şurası tərəfindən qarşısının alınması mexanizmləri müəyyən edilmiş, vətəndaşların ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılması məqsədilə məhkəmə sistemi təkmilləşdirilmiş, bütün bölgələrdə apellyasiya məhkəmələri yaradılmış, ölkənin məhkəmə infrastrukturu müasirləşdirilmiş, “Elektron Məhkəmə” informasiya sistemi fəaliyyətə başlamışdır.

Cəza siyasətinin humanistləşdirilməsi üzrə zəruri tədbirlər görülmüş, cinayət qanunvericiliyinə edilmiş dəyişikliklər nəticəsində bir çox əməllər dekriminallaşdırılmış, bəzi cəzalar yüngülləşdirilmişdir.

Xüsusilə dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixdə imzaladığı, məhkəmə-hüquq sistemi üçün “yol xəritəsi” olan Fərmanı hüquqi islahatların aparılmasının mühüm mərhələlərindən biri olmuşdur. Belə ki, bu fərmanla məhkəmə islahatları müasir çağırışlara uyğun olaraq yeni mərhələyə keçmiş, fərmanın icrası üzrə bölgələrdə ayrıca inzibati və kommersiya məhkəmələri yaradılmış, özəl ekspertiza təsbit olunmuş, mediasiya institutu fəaliyyətə başlamışdır. Fərmanla həmçinin, hakimlərin sayı 200 vahid artırılmış, bu ştatların komplektləşdirilməsi məqsədilə hakimlərin seçimi mütəmadi xarakter almışdır.

Bu gün qürurverici haldır ki, müstəqil Azərbaycan Respublikasının demokratik, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına imkan verən mütərəqqi məhkəmə-hüquq sistemi var, ölkəmizin hüquqi-demokratik dövlət kimi əsasları daha da möhkəmlənib və məhkəmə infrastrukturu ölkəmizin işğaldan azad edilmiş ərazilərində də uğurla formalaşdırılmaqdadır. Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, məhkəmə-hüquq islahatlarının əvvəli var, amma sonu yoxdur.

Mirlətif Sadıqov

Saatlı Rayon Məhkəməsinin hakimi

Oxşar xəbərlər