Məhkəmə piyadanı vurub qaçan sürücü ilə bağlı qərar verəcək


  • 26 May 2023 16:15

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vahid Mahmudovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Zamiq Bağırovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə ötən il oktyabrın 16-da Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, yolu keçən qəsəbə sakini Sürəyya Əfəndiyeva müəyyən edilməyən avtomobillə vurulub, arxadan gələn Bakı şəhər sakini H.Fətullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə onun üzərindən keçib. Nəticədə piyada hadisə yerində ölüb. Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin “Mercedes markalı avtomobillə törədilməsi müəyyən olunub və həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini Vahid Mahmudov saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər