Rüşvət alarkən cinayət başında yaxalanan vəzifəli şəxsin istintaqı başa çatdı


  • 18 Sentyabr 2023 12:54

Rüşvət almaqda təqsirəndirilən Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar vəzifəsində işləyən Tofiq Kərimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Faiq Mahmudovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirlərilə Tofiq Kərimov vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıb. Tofiq Kərimovun Tərtər şəhərində yerləşən torpaq sahəsində 2 mərtəbəli yaşayış evinin tikilməsinə icazə verilməsi üçün vətəndaşdan tələb etdiyi 33 min manat məbləğində pul vəsaitinin 25 min manatını almasına əsaslı şübhələr müəyyən edilib. Həmin vəzifəli şəxsin xidməti otağında aparılmış axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər