- 11 Fevral 17:38
Sumqayıtda evə silahlı basqın edərək 3 nəfəri öldürüb, 3 nəfəri yaralamaqda təqsirləndirilən Müşfiq Tağıyevin məhkəməsi başlayır.
E-huquq.az-ın məlumatına görə, cinayət işinə hakim Hafiz Əliyevin sədrliyi ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılacaq.
Məhkəmənin hazırlıq iclası iyulun 10-na təyin olunub.
Qeyd edək ki, ötən il oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində iki nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb.
Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıblar.
Sonradan yaralılardan biri - Türkiyə xəstəxanasına köçürülən Serkan Karakaş da orada vəfat edib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Corat qəsəbə sakini, 1987-ci il təvəllüdlü Tağıyev Müşfiq Məhəmməd oğlu saxlanılıb.
Orxan Rasifoğlu