"Bu dəyişiklik "İcra haqqında" Qanunun səmərəli işləkliyinə töhfə verəcək" - Deputat


  • 16 Fevral 13:12

Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişiklik mövcud boşluğu aradan qaldıracaq.

E-huquq.az xəbər verir ki, bunu deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

"Bildiyimiz kimi, "İcra haqqında" Qanuna əsasən, borclunun əmlakına həbs qoyulması təcrübəsi müəyyən edilib və icra mərhələsində əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Lakin məsələ burasındadır ki, məhkəmənin icra məmurunun bu təqdimatılarına baxması üçün faktiki olaraq təkmil prosessual əsaslar mövcud deyil. Bu gün Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişiklik məhz həmin boşluğu aradan qaldırır. Bu məqsədlə Mülki Prosessual Məcəllənin 231-ci maddəsinin adı yeni redaksiyada verilir, 231.3 və 231.4-cü maddələrə “borclunun əmlakı üzərinə həbs qoyulması” məzmununda nüanslar daxil edilir, həmçinin Məcəlləyə yeni 231.3-1-ci maddə əlavə olunur və nəzərdə tutulur ki, məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə və icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxsın", - deyə o qeyd edib,

Deputat bildirib ki, mütərəqqi bir dəyişiklikdir, hər bir fiziki və yaxud hüquqi şəxsin normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə daha effektiv təsdiq olunması və qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verilməsi, habelə "İcra haqqında" Qanunun səmərəli işləkliyinə töhfə olacaq.

Oxşar xəbərlər