Vəkillərin pensiya təminatı: paradiqmanın dəyişdirilməsinə dair aktual yanaşma


  • 16:42

Vəkilllərin pensiya təminatı məsləsinin gündəmə gətirilməsində məqsəd, bu sahədə Sovet hakimiyyəti dövründə formalaşmış, ədalətliliyi ciddi şübhə doğuran və ümumilikdə məhkəmə hakimiyyətinin inkişafına zərər vuran paradiqmanın aradan qaldırılmasına nail olmaqdır. Uzun illərdir ki, ədalət mühakiməsi iştirakçılarının pensiya təminatı məsələsində fərqli yanaşma vardır. Bunu aşağıda əks olunmuş qisa müqayisəli təhlildən müşahidə etmək mümkün olur:

Ədliyyə işçiləri - pensiya hüququ 35 il qulluq stajı 65 yaş həddinə çatanadək azı 35 il ədliyyə orqanlarında qulluq etmiş işçilər (xüsusi rütbədən məhrum edilənlər istisna) yaşa görə pensiya hüququ əldə edə bilər

Prokurorluq işçiləri - pensiya hüququ 35 il qulluq stajı 65 yaş həddinə çatanadək azı 35 il prokurorluqda qulluq etmiş işçilər (xüsusi rütbədən məhrum edilənlər istisna) yaşa görə pensiya hüququ əldə edə bilər

Vəkillər Xüsusi (ayrıca) pensiya rejimi yoxdur — ümumi qaydalar tətbiq olunur "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunda vəkillər üçün xüsusi pensiya stajı norması nəzərdə tutulmayıb.

Ümumi qeyd: Azərbaycan Respublikası qanunvericiliyində ədliyyə və prokurorluq işçiləri üçün vəkillərdən fərqli, daha əlverişli xüsusi normalar mövcuddur.

Müəyyən olunduğu kimi, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnu təsbit etməklə, şəxsin hüquq və azadlıqlarının müdafiəsinin mühüm konstitusion təminatlarından biridir. Xüsusilə şəxsin tutulduğu, həbsə alındığı və ya cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququnun təmin edilməsi ədalətli məhkəmə araşdırmasının və müdafiə hüququnun fundamental elementlərindən biridir.

Bu konstitusion hüququn real və səmərəli şəkildə həyata keçirilməsi isə, ilk növbədə, müstəqil, peşəkar və dayanıqlı vəkillik institutunun mövcudluğundan asılıdır. Məzkur qanunvericiliyə əsasən, şəxslərin ibtidai istintaq və təhqiqat mərhələlərində, məhkəmə proseslərində, habelə digər dövlət orqanları qarşısında hüquq və qanunla qorunan mənafelərinin müdafiəsinin həyata keçirilməsi və onlara peşəkar hüquqi yardım göstərilməsi vəkillik fəaliyyətinin əsas məzmununu təşkil edir.

Bu baxımdan vəkillik fəaliyyətini yalnız xidmət göstərən müstəqil peşə fəaliyyəti kimi qiymətləndirmək kifayət deyildir. Vəkil konkret şəxsin hüquq və mənafelərini müdafiə etməklə yanaşı, dövlətin müdafiə hüququnun, ədalət mühakiməsinə çıxışın və hüququn aliliyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi mühüm funksiyanın iştirakçısıdır. Xüsusilə cinayət mühakimə icraatında vəkilin fəaliyyəti şəxsin hüquqi müdafiəsinin təmin edilməsinin əsas mexanizmlərindən biri olmaqla, prosessual tərəflər arasında hüquqi balansın qorunmasına xidmət edir.

Deməli, vəkillik institutu məhkəmə-hüquq sisteminin ayrılmaz tərkib hissəsi olmaqla, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinin, ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinin və vətəndaşların hüquqi yardım almaq hüququnun real təminatının mühüm şərtlərindən biridir. Bu isə öz növbəsində vəkillik fəaliyyətinin yalnız peşəkar deyil, həm də mühüm ictimai əhəmiyyət daşıyan fəaliyyət sahəsi kimi qiymətləndirilməsini şərtləndirir.Vəkil bir tərəfdən hüquqi yardım göstərdiyi şəxsin hüquq və mənafelərini müdafiə edir, digər tərəfdən isə ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə xidmət edən peşəkar və institusional funksiyanı yerinə yetirir.

Beynəlxalq və Avropa hüquq ictimaiyyətinin yanaşmalarında da müstəqil vəkillik institutu hüququn aliliyinin, ədalət mühakiməsinə çıxışın və insan hüquqlarının səmərəli müdafiəsinin fundamental təminatlarından biri kimi qəbul edilir. Beynəlxalq Vəkillər Assosiasiyası (IBA) vəkillik peşəsinin müstəqilliyini və yüksək peşə standartlarını hüququn aliliyinə xidmət edən əsas prinsiplər sırasında nəzərdən keçirir.

Cinayət mühakimə icraatında bu funksiyanın əhəmiyyəti xüsusilə aydın görünür. Belə ki, şəxsin təqsirli olub-olmamasının müəyyən edilməsində ittiham tərəfini təhqiqatçı, müstəntiq və prokuror təmsil etdiyi halda, müdafiə tərəfi, bir qayda olaraq, yalnız vəkil tərəfindən həyata keçirilir. Bu səbəbdən vəkilin iştirakı qanunvericiliklə məcburi hesab edilən proseslərdə onun fəaliyyətinin dövlət tərəfindən təmin edilmiş ədalət mühakiməsi mexanizminin mühüm hissəsi olduğu şübhəsizdir.

Vəkillər öz hüquq və səlahiyyətləri çərçivəsində mülki, inzibati, cinayət və digər məhkəmə icraatlarında, habelə təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarında geniş və məsuliyyətli fəaliyyət həyata keçirirlər. Bir sıra hallarda qanunvericilik vəkilin prosesdə iştirakını zəruri şərt kimi müəyyən etdiyindən, müvafiq dövlət orqanları tərəfindən prosessual hərəkətlərin və iş üzrə icraatın vəkilin iştirakı olmadan davam etdirilməsi mümkün olmur.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 fevral 2018-ci il tarixli 3707 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamda vəkillik institutunun insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinin və ədalət mühakiməsinin səmərəli fəaliyyətinin təmin edilməsində mühüm rolu oynayır. Aydındır ki, bu hüquqi-siyasi yanaşma vəkillik institutunun inkişafının yalnız onun fəaliyyətinin təşkilati və prosessual aspektləri ilə məhdudlaşmamalı, həmçinin peşənin uzunmüddətli dayanıqlılığını təmin edən sosial və institusional şərtləri də əhatə etməli olduğunu göstərir.

Müasir sosial siyasət və pensiya sistemləri üzrə elmi yanaşmalarda pensiya təminatının adekvatlığı yalnız fərdin əmək fəaliyyəti dövründə ödədiyi sosial sığorta haqlarının həcmi ilə deyil, həmçinin onun məşğulluq statusu, gəlir əldə etmə modelinin xüsusiyyətləri, peşə fəaliyyətinin xarakteri və sosial risklər nəzərə alınmaqla qiymətləndirilir. Xüsusilə müstəqil peşə sahiblərinin pensiya təminatında gəlirlərin qeyri-sabitliyi, sosial sığorta ödənişlərinin formalaşması mexanizmi və peşə xərclərinin yüksək olması kimi amillərin pensiya kapitalının yığılmasına təsiri elmi ədəbiyyatda və beynəlxalq sosial siyasət praktikasında ayrıca qeyd olunur. Bu baxımdan vəkillərin pensiya təminatının qiymətləndirilməsi zamanı onların yalnız sığorta ödənişlərinin formal göstəricilərinə deyil, vəkillik fəaliyyətinin institusional və sosial xüsusiyyətlərinə kompleks yanaşılması zəruridir. Vəkillik fəaliyyəti xüsusi qanunla tənzimlənən, müstəqil həyata keçirilən və eyni zamanda insan hüquqlarının müdafiəsi və ədalət mühakiməsinin həyata keçirilməsi baxımından ictimai əhəmiyyət daşıyan peşə fəaliyyətidir. Bu fəaliyyətin nəticələri yalnız vəkilin özü və onun hüquqi yardım göstərdiyi şəxs üçün deyil, bütövlükdə hüquq sisteminin səmərəli fəaliyyəti baxımından əhəmiyyət kəsb edir.

Odur ki, uzunmüddətli vəkillik fəaliyyətinin nəticəsində formalaşan ictimai faydanın və peşə fəaliyyətinin spesifik xüsusiyyətlərinin sosial təminat siyasətində nəzərə alınması sosial ədalət, adekvat pensiya təminatı və peşəkar insan kapitalının qorunması prinsipləri baxımından əsaslandırıla bilər. Belə yanaşma eyni zamanda təcrübəli hüquqşünasların vəkillik fəaliyyətində ``uzunmüddətli iştirakının təşviq edilməsinə, peşədə insan kapitalının qorunmasına və yüksək ixtisaslı kadrların sistemdə saxlanılmasına xidmət edə bilər.
Bu metodoloji yanaşmadan çıxış edərək, vəkillərin pensiya təminatı ilə bağlı mövcud hüquqi tənzimləmənin vəkillik fəaliyyətinin xüsusi statusu, ictimai funksiyası, gəlir və sosial sığorta ödənişlərinin formalaşması xüsusiyyətləri, peşə yükü və uzunmüddətli sosial təminat ehtiyacları baxımından yenidən qiymətləndirilməsi məqsədəuyğundur.
Beləliklə, vəkillik fəaliyyəti hüquqi yardım göstərən şəxsin fərdi peşə fəaliyyəti olmaqla yanaşı, dövlətin ədalət mühakiməsinin həyata keçirilməsi və şəxslərin müdafiə hüququnun təmin edilməsi ilə bağlı öhdəliklərinin icrasında mühüm rol oynayan ictimai əhəmiyyətli fəaliyyət sahəsidir.

Əmək fəaliyyətinin əsas və həlledici hissəsini vəkillərlə birgə həyata keçirən hakim, prokuror və digər hüquq-mühafizə orqanlarının əməkdaşlarının pensiya təminatı ilə vəkillərin pensiya təminatı arasında ciddi fərqlərin mövcud olması diqqətəlayiqdir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən, vəkillərin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Bununla yanaşı, “Əmək pensiyaları haqqında” Qanunda hakimlər, prokurorluq və digər müvafiq dövlət orqanlarının əməkdaşları üçün onların xüsusi statusu və qulluq stajı nəzərə alınmaqla əlavə və güzəştli pensiya təminatı mexanizmləri nəzərdə tutulduğu halda, vəkillik fəaliyyəti və vəkil statusunun spesifik xüsusiyyətləri ilə bağlı analoji mexanizm mövcud deyildir. Burada əsas məsələ müxtəlif peşələrin mexaniki şəkildə eyniləşdirilməsi deyil, onların cəmiyyət və dövlət qarşısında həyata keçirdikləri funksiyaların, peşə fəaliyyətinin xüsusi xarakterinin və həmin fəaliyyətin sosial təminata təsirinin adekvat şəkildə nəzərə alınmasıdır. Vəkillik fəaliyyəti də xüsusi qanunla tənzimlənir və “vəkil” statusuna malik şəxslər tərəfindən həyata keçirilə bilər. Vəkilin fəaliyyətinin əsas məqsədi şəxslərin hüquq və qanunla qorunan mənafelərinin müdafiəsini, onlara peşəkar hüquqi yardım göstərilməsini və müdafiə hüququnun real şəkildə təmin edilməsini təşkil edir.

Bu baxımdan hesab edirik ki, vəkillərin pensiya təminatının müəyyən edilməsində onların xüsusi peşə statusu, fəaliyyətlərinin ictimai əhəmiyyəti və digər hüquq peşələri ilə müqayisədə daşıdıqları funksional yük nəzərə alınmalıdır. Vəkillərin sosial və pensiya təminatı məsələsi beynəlxalq praktikada da ayrıca diqqət yetirilən sahələrdəndir. Avropa Vəkillər və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) materiallarından göründüyü kimi, Avropa ölkələrində vəkillərin sosial təminatı vahid model üzrə təşkil edilməmişdir. Bəzi ölkələrdə vəkillər ümumi məcburi sosial təminat və pensiya sistemlərinə daxil edilir, digər ölkələrdə isə vəkillik peşəsinə xas ayrıca pensiya və sosial təminat mexanizmləri mövcuddur.
Bu təcrübə göstərir ki, vəkillərin sosial təminatının ümumi sistemdən fərqləndirilməsi beynəlxalq praktikada qeyri-adi yanaşma deyildir. Əksinə, vəkillik peşəsinin xüsusi statusundan irəli gələn sosial təminat mexanizmlərinin yaradılması və ya mövcud sistem daxilində həmin peşənin xüsusiyyətlərinin nəzərə alınması müxtəlif hüquq sistemlərində tətbiq olunur.
Bu baxımdan vəkillərin pensiya təminatına yanaşma yalnız onların ödədiyi sığorta haqlarının məbləği ilə məhdudlaşdırılmamalı, vəkillik fəaliyyətinin xüsusi xarakteri və ictimai funksiyası da nəzərə alınmalıdır.

Müzakirə edilən məsələ ilə bağlı bir sıra dövlətlərin təcrübəsinə diqqət yetirmək yerinə düşərdi. Məsələn, İspaniyada vəkillərin pensiya hüquqları ilə bağlı məsələ 2024-cü ildə Avropa Parlamentinə təqdim edilmiş 1362/2024 nömrəli petisiyanın predmetinə çevrilmişdir. Petisiya Salvador González tərəfindən İspaniya Vəkillər Kollegiyalarının Baş Şurasının (Consejo General de la Abogacía Española) adından təqdim edilib və birbaşa İspaniyada vəkillərin pensiya hüquqlarına həsr olunub. Petisiyada vəkillərin müəyyən sosial təminat və pensiya mexanizmləri ilə bağlı problemləri qaldırılmışdır. Bu fakt göstərir ki, vəkillərin pensiya təminatı məsələsi yalnız Azərbaycan üçün xarakterik problem olmayıb, müxtəlif hüquq sistemlərində müzakirə olunan sosial-hüquqi məsələdir. Qeyd etmək xüsusilə əhəmiyyətlidir ki, həmin məsələ Avropa Parlamentinin Petisiyalar Komitəsinin gündəliyinə daxil edilmiş və 16 iyul 2025-ci il tarixində keçirilmiş iclasda Petisiya №1362/2024 üzrə araşdırmanın davam etdirilməsi və Avropa Komissiyasının yazılı cavabının gözlənilməsi barədə qərar qəbul edilmişdir.

Eyni zamanda, hesab edirik bu sahədə daha uğurlu və faydalanacaq təcrübələrdən biridə Almaniya Federativ Respubliasında formalaşmışdır. Almaniyada vəkillər üçün “berufsständische Versorgungseinrichtung” adlanan peşə pensiya təminatı qurumları - Versorgungswerk-lər fəaliyyət göstərir. Bu qurumlar vəkillər kimi müəyyən liberal peşə sahiblərinin yaşa görə pensiya, əmək qabiliyyətinin itirilməsi və ailə üzvlərinin sosial təminatı ilə bağlı təminatlarını həyata keçirirlər. Almaniya qanunvericiliyində müəyyən edilmiş şərtlərə cavab verən vəkillər peşə pensiya təminatı sisteminin məcburi iştirakçısı olmaqla, ümumi dövlət pensiya sığortası sistemindən azad edilə bilərlər. Beləliklə, vəkilin pensiya təminatı ümumi əmək pensiyası mexanizmi ilə yanaşı, onun xüsusi peşə statusuna uyğun ayrıca institusional sistem çərçivəsində formalaşdırılır. Almaniya modelinin diqqətəlayiq xüsusiyyəti ondan ibarətdir ki, vəkillərin pensiya təminatı yalnız fərdi qaydada yığılmış pensiya kapitalına əsaslanan mexanizm kimi deyil, konkret peşə qrupunun sosial təminatını həyata keçirən, hüquqi əsaslara malik və özünüidarə prinsipləri ilə fəaliyyət göstərən peşə pensiya qurumları vasitəsilə təşkil olunur.

Bu modelin Azərbaycan üçün əhəmiyyəti ondan ibarətdir ki, vəkillik fəaliyyətinin xüsusi hüquqi statusunun onların sosial təminat sistemində də ayrıca nəzərə alınması mümkündür. Almaniya təcrübəsi göstərir ki, belə yanaşma mütləq şəkildə hakim və ya prokurorlar üçün nəzərdə tutulmuş dövlət qulluğu pensiya sisteminin vəkillərə də tətbiq edilməsini tələb etmir. Əksinə, vəkillik peşəsinin özünəməxsus xüsusiyyətlərinə uyğun ayrıca peşə pensiya təminatı mexanizminin yaradılması alternativ hüquqi model kimi çıxış edə bilər.
Yuxarıda göstərilən müqayisəli hüquq təcrübəsi ilə yanaşı, mövzunun Avropa İnsan Hüquqları Məhkəməsinin (bundan sonra – AİHM) presedent hüququ kontekstində qiymətləndirilməsi zəruridir.

Belə ki, AİHM Klein Avstriyaya qarşı (Klein v. Austria, ərizə № 57028/00, 3 mart 2011-ci il tarixli qərar) işində birbaşa vəkillərin peşə pensiya fondundan (Rechtsanwaltskammer-in Versorgungseinrichtung-i) əldə edəcəyi pensiya hüququnun Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsi (mülkiyyətin toxunulmazlığı) mənasında “mülkiyyət” (possession) təşkil etdiyini qəbul etmişdir. Bu presedent yuxarıda təsvir edilən Almaniya/Avstriya modelinin (Versorgungswerk) hüquqi əsaslandırılması ilə bağlı əlavə arqument sayıla bilər, çünki AİHM artıq vəkillərin ayrıca peşə pensiya institutunun Konvensiya çərçivəsində tanınan və qorunan hüquqi konstruksiya olduğunu təsdiqləmişdir.
Digər tərəfdən, AİHM-in ardıcıl presedent hüququ (Gaygusuz Avstriyaya qarşı, 1996; Stec və başqaları Birləşmiş Krallığa qarşı [Böyük Palata], 2005; Béláné Nagy Macarıstana qarşı [Böyük Palata], 2016) göstərir ki, sosial təminat və pensiya hüquqları — formal töhfə əlaqəsindən asılı olmayaraq — Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsi çərçivəsində mülkiyyət hüququ kimi qiymətləndirilə bilər. Bu yanaşma məqalədə qeyd olunan vəkillərin gəlir modelinin qeyri-sabitliyi və sosial sığorta ödənişlərinin formalaşması xüsusiyyətlərinə dair arqumentin əsaslılığını göstərir.

Hakimlər və prokurorlarla vəkillər arasındakı pensiya hüququ təminatı ilə bağlı fərq daha güclü hüquqi əsaslandırma ilə Konvensiyanın 14-cü maddəsinin (ayrı-seçkiliyin qadağan olunması) 1 saylı Protokolun 1-ci maddəsi ilə birgə tətbiqi çərçivəsində qurula bilər. AİHM-in presedent hüququna görə, müqayisə edilə bilən vəziyyətdə olan qruplar arasında — burada məhkəmə hakimiyyətinin həyata keçirilməsində iştirak edən hüquq peşələri nəzərdə tutulur — obyektiv və ağlabatan əsaslandırma olmadan fərqli rəftar 14-cü maddənin pozuntusu hesab edilə bilər (Stec və başqaları Birləşmiş Krallığa qarşı, § 51).

Nəhayət, vəkilliyin ictimai funksiyası ilə bağlı arqumentasiya AİHM-in Konvensiyanın 6-cı maddəsinə dair presedentləri ilə əlaqələndirilə bilər. Airey İrlandiyaya qarşı (1979) işində Məhkəmə effektiv məhkəməyə çıxış hüququnun bəzən dövlətin adekvat hüquqi yardım təmin etməsini tələb etdiyini, Artico İtaliyaya qarşı (1980) işində isə müdafiə hüququnun formal deyil, praktik və effektiv olmalı olduğunu müəyyən etmişdir. Van der Mussele Belçikaya qarşı (1983) işində isə Məhkəmə vəkillərin dövlət hesabına aşağı haqla hüquqi yardım göstərməsinin “məcburi əmək” təşkil etmədiyini, lakin bunun peşənin xüsusi statusundan irəli gələn əlavə yük olduğunu qəbul etmişdir.

Vurğulamaq lazımdır ki, vəkillik fəaliyyətinin xarakteri digər peşələrdən fərqli olaraq, iş vaxtının çox zaman əvvəlcədən proqnozlaşdırılmasının mümkün olmaması ilə səciyyələnir. Xüsusilə cinayət işləri üzrə vəkilin müdafiə etdiyi şəxsin gecə saatlarında tutulması və ya həbs edilməsi zamanı vəkil qısa müddətdə müvafiq dövlət orqanına getməli, müdafiə taktikasını müəyyən etməli və şəxsin hüquqlarının qorunmasını təmin etməlidir. Belə hallar vəkilin istirahət və şəxsi vaxtının məhdudlaşdırılması ilə nəticələnməklə yanaşı, peşənin yüksək psixoloji və emosional yükünü də artırır.

Ağır və xüsusilə ağır cinayət işləri üzrə uzunmüddətli məhkəmə prosesləri, yüksək konfliktli mübahisələr, müdafiə olunan şəxslərin və onların yaxınlarının emosional vəziyyəti, vaxt məhdudiyyətləri və peşə məsuliyyəti vəkillərin davamlı psixoloji gərginlik şəraitində fəaliyyət göstərməsinə səbəb olur. Bu xüsusiyyətlər vəkillik fəaliyyətinin yalnız hüquqi bilik tələb edən peşə deyil, eyni zamanda yüksək məsuliyyət, çeviklik, psixoloji dayanıqlılıq və fasiləsiz əlçatanlıq tələb edən xüsusi peşə olduğunu göstərir. Vəkillərin pensiya təminatında digər mühüm məsələ onların pensiya kapitalının formalaşması mexanizmidir. Muzdlu əmək münasibətlərində çalışan şəxslərdən fərqli olaraq, vəkillərin gəlirləri əmək müqaviləsi üzrə sabit aylıq əməkhaqqı formasında formalaşmır. Vəkillik fəaliyyəti üzrə gəlirlər müqavilə əsasında göstərilən hüquqi yardıma görə alınan ödənişlərdən formalaşır və həmin gəlirlərdən vəkillik fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müxtəlif xərclər ödənilir. Bunlara saxlanma xərcləri, üzvlük haqları, nəqliyyat, poçt və rabitə xərcləri, digər inzibati və peşə xərcləri, habelə qanunvericiliklə nəzərdə tutulmuş vergi və sosial ödənişlər daxildir.

Xüsusilə dövlət hesabına göstərilən hüquqi yardımın ödəniş mexanizminin vəkilin faktiki peşə xərcləri və uzunmüddətli sosial təminatı baxımından qiymətləndirilməsi ayrıca əhəmiyyət daşıyır. Hüquqi yardımın dəyərinin aşağı olması və həmin ödənişlərdən müxtəlif tutulmaların aparılması nəticəsində vəkilin real gəliri və müvafiq olaraq pensiya kapitalının formalaşması imkanları məhdudlaşa bilər. Nəticədə uzun illər vəkillik fəaliyyəti ilə məşğul olmuş şəxslərin pensiya yaşına çatdıqdan sonra əldə etdikləri pensiyanın onların uzunmüddətli peşə fəaliyyəti və cəmiyyət qarşısında yerinə yetirdikləri funksiyalarla adekvat nisbətdə olmaması problemi yaranır. Bu vəziyyət yalnız sosial təminat məsələsi deyil, eyni zamanda vəkillik peşəsinin gələcəkdə yüksək ixtisaslı hüquqşünaslar üçün cəlbediciliyinə, peşədə təcrübəli kadrların saxlanmasına və hüquqi yardımın keyfiyyətinə təsir edə biləcək amildir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, vəkillərin pensiya və sosial təminatının təkmilləşdirilməsi məqsədilə aşağıdakı tədbirlərin həyata keçirilməsini məqsədəuyğun hesab edirik:
a) Vəkillər üçün xüsusi pensiya təminatı mexanizminin yaradılması imkanının nəzərdən keçirilməsi - vəkillik fəaliyyətinin xüsusi qanunla tənzimlənən müstəqil peşə fəaliyyəti və ictimai əhəmiyyət daşıyan fəaliyyət sahəsi olması nəzərə alınmaqla, uzunmüddətli vəkillik stajına görə (məsələn: prokurorlarda və ədliyyə işçilərində olduğu kimi 35 il iş stajı) əlavə pensiya təminatı mexanizminin müəyyən edilməsi;

b) Xüsusi pensiya mexanizminin yaradılması mümkün hesab edilmədiyi təqdirdə, mövcud əmək pensiyası sistemi çərçivəsində uzunmüddətli vəkillik stajının və peşə fəaliyyətinin xüsusiyyətlərinin pensiya təminatı zamanı nəzərə alınmasına imkan verən əlavə təminat mexanizmlərinin müəyyən edilməsi və ya vəkillər müstəqil fəaliyyət göstərən şəxslər kimi ümumi pensiya sistemi daxilində, lakin onlar üçün ayrıca müəyyən edilmiş sosial sığorta və pensiya ödənişi qaydalarının müəyyən edilməsi (məsələn, Almaniya, Gürcüstan, Kazaxstan təcrübəsi);

c) Dövlət hesabına göstərilən hüquqi yardım üzrə ödənişlərin (hazırda 1 saat xidmət haqqı 11 manat) yenidən nəzərdən keçirilməsi - ödəniş məbləğinin vəkillərin faktiki peşə xərcləri, vergi və sosial sığorta öhdəlikləri, habelə hüquqi yardımın göstərilməsi üçün sərf olunan vaxt və əmək nəzərə alınmaqla adekvat səviyyədə müəyyən edilməsi və müvafiq olaraq onların gələcək pensiya təminatında nəzərə alınması;

d) Vəkillərin pensiya təminatının maliyyə dayanıqlığının təmin edilməsi - təklif olunan mexanizmin tətbiqi zamanı dövlət büdcəsinə yarana biləcək maliyyə yükünün, vəkillərin sosial müdafiəsinin və pensiya sisteminin uzunmüddətli maliyyə dayanıqlığının qarşılıqlı şəkildə nəzərə alınması;

e) Beynəlxalq təcrübənin sistemli şəkildə araşdırılması - Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının iştirakı ilə aidiyyəti dövlət qurumlarının və mütəxəssislərin təmsil olunduğu işçi qrupun yaradılması, müxtəlif ölkələrdə vəkillərin pensiya və sosial təminatı üzrə tətbiq olunan modellərin müqayisəli təhlil edilməsi və Azərbaycan üçün optimal model üzrə təkliflərin hazırlanması;

f) Qanunvericilik təkliflərinin hazırlanması - aparılmış təhlilin nəticələrinə əsasən vəkillərin xüsusi peşə statusunu, uzunmüddətli fəaliyyətini və sosial təminat ehtiyaclarını nəzərə alan müvafiq qanunvericilik dəyişikliklərinin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi.

Nəticə etibarilə, vəkillərin sosial və pensiya təminatının təkmilləşdirilməsi yalnız fərdi sosial müdafiə tədbiri kimi deyil, müstəqil vəkillik institutunun institusional dayanıqlığının və uzunmüddətli inkişafının təmin edilməsinin mühüm komponentlərindən biri kimi nəzərdən keçirilməlidir. Vəkillik fəaliyyətinin xüsusi peşə statusu, ictimai funksiyası, yüksək peşə məsuliyyəti və özünəməxsus iqtisadi xüsusiyyətləri nəzərə alındıqda, bu peşə üzrə sosial təminat mexanizmlərinin adekvatlığı və davamlılığı ayrıca hüquqi və sosial siyasət məsələsi kimi qiymətləndirilməlidir.

Bu kontekstdə vəkillərin uzunmüddətli sosial təminatının gücləndirilməsi peşəkar insan kapitalının qorunmasına, təcrübəli hüquqşünasların vəkillik fəaliyyətində saxlanılmasına, peşənin gələcək nəsillər üçün cəlbediciliyinin artırılmasına və nəticə etibarilə hüquqi yardımın keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərə bilər. Başqa sözlə, vəkillərin sosial təminatının adekvatlığı yalnız onların fərdi rifahı ilə məhdudlaşmayan, hüquqi yardım sisteminin institusional keyfiyyətinə və ədalət mühakiməsinin səmərəliliyinə təsir göstərən amil kimi çıxış edir.

Bu baxımdan vəkillərin pensiya təminatının təkmilləşdirilməsi sosial siyasət baxımından adekvatlıq, sosial ədalət və nəsillərarası həmrəylik prinsipləri, hüquqi baxımdan isə hüququn aliliyi, müdafiə hüququnun səmərəli təmin edilməsi və ədalət mühakiməsinə real çıxış prinsipləri ilə əlaqəli şəkildə qiymətləndirilməlidir. Belə kompleks yanaşma vəkillik institutunun yalnız mövcud fəaliyyət imkanlarının deyil, həm də onun uzunmüddətli institusional dayanıqlığının təmin edilməsinə imkan yarada bilər. Odur ki, vəkillərin pensiya təminatının mövcud mexanizmlərinin beynəlxalq təcrübə və müasir sosial siyasət yanaşmaları əsasında yenidən qiymətləndirilməsi, vəkillik fəaliyyətinin spesifik xüsusiyyətlərini nəzərə alan alternativ təminat modellərinin araşdırılması və Azərbaycan Respublikasının hüquq və sosial təminat sisteminin xüsusiyyətlərinə uyğun optimal mexanizmin müəyyən edilməsi məqsədəuyğun hesab olunur.

Samir Babayev

AR Vəkillər Kollegiyasının üzvü,

“LCG” Vəkil Bürosunun Direktoru

Oxşar xəbərlər