- 17:39
Artıq qış fəslini yarılamışıq. Soyuq qış ayları insanların istirahət etməsinə, təbiətlə bağlılığını gücləndirməsinə imkan yaradır. Bu mənada qış turizmi dünyada geniş yayılan və turizmin ən çox gəlir gətirən sahələrindən birinə çevrilib. Çünki qış turizmi iqtisadi baxımdan bölgələr üçün gəlir mənbəyi sayılır və məşğulluq imkanlarını xeyli artırır. Azərbaycanda da qış turizminə maraq ilbəil artmaqdadır. Əslində ölkəmizin qış turizmi potensialı yüksək qiymətləndirilir. Maraqlıdır, bu potensial necə dəyərləndirilir? Qış turizmi daha çox hansı bölgələrimizdə inkişaf edib? Qiymətlər yerli və xarici turistlər üçün əlçatandırmı?
Mövzu ilə bağlı e-huquq.az-ın suallarını cavablandıran turizm üzrə ekspert Ceyhun Aşurov bildirib ki, turizmin çeşidliliyi nə qədər çox olarsa, ölkəyə gələn turistlərin sayı da o qədər çox olar.
“Bu, daxili turistlərlə yanaşı, gəlmə turistlərin də sayını artırmış olur. Hesab edirəm ki, bütün fəsillərdə, hər fəslin öz gözəlliyinə uyğun fərqli, çeşidli turizm məhsulları hazırlanmalıdır. Müxtəlif turizm marşrutları olmalıdır ki, ölkəmizə gələn turist daha fərqli fəaliyyətlərlə tanış olsun. Həm də gələn turistin öz asudə vaxtını səmərəli keçirib pul xərcləməsi üçün şərait olmalıdır. Bu zaman ölkə iqtisadiyyatına turizmdən daha çox gəlir gələcək. Çünki çeşidlilik həm də turistləri stimullaşdırmış olur. Əgər turizm məhsulları çeşidlidirsə, fərqlidirsə və alternativlər çoxdursa bu, onların fəaliyyətlərini stimullaşdırır”, - deyə o qeyd edib.
Ekspert bildirib ki, tələbat yüksək olsa da, ölkəyə gələn turistlərin sayında azalma müşahidə edilir: “Bunun tək səsəbi quru sərhədlərinin bağlı olması ilə əlaqəli deyil. Eyni zamanda ölkəyə uçuşların baha olması da buna mənfi təsir edir. Yaxşı olar ki, bizim beynəlxalq hava limanlarına ucuz hava daşıyıcıları cəlbedici qiymət verməklə ölkəyə gələn turistlərin sayını artırmağa xidmət etsin. Region ölkələri ilə müqayisə etsək, görərik ki, hazırda Azərbaycan daxilində həm otellərin qiyməti, həm də restoraların qiyməti o qədər də baha hesab olunmur. Alternativlər var. Amma nəqliyyat məsələsində biz region ölkələrinə uduzuruq. Çünki turistləri ən çox düşündürən məqam məhz budur. Turist səyahət planlayarkən ilk olaraq gediş haqqını hesablayır. Azərbaycanda siyasi sabitlik hökm sürür, ölkəmiz güvənlidir, təhlükəsizdir. Amma bununla yanaşı, turisti cəlb etmək üçün qiymət siyasətinə də yenidən baxılmalıdır”.
C.Aşurov bildirib ki, Azərbaycanda qış turizmi daha çox Qəbələ, Qusar kimi rayonlarda daha çox inkişaf edib: “Çünki bu bölgələrdə iri infrastruktur yaradılıb. Məşhur qış turizm mərkəzləri fəaliyyət göstərir. Tufandağ, Şahdağ kimi böyük infrastrukturun və təsisatların olması daha çox turistin bu bölgələrə üz tutmasına şərait yaradır. Amma digər regionlarda da belə turizm müəssisələrinin sayı artırılmalıdır. Turistlərin stimullaşdırılması üçün ötən il Həmkarlar İttifaqının aktiv fəaliyyətini gördük. Artıq platforma yaradılıb. Həmkarlar İttifaqı vasitəsilə daha əlverişli qiymətə ölkə daxilində olan turizm məkanlarına səfərlər təşkil olunur. Xüsusilə sanatoriyalara, istirahət mərkəzlərinə, eyni zamanda turizm məkanlarına səfərlərin sayı dəfələrlə artıb. Beləliklə, həmin turizm məkanları yerli turistlər üçün daha əlçatan oldu. Turizm müəssisələri də xüsusi paketlər hazırlayır. Uzun müddət qalan müştərilər üçün qiymətlər daha endirimli olur. Mövsümün pik nöqtəsində və qeyri-mövsüm dövründə bazara təqdim edilir. Bundan başqa qalmaq üçün yerlərin artması, kənd evləri yerli turistlərin kifayət qədər marağına səbəb olur. Tursitlər şərait və qiymətlərdən hər zaman razı qalmaya bilir. Çünki müştəri olaraq turist hər zaman əlverişli qiymət və keyfiyyətli xidmət istəyir. Turistin buna haqqı var. Bunun üçün isə bazarda təklifin sayı çox olmalıdır. Yəni qalmağa daha çox yerlər, otellər, turizm məkanları açılmalıdır ki, rəqabət sayəsində turistlər daha əlverişli qiymətə keyfiyyətli xidmətə nail ola bilsinlər”.
Mütəxəssis ölkəmizə daha çox turist gələn ölkələrin adını da açıqlayıb: “Hazırda ölkəmizə daha çox Şərqi Avropadan, Orta Asiyadan, eyni zamanda Türkiyə və Gürcüstandan gələn qonaqların sayı üstünlük təşkil edir. Həmçinin İsrail və Çindən gələnlərin sayı da kifayət qədərdir”.
Şəbnəm Mehdizadə