- 13:18
"İşğaldan azad olunmuş ərazilərdə vacib işlər görülür. Evlər tikilir, yollar, məktəblər, xəstəxanalar salınır. Amma, dövlətin hər şeyi təkbaşına etməsi, bütün maliyyə yükünü üzərinə götürməsi uzun müddətli həll deyil. Bu, nə büdcə üçün dayanıqlıdır, nə də insanların orada kök salması üçün doğru modeldir".
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bugünkü plenar iclasında deyib.
"Bu gün biz köçkünlər üçün evi də, kommunalı da, infrastrukturu da dövlət hesabına qururuq. Amma nəticə nədir? Köçən insanların bir hissəsi bir müddət sonra geri qayıdır. Səbəb sadədir: iş yeri azdır, dolanışıq zəif, iqtisadi həyat formalaşmayıb", - deyə o qeyd edib.
Deputatın fikrincə, dövlətin əsas rolu ev tikmək yox, şərait yaratmaq olmalıdır: "Dövlət yol çəksin, su, işıq, qaz, internet, məktəb, xəstəxana yaratsın. Amma evlərin tikintisi mərhələli şəkildə, dövlətin nəzarəti və güzəştli mexanizmləri ilə vətəndaşın özünə verilsin. Köçkün öz evini özü tikəndə o torpağa daha çox bağlanır. Tikə-tikə ora öyrəşir, ətrafı tanıyır, dolanışıq yolu axtarır, qonşuluq münasibətləri formalaşır. Bu, psixoloji və sosial baxımdan da daha sağlam modeldir. Üstəlik, bu yanaşma dövlət büdcəsi üçün də qat-qat ucuz başa gəlir. Vətəndaş öz evini indiki qymətlərdən iki dəfə daha ucuz məbləğə tikəcək".
R.Nurullayev bildirib ki, Qarabağı yalnız dövlət layihələri üzərindən bərpa etmək mümkün deyil: "Bu bölgə dövlətin nəzarəti altında, amma real şəkildə özəl sektora açılmalıdır. Kiçik və orta sahibkarlıq üçün daha münasib və süründürməçilikdən uzaq şərait, uzunmüddətli kreditlər, torpaq icarəsinin daha sadələşdirilmiş mexanizmləri tətbiq olunmalıdır. Orada fabrik, emal müəssisəsi, turizm obyektləri, xidmət sahələrinin yalnız sənaye zonalarında yox, bütövlükdə hər bir yerdə yaradılması asanlaşdırılmalıdır".
"Üçüncü məsələ isə "kənd konsepsiyası"dır. Biz kəndi hamı üçün eyni model kimi planlaşdırırıq. Amma reallıq başqa cürdür. Əgər bir ailə kənddə mal-qara saxlamaq istəmirsə, təsərrüfatla məşğul olmayacaqsa, onu məcburən klassik kənd modelinə köçürməyin mənası yoxdur. Belə insanlar üçün şəhərcik və qəsəbə tipli yaşayış məntəqələri formalaşdırılmalıdır - xidmət sektoru, kiçik biznes, emal, turizm üzərində qurulan yaşayış mühiti yaradılmalıdır. Kəndlər isə funksional zonalara bölünə bilər: bir hissəsi mal-qara saxlayan, kənd təsərrüfatı ilə məşğul olan ailələr üçün; digər hissəsi isə bu həyat tərzinə uyğun olmayan, amma kənd mühitində yaşamaq istəyən insanlar üçün. Hamını eyni qəlibə salmaqla uğur əldə edə bilmərik. Biz insanı yox, modeli dəyişməliyik", - deyə deputat əlavə edib.
Şəbnəm Mehdizadə