Əmlakı üzərinə həbs qoyulan üçüncü şəxslərin hüquqlarının müdafiəsi gücləndirilir


  • 12:37

Cinayət prosesini həyata keçirən orqanın əmlak üzərinə həbs qoyması barədə qərarından zərər çəkən, lakin prosesdə rəsmi iştirakçı statusuna malik olmayan üçüncü şəxslərin hüquqlarının müdafiəsi uzun müddət hüquqi tənzimləmədən kənarda qalan sahələrdən biridir.

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vasif Qafarov parlamentin bugünkü plenar iclasında Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində və "İcra haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, təqdim olunan qanun layihəsi mühüm hüquqi boşluğu aradan qaldıran və cinayət-prosessual qanunvericiliyin təkmilləşdirilməsi baxımından mütərəqqi xarakter daşıyan qanunvericilik təşəbbüsü kimi qiymətləndirilməlidir. Layihənin ən mühüm üstünlüklərindən biri, belə şəxslərin cinayət prosesində ayrıca iştirakçı kateqoriyası kimi tanınması,onların hüquq və vəzifələrinin sistemli şəkildə müəyyənləşdirilməsi, habelə məhkəmə müdafiəsi vasitələrindən istifadə imkanlarının genişləndirilməsidir.

Deputatın sözlərinə görə, xüsusilə həmin şəxslərə apellyasiya, kassasiya və əlavə kassasiya qaydasında şikayət vermək hüququnun tanınması, məhkəmə baxışlarında iştirak etmək, sübutlar təqdim etmək və vəsatətlər vermək imkanlarının yaradılması hüquqi müdafiə mexanizmlərini əhəmiyyətli dərəcədə gücləndirir. Bu baxımdan layihə həm prosessual ədalətin, həm də konstitusiya ilə təmin olunan mülkiyyət hüququnun daha effektiv müdafiəsinə xidmət edən mühüm addım hesab edilməlidir.

Bununla yanaşı, V.Qafarov layihənin daha da təkmilləşdirilməsi məqsədilə bir sıra hüquqi və praktiki məsələlərin də nəzərə alınmasını məqsədəuyğun hesab edib: "Layihənin ən nəzərəçarpan çatışmazlıqlarından biri kompensasiya mexanizminin nəzərdə tutulmamasıdır. Layihə həmin şəxsin cinayət prosesinə cəlb edilməsini və onun hüquq və vəzifələrini müəyyən edir, lakin əmlakına haqsız və ya sonradan əsassız hesab edilən həbs qoyulması nəticəsində dəymiş zərərin ödənilməsi barədə hər hansı norma nəzərdə tutmur. Hesab edirəm ki, cinayət prosesi başa çatdıqdan sonra şəxsin əmlakından istifadə edə bilmədiyi müddət ərzində itirdiyi gəlir, iş imkanları və digər maddi itkilər üçün kompensasiya tələb etmək hüququ açıq şəkildə müəyyən edilməlidir. Əks halda hüquq formal olaraq tanınsa da, pozulduğu halda onun effektiv bərpası təmin olunmamış qalır. Layihədə, həmçinin şəxsin vəfatı halında hüquqi varisliyin tənzimlənməməsi ciddi çatışmazlıq kimi çıxış edir. Əmlak üzərinə həbs qoyulmuş şəxs proses zamanı vəfat etdikdə onun bu layihə ilə tanınan prosessual hüquqlarının varislərinə keçib-keçməyəcəyi müəyyən edilmir. Mülki qanunvericiliklə uyğunluğun təmin olunması məqsədilə bu məsələnin də ayrıca tənzimlənməsi zəruridir. Layihədə vicdanlı üçüncü şəxslərin müdafiəsi məsələsi də ayrıca tənzimlənməmişdir. Praktikada cinayət yolu ilə əldə edilmiş əmlakın sonradan həmin hallardan xəbərsiz olan şəxslərə ötürülməsi mümkündür. Belə hallarda vicdanlı əldəedicinin hüquqlarının hansı meyarlarla qiymətləndiriləcəyi və müdafiə olunacağı aydın şəkildə müəyyən edilmədiyindən gələcəkdə hüquqi qeyri-müəyyənlik yarana bilər".

Deputat qeyd edib ki, bu dəyişikliklər cinayət prosesində iştirakçı statusuna malik olmayan, lakin əmlak hüquqları məhdudlaşdırılan şəxslərin hüquqi müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm qanunvericilik təşəbbüsüdür: "Layihə ilk dəfə olaraq belə şəxslərin prosessual statusunu müəyyənləşdirir, onların məhkəmə müdafiəsi imkanlarını genişləndirir və mülkiyyət hüququnun daha effektiv qorunmasına xidmət edir. Qeyd olunan təkliflərin nəzərə alınması da qanunun tətbiqində yarana biləcək hüquqi risklərin minimuma endirilməsinə və mülkiyyət hüququnun daha etibarlı qorunmasına xidmət edəcək".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər