- 13:39
"Cinayət-prosesual qanunvericiliyinə əsasən, aşkar şəraitdə törədilmiş bəzi yüngül cinayətlərin araşdırılmasının daha sürətli, effektiv və az xərclə həll edilməsi üçün nəzərdə tutulmuş xüsusi prosessual institut kimi sadələşdirilmiş icraat tətbiq edilir. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumatın təhqiqatçıya, müstəntiqə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora daxil olduğu vaxtdan 10 gün müddətində aparılır. Lakin təcrübə göstərir ki, cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək üçün bir çox hallarda bu müddət kifayət etmir.
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin bugünkü plenar iclasında Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
"Məsələn, Cinayət məcəlləsinin 128-ci maddəsi üzrə Qəsdən sağlamlığa yüngül zərər vurma zamanı qohumların üzləşdirilməsi ilə bağlı istintaq hərəkətinin aparılması, yaxud ekspertizanın aparılması zamanı vaxt uzanır və müddətin daha 20 gün artırılması üçün ayrıca prosesual hərəkətlər edilməsi bürokratik zərurətlər meydana çıxır. Hazırkı layihə isə məlumatın aidiyyatı üzrə daxil olduğu vaxtdan 30 gün müddətində təhqiqat aparılmasını nəzərdə tutmaqla məsələni kökündən həll edir. Beləliklə, məhkəməyədək sadələşdirilmiş icraatın açılması və ya açılmasından imtina barədə qərarın qəbul edilməsi, təhqiqatın aparılması, prokuror nəzarətinin həyata keçirilməsi və s. ilə bağlı müəyyən edilmiş bəzi prosessual müddətlərin artırılması sadələşdirilmiş icraat aparılarkən işin hərtərəfli araşdırılmasının və zəruri sübutların toplanılmasının daha etibarlı təmininə gətirib çıxaracaq", - deyə deputat qeyd edib.
B.Məhərrov bildirib ki, Məcəllənin bəzi maddələrində "şikayət" sözünün "məlumat" sözü ilə əvəz edilməsi təklif edilir. Çünki, bəzi hallarda hüquq mühafizə orqanlarına məlumat verən şəxsin niyyətinin şikayət etmək yox, sadəcə baş vermiş cinayət hadisəsi barədə səlahiyyətli orqanları məlumatlandırmaq olur ki, bunun da şikayət adı altında rəsmiləşdirilməsi doğru deyil.
"Bildiyiniz kimi, törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün fiziki şəxslər və media subyektləri ilə yanaşı CPM-in 205-ci maddəsinə əsasən hüquqi şəxslərin (vəzifəli şəxslərin) məlumatları da səbəb hesab edilir. Qanun layihəsində məhz hüquqi şəxslər tərəfindən də cinayət hadisəsi barədə məlumat verilməsinin mümkünlüyü nəzərə alınaraq böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı məlumatda və ya şifahi məlumatın qəbul edilməsi barədə protokolda, həmçinin məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokolda hüquqi şəxsə dair müvafiq məlumatların göstərilməsi nəzərdə tutulur", - deyə deputat əlavə edib.
Şəbnəm Mehdizadə