- 10:12
Sosial şəbəkələr çoxdan yalnız ünsiyyət vasitəsi olmaqdan çıxıb. Bu gün uşaqlar və yeniyetmələr burada məlumat əldə edir, ünsiyyət qurur, özlərini ifadə edir, əylənir və bəzən həyatlarının əhəmiyyətli hissəsini məhz rəqəmsal mühitdə keçirirlər.
Amma rəqəmsal imkanlar genişləndikcə hüquq qarşısında yeni bir sual yaranır:
Uşağı sosial şəbəkələrin risklərindən kim qorumalıdır - valideyn, dövlət, yoxsa platformanın özü?
Azərbaycan qanunvericiliyində müzakirə edilən yeni dəyişikliklər bu suala kifayət qədər maraqlı cavab verir: məsuliyyət yalnız valideynin üzərinə qoyulmamalıdır. Uşağın diqqətini, məlumatlarını və rəqəmsal davranışını idarə etmək imkanına malik sosial şəbəkə platforması da müəyyən hüquqi öhdəliklər daşımalıdır.
Hansı qanunvericilik dəyişikliklərindən söhbət gedir?
Milli Məclisdə "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, ‘İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında’ və ‘Uşaqların zərərli informasiyadan qorunması haqqında’ Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Qanun layihəsi müzakirə olunub.
Layihənin əsas yeniliklərindən biri “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna yeni 13-4-cü maddənin — “Şəxslərin platformada qeydiyyatına dair tələblər” maddəsinin əlavə edilməsidir.
Layihənin 13-4.1-ci maddəsinə əsasən, 16 yaşı tamam olmamış şəxslərin yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformasında fərdi rəqəmsal hesab yaratmasına yol verilməməsi nəzərdə tutulur.
Burada mühüm bir detal var: məhdudiyyət bütün internet resurslarına avtomatik şəkildə aid edilmir. Yaş məhdudiyyəti tətbiq ediləcək sosial şəbəkə platformalarının siyahısının səlahiyyətli qurum tərəfindən müəyyən olunması nəzərdə tutulur.
16 yaş tamam oldu - bütün məhdudiyyətlər bitdimi?
Xeyr.
Layihənin ən maraqlı hissələrindən biri məhz 16–18 yaşlı istifadəçilər üçün nəzərdə tutulan xüsusi müdafiə mexanizmləridir.
16-18 yaşlı uşağın fərdi rəqəmsal hesab yaratması zamanı onun qanuni nümayəndəsinin razılığının alınması nəzərdə tutulur.
Bununla yanaşı, qanuni nümayəndəyə uşağa təqdim olunan məzmun və reklamların dairəsini, eləcə də onun sosial şəbəkədən istifadə saatlarını idarə etmək imkanı verilməsi təklif edilir.
Deməli, söhbət sadəcə yaş həddinin müəyyənləşdirilməsindən getmir.
Qanunverici valideyn nəzarətini sosial şəbəkənin texniki imkanlarının bir hissəsinə çevirməyi təklif edir.
Sosial şəbəkə uşağın yaşını necə müəyyən edəcək?
Ən maraqlı və eyni zamanda mübahisə doğura biləcək məsələlərdən biri budur.
Layihədə yaşın əvvəlcə istifadəçinin özü tərəfindən bəyan edilməsi, daha sonra müəyyən məlumatlar vasitəsilə yoxlanılması nəzərdə tutulur.
Bank kartı, elektron poçt ünvanı və mobil telefon nömrəsi ilə bağlı məlumatlardan yaşın dəqiqləşdirilməsi və 16–18 yaşlı uşağın qanuni nümayəndəsinin razılığının yoxlanılması məqsədilə istifadə edilməsi təklif olunur. Bu isə başqa bir fundamental hüquqi məsələni ortaya çıxarır:
Uşağı qorumaq üçün onun haqqında nə qədər məlumat toplamaq olar?
Layihə bu riski də nəzərə almağa çalışır.
Yaşın yoxlanılması üçün əldə edilən fərdi məlumatların provayderin informasiya sistemində saxlanılması, üçüncü şəxslərə ötürülməsi, hədəfli reklam, kommersiya və digər məqsədlərlə istifadə edilməsi qadağan edilir. Yoxlama başa çatdıqdan sonra həmin məlumatların dərhal silinməsi nəzərdə tutulur.
Beləliklə, qanunverici iki hüquqi dəyər arasında balans yaratmağa çalışır:
uşağın təhlükəsizliyi və onun şəxsi məlumatlarının qorunması.
Hüquq artıq “sonsuz sürüşdürmə” ilə də maraqlanır
Layihənin bəlkə də ən maraqlı yeniliklərindən biri sosial şəbəkələrin dizaynına müdaxilə edən normalardır.
16–18 yaşlı uşaqların hesablarında onların fiziki və psixi sağlamlığına zərər vuran və ya asılılıq yaradan məzmunların və reklamların qarşısının alınması nəzərdə tutulur.
Amma məsələ bununla bitmir.
Layihədə “sonsuz sürüşdürmə”, videomaterialların avtomatik səsləndirilməsi və digər manipulyativ dizayn üsullarından istifadənin qadağan edilməsi də nəzərdə tutulur.
Bu, rəqəmsal hüququn inkişafı baxımından olduqca maraqlı yanaşmadır.
Çünki hüquq artıq yalnız:
“Uşağa hansı məzmunu göstərmək olar?”sualını vermir.Başqa bir sual da meydana çıxır:
“Platforma həmin məzmunu uşağa hansı üsulla təqdim edə bilər?”
Başqa sözlə, hüquqi tənzimləmənin predmeti artıq yalnız informasiya deyil, insan davranışına təsir edən alqoritm və dizayn mexanizmləridir.
Zərərli məzmuna 24 saat ərzində müdaxilə
Layihədə 16–18 yaşlı istifadəçilərin həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəf və ləyaqətinə, eləcə də qanunla qorunan digər hüquq və azadlıqlarına təhlükə yaradan məzmunlarla bağlı platformaların üzərinə aktiv öhdəlik qoyulması nəzərdə tutulur.
Platformada belə məzmunların aşkar edilməsi və onlara operativ müdaxilə üçün fasiləsiz işləyən rəqəmsal həllər olmalıdır.Layihəyə görə, zərərli məzmun aşkar edildiyi andan etibarən texniki müdaxilə müddəti 24 saatdan artıq olmamalıdır.
Bu yanaşma sosial şəbəkənin hüquqi statusuna münasibətdə də dəyişiklik deməkdir.
Platforma artıq sadəcə insanların paylaşım etdiyi passiv texnoloji məkan kimi qəbul edilmir.
Ondan istifadəçilərin, xüsusilə uşaqların təhlükəsizliyinin təmin edilməsində aktiv iştirak tələb olunur.
Uşaqlıqda paylaşdığımız məlumatları gələcəkdə silə biləcəyikmi?
Layihədə diqqəti çəkən digər mühüm müddəa şəxsin yetkinlik yaşına çatanadək paylaşdığı məlumatlarla bağlıdır.
Provayder həmin şəxsin özü, yetkinlik yaşına çatmadığı halda isə qanuni nümayəndəsi və qanunda göstərilən digər səlahiyyətli subyektlərin müraciəti əsasında onun yerləşdirdiyi məlumatların, paylaşdığı məzmunun və fərdi məlumatlarının silinməsini təmin etməlidir.
Bu norma rəqəmsal dövrdə getdikcə daha çox əhəmiyyət qazanan bir hüquqi ideyaya yaxınlaşır:
insanın rəqəmsal keçmişinin onun bütün gələcəyini müəyyən etməməsi.
Uşaq 14 və ya 15 yaşında etdiyi bir paylaşımın illər sonra onun təhsilinə, iş həyatına və ya şəxsi nüfuzuna təsir göstərə biləcəyini həmişə dərk edə bilməz.
Hüquq isə məhz bu həssaslığı nəzərə almalıdır.
Qaydanı pozan platformaları nə gözləyə bilər?
Layihə yalnız öhdəliklər müəyyən etməklə kifayətlənmir.
İnzibati Xətalar Məcəlləsinə yeni 388-4-cü maddənin əlavə edilməsi və sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə inzibati məsuliyyət müəyyən edilməsi nəzərdə tutulur.
Məsələn, 16–18 yaşlı istifadəçilər üçün nəzərdə tutulan texniki və təhlükəsizlik tədbirlərinin təmin edilməməsi, zərərli məzmuna vaxtında müdaxilə olunmaması, yaşın yoxlanılması məqsədilə toplanmış fərdi məlumatların qanuna zidd saxlanılması və ya başqa məqsədlər üçün istifadə edilməsi kimi pozuntulara görə hüquqi şəxslər üçün 35 000 manatdan 40 000 manatadək cərimə nəzərdə tutulur.
Təkrar pozuntu zamanı isə hüquqi şəxslər üçün cərimənin 45 000–50 000 manatadək yüksəlməsi təklif edilir.
Bu, qanunvericinin platformalara ünvanladığı mesajı kifayət qədər aydın göstərir:
uşağın rəqəmsal təhlükəsizliyi yalnız tövsiyə deyil, hüquqi öhdəliyə çevrilir.
Bəs mövcud hesablar necə olacaq?
Layihənin keçid müddəaları da xüsusilə diqqətəlayiqdir.
Nəzərdə tutulan qaydalar qüvvəyə mindikdən sonra 16 yaşdan aşağı uşaqlara məxsus mövcud fərdi rəqəmsal hesablara girişin məhdudlaşdırılması təklif olunur.
Şəxsin 16 yaşının tamam olmasını təsdiq edən məlumat təqdim edilməzsə, həmin hesabların və fərdi məlumatların silinməsi nəzərdə tutulur.
Lakin bu dəyişikliklərin dərhal tətbiqi nəzərdə tutulmur.
Layihənin keçid müddəasına görə, müvafiq qaydaların qanun dərc edildiyi gündən 12 ay sonra qüvvəyə minməsi təklif edilir. Bu müddət sosial şəbəkə provayderlərinin yaşın müəyyən edilməsi üçün zəruri texniki sistemləri hazırlamasına imkan verməlidir.
Qadağa, yoxsa müdafiə?
Məncə, bu dəyişiklikləri yalnız “16 yaşadək uşaqlara sosial şəbəkə qadağan edilir” cümləsi ilə təqdim etmək onların hüquqi mahiyyətini xeyli daraldır.
Məsələ daha böyükdür.
Burada üç tərəfin hüquq və vəzifələri yenidən müəyyənləşdirilir:
uşaq, valideyn və rəqəmsal platforma.
Uşaq müdafiəyə ehtiyacı olan şəxsdir, amma eyni zamanda hüquqların daşıyıcısıdır. Onun məlumat əldə etmək, ünsiyyət qurmaq, özünü ifadə etmək və şəxsi həyatının toxunulmazlığı hüquqları var.
Valideyn uşağın təhlükəsizliyinə görə məsuliyyət daşıyır, lakin rəqəmsal dünyanın bütün risklərini təkbaşına idarə etmək imkanına malik deyil.
Platformalar isə uşağın diqqətinə, davranışına və məlumatlarına təsir edən texnoloji imkanlara malik olduqları üçün bu münasibətlərdə artıq kənar müşahidəçi sayıla bilməzlər.
Ona görə əsas hüquqi sual bəlkə də belə qoyulmalıdır:
Biz uşağı internetdən qorumalıyıq, yoxsa internetdə qorumalıyıq?
Birinci yanaşma uşağı rəqəmsal dünyadan uzaqlaşdırmağa çalışır.
İkinci yanaşma isə həmin dünyanı uşaq üçün daha təhlükəsiz etməyi tələb edir.
Müasir hüququn qarşısında duran vəzifə, görünür, məhz bu iki yanaşma arasında düzgün balansı tapmaqdır.
İlhamə Həsənova,
Vəkil, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü