Azərbaycan ədliyyəsinin 105 illiyi


  • 21 Noyabr 2023 14:27

Azərbaycan Respublikasının ədliyyə sisteminin dövlətçilik tariximizdə özünəməxsus yeri vardır. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi 1918-ci ildə təsis edilmiş Azərbaycan ədliyyəsi bir əsrlik mürəkkəb və şanlı inkişaf yolu keçmişdir. Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti müstəqil respublikanın ədliyyə, məhkəmə və prokurorluq orqanlarının formalaşdırılmasına xüsusi əhəmiyyət vermiş, bu sahədə mühüm nailiyyətlər əldə etmişdir.

Müstəqilliyin bərpasından sonra məhkəmə-hüquq və bütövlükdə ədliyyə sisteminin təkmilləşməsi isə bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ədliyyə sahəsinə göstərilən diqqətin nəticəsi olaraq Ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir. Artıq 23 ildir ki, bu tarix ədliyyə və məhkəmə orqanlarının işçiləri tərəfindən böyük ruh yüksəlikiyi ilə qeyd olunur.

Azərbaycan ədliyyəsinin inkişafı ilə bağlı həyata keçirilən islahatlar bu gün Ulu Öndərin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, ötən 20 il ərzində dövlət başçısının təşəbbüsü ilə qəbul olunmuş çoxsaylı qanunlar, imzaladığı mühüm fərman və sərəncamlar bu sahədə fəaliyyətin müasir çağırışlara uyğun təkmilləşdirilməsinə xidmət etmişdir. 2006-cı ildə nazirliyin yeni əsasnaməsi qəbul edilərək, ona hüquq mühafizə orqanı statusu verilmiş, strukturu təsdiq olunaraq nazirlikdə yeni qurumlar - Ədliyyə Akademiyası, regional ədliyyə idarələri, müxtəlif reyestrlər yaradılmış, habelə Ədliyyənin inkişafına dair ayrıca Dövlət Proqramlarının qəbulu xüsusi əhəmiyyət kəsb etmişdir.

İnsan haqlarının, o cümlədən məhkumların hüquqlarının etibarlı təmin olunmasına daim xüsusi önəm verən Prezident cənab İlham Əliyev azadlıqdan məhrum edilmiş şəxslərin saxlanma şəraitinin yaxşılaşdırılmasını qarşıya mühüm vəzifə kimi qoymuş və ötən dövrdə nazirlik tərəfindən dövlət başçısının tapşırığına uyğun olaraq paytaxtda və bölgələrdə yeni penitensiar müəssisələr inşa olunaraq istifadəyə verilmişdir.

Bundan başqa, ədliyyə sahəsində həyata keçirilən islahatların davam etdirilməsini, ədliyyə orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2018-ci il tarixli Sərəncamı ilə “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” təsdiq olunmuşdur. Proqramda ədliyyə sahəsinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, ədliyyə orqanlarında müasir İKT-nin və elektron sistemlərin tətbiqinin genişləndirilməsi, ədliyyə sistemində kadr potensialının, ədliyyə orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və digər məsələlər qeyd edilmişdir.

Son illərdə bütün sahələrdə olduğu kimi Ədliyyə Nazirliyində və bütövlükdə ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılır, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, vətəndaşlara daha operativ, rahat və şəffaf xidmətlərin göstərilməsi, əlçatanlığın asanlaşdırılması məqsədilə müasir texnologiyaların və innovasiyaların tətbiqi üzrə genişmiqyaslı tədbirlər həyata keçirilir.

Ədliyyə fəaliyyətində şəffaflığın və vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin artırılmasına yönələn mühüm tədbirlərdən biri də vətəndaşlara göstərilən göstərilən elektron xidmətlərdir. Bu sahədə mühüm rol oynayan notariat institutunun inkişafı, o cümlədən xüsusiləşməsi, “Elektron notariat” informasiya sisteminin, “Mobil notariat”ın, “ƏN TEZ” (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) innovativ xidmətin tətbiqi əhaliyə məsafədən, daha rahat və əlçatan xidmətlərin göstərilməsini təmin etmişdir.

Eyni zamanda Ədliyyə Nazirliyi tərəfindən əhalinin yerli əhəmiyyətli məsələlərinin həllində iştirak edən bələdiyyələrin fəaliyyətində səmərəliliyin artırılması, aşkarlığın təmin edilməsi məqsədilə bu sahədə rəqəmsal innovasiyaların tətbiqi genişləndirilərək “Bələdiyyələrlə iş portalı”nın yeni təkmilləşdirilmiş versiyası hazırlanmışdır.

Bu gün ədliyyə sistemi ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə mütərəqqi məhkəmə-hüquq islahatları aparılmaqla təkmilləşir, inkişaf edir. Eyni zamanda, Ədliyyə Nazirliyi dövlətimiz və xalqımız üçün taleyüklü məsələlərin həll olduğu dövrlərdə üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələrək əzmkarlıqla fəaliyyət göstərir və xalqımızla həmrəylik nümayiş etdirir.

Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsində Ədliyyə Nazirliyi də xalqımızla, ordumuzla həmrəylik nümayiş etdirmiş, müharibənin ilk günlərindən etibarən Ermənistanın ölkəmizə qarşı müharibə cinayətlərinin dünya ictimaiyyətinin diqqətinə dolğun və hərtərəfli çatdırılması istiqamətində məqsədyönlü işlər həyata keçmişdir. Müharibə başlanan andan ədliyyə işçiləri döyüşlərdə iştirak üçün gözlərini qırpmadan cəbhəyə yollanmış, həmçinin, könüllü iştirak edərək böyük fədakarlıqlar nümayiş etdirmiş, müharibə dövründə də, müharibədən sonra da döyüşçülərimizə, şəhid ailələrinə dəstəklərini əsirgəməmişlər.

Bu gün də Ədliyyə Nazirliyi döyüşlərdə iştirak etmiş əməkdaşlarının, o cümlədən şəhid ailələrinin qayğıları ilə davamlı maraqlanır, onların problemlərini daim diqqətdə saxlayaraq zəruri köməklikləri göstərir.

44 günlük müharibədən sonrakı yeni mərhələdə Dövlət başçısının tapşırıqlarına uyğun olaraq “İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” ölkə başçısının Fərmanı ilə əlaqədar Ədliyyə Nazirliyi tərəfindən müvafiq addımlar atılmış, qarşıda duran vəzifələrin mütəşəkkil və operativ icrasının təmin olunması məqsədilə nazirliyin rəhbərliyindən və aidiyyəti məsul şəxslərindən ibarət Qərargah yaradılmışdır. İşğaldan azad olunmuş ərazilərdə ədliyyə orqanlarına əlçatanlığın təmini məqsədilə Ədliyyə nazirinin 12 noyabr tarixli müvafiq əmri ilə Ədliyyə Nazirliyinin Qarabağ Regional Ədliyyə İdarəsi təsis olunmuşdur. Qarabağ Regional Ədliyyə İdarəsinin yurisdiksiyasına Xankəndi şəhəri, Şuşa, Zəngilan, Xocavənd, Xocalı, Qubadlı, Laçın, Ağdam, Cəbrayıl Füzuli və Kəlbəcər rayonları daxil edilmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Azərbaycan Respublikası ədliyyə işçilərinin peşə bayramı günü haqqında" 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə əsası qoyulmuş ənənəyə uyğun olaraq, hər il noyabrın 22-i ədliyyə işçilərinin peşə bayramı kimi qeyd edilir. Peşə bayramının bu il ölkə başçısının elan etdiyi “Heydər Əliyev İli” çərçivəsində qeyd olunması xüsusilə əlamətdardır.

Azərbaycan Ədliyyəsi hüquqi dövlətimizin zəruri atributlarından biri kimi fəaliyyət göstərdiyi 105 il ərzində çətin və şərəfli bir yol keçmişdir. Müstəqilliyimizin bərpa olunduqdan sonra ədliyyə sahəsində ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə islahatlar davamlı xarakter daşımış, bu sahədə qanunvericilik beynəlxalq təcrübə nəzərə alınmaqla demək olar ki, hər il təkmilləşdirilmişdir. Bu, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə başlanan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən hərtərəfli dövlət dəstəyi nəticəsində mümkün olmuşdur.

Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi və Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşunun bərpa edildiyi ərəfədə peşə bayramını qeyd edən bütün ədliyyə işçiləri böyük fəxr və şərəf hissi ilə xidmət etməklə öz vətəndaşlıq borclarını icra edirlər.

Fürsətdən istifadə edib yaranmasının 105-ci ildönümünü ilə əlaqədar bütün ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edir, onlara məsul və insan haqlarının təmin olunması üzrə şərəfli işlərində müvəffəqiyyətlər arzulayıram.

İlkin Nəcəfov

Gəncə Regional Ədliyyə İdarəsini rəisi, baş ədliyyə müşaviri

Oxşar xəbərlər