- 11:48
Böyük Britaniyada 11-24 yaş arası 4 mindən çox gəncin iştirakı ilə aparılan araşdırma onların süni intellektdən geniş istifadə etdiyini göstərib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, sorğunun nəticələrinə görə, iştirakçıların 87 faizi süni intellekt vasitələrindən fəal istifadə edir. Gənclərin 47 faizi məlumatı yoxlamaq üçün insandan daha çox süni intellektə güvəndiyini bildirib.
Araşdırmaya əsasən, orta məktəb şagirdlərinin 63 faizi ev tapşırıqlarında, 77 faizi isə çətin mövzuları anlamaq üçün süni intellektdən istifadə edir. Bununla yanaşı, respondentlərin 42 faizi süni intellektin məktəb təhsilini daha az əhəmiyyətli etdiyini düşünür. Ser Entoni Seldon və Tim Bantinqin həmmüəllifi olduğu hesabatda bildirilir ki, təhsil sistemi süni intellektin formalaşdırdığı yeni reallığa uyğunlaşmaqda çətinlik çəkir. Respondentlərin 10 faizindən azı məktəb və universitetlərin onları süni intellektin formalaşdırdığı gələcəyə lazımi səviyyədə hazırladığına inanır.
Hesabat müəllifləri hökuməti süni intellektin təhsildə tətbiqi ilə bağlı 10 bəndlik fəaliyyət planı qəbul etməyə, o cümlədən Təhsil Nazirliyində xüsusi sürətli reaksiya bölməsi və 100 məktəbi əhatə edən milli süni intellekt şəbəkəsi yaratmağa çağırıb. Britaniya Təhsil Nazirliyi isə süni intellektin həm imkanlar, həm də çağırışlar yaratdığını bildirib. Nazirlik təhsil sistemində islahatlar aparıldığını və təhlükəsiz, süni intellektlə işləyən tədris vasitələrinin hazırlanmasına 23 milyon funt sterlinq ayrıldığını qeyd edib.
Şəbnəm Mehdizadə