Tənha qalmaq insan ömrünü qısaldır


  • 16:37

Tənhalıq və sosial təcridlə üzləşən insanlar ömrünün bir neçə ilini itirirlər. Yeni araşdırmaya görə, bu fərq xüsusilə psixi sağlamlıq baxımından daha ciddi ola bilər və bəzi hallarda təxminən altı ilə çatır.

E-huquq.az xəbər verir ki, Tulane Universitetinin apardığı müşahidə xarakterli tədqiqatın nəticələri Nature Communications jurnalında dərc olunub.

Tədqiqatçılar 40-69 yaş aralığında olan 277 489 yetkin şəxsin məlumatlarını təhlil ediblər. Araşdırmanın əvvəlində iştirakçıların heç birində şəkərli diabet, ürək və ağciyər xəstəlikləri, demensiya, xərçəng, depressiya və ya təşviş pozuntusu qeydə alınmayıb. Alimlər 50 yaşı istinad nöqtəsi götürərək iştirakçıların xəstəliksiz ömür müddətini hesablayıblar. Nəticələr göstərib ki, həm tənhalıq, həm də sosial təcridlə üzləşən şəxslərdə sağlamlıq baxımından daha böyük itkilər müşahidə olunur. Fiziki sağlamlıq baxımından həm tənhalıq, həm də sosial təcrid yaşayan qadınların sağlam ömür müddəti bu vəziyyətləri yaşamayan qadınlarla müqayisədə orta hesabla 2,4 il, kişilərdə isə 1,7 il daha az olub.

Psixi sağlamlıqla bağlı fərq isə daha böyük olub. Araşdırmaya əsasən, tənhalıq və sosial təcrid yaşayan qadınlar psixi pozuntulardan azad şəkildə təxminən 3,7 il daha az yaşaya bilərlər. Kişilərdə bu göstərici 5,8 il təşkil edib. Tədqiqatın aparıcı müəllifi, professor Lu Qi sosial təcrid və tənhalığın həm fiziki, həm də psixi xəstəliklərdən azad ömür müddətinə əhəmiyyətli təsir göstərə biləcəyini bildirib. Alimlər tənhalıq və sosial təcridin bir-biri ilə əlaqəli olsa da, eyni anlayış olmadığını vurğulayırlar. Sosial təcrid insanın sosial əlaqələrinin sayı və tezliyi ilə bağlı olduğu halda, tənhalıq şəxsin mövcud münasibətlərindən nə dərəcədə məmnun olması ilə əlaqələndirilir. Buna görə də insanın sosial əlaqələri çox olsa belə, özünü tənha hiss etməsi mümkündür. Tədqiqatçılar zəif sosial əlaqələrin sağlamlığa təsirini stress, yuxu rejiminin pozulması və sağlamlıqla bağlı davranışlardakı dəyişikliklərlə əlaqələndirirlər. Bununla belə, araşdırmanın müşahidə xarakterli olması səbəbindən tənhalıq və sosial təcridin konkret xəstəliklərin birbaşa səbəbi olduğunu sübut etmək mümkün deyil.

Araşdırmada həmçinin sağlam həyat tərzinin sosial təcridlə əlaqəli sağlam ömür itkisini müəyyən qədər azaltdığı müəyyən edilib. Düzgün qidalanma, fiziki aktivlik, kifayət qədər yuxu və siqaretdən uzaq durmaq sosial təcridin yaratdığı sağlamlıq risklərinin bir hissəsini azaldıb. Lakin tənhalıqla bağlı nəticələr fərqli olub. Sağlam həyat tərzi tənhalıq hissi ilə əlaqəli əlavə sağlamlıq risklərini əhəmiyyətli dərəcədə aradan qaldırmayıb. Tədqiqat müəllifləri sosial əlaqələrin və psixoloji rifahın sağlam və uzun ömür baxımından mühüm amillərdən biri olduğunu qeyd edirlər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər