Türkiyədə sentyabr yağışları ötən illə müqayisədə 51 faiz artıb


  • 15:14

Türkiyədə 2026-cı ilin sentyabr ayında yağıntının miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə 51 faiz, uzunillik orta göstərici ilə müqayisədə isə 30 faiz artıb.

E-huquq.az xəbər verir ki, Meteorologiya Baş İdarəsinin məlumatına görə, sentyabrda ölkə üzrə hər kvadratmetrə orta hesabla 32,4 kiloqram yağıntı düşüb. Uzunillik norma 24,9 kiloqram, ötən ilin eyni dövründə qeydə alınan göstərici isə 21,4 kiloqram olub.

Yağıntılar Anadolu bölgəsində normadan 94 faiz çox olub. Mərmərə bölgəsində yağıntının miqdarı 61,9 kiloqram, Aralıq dənizi bölgəsində 27,8 kiloqram, Egey bölgəsində isə 21,6 kiloqram təşkil edib. Şərqi və Cənub-Şərqi Anadolu bölgələrində isə yağıntı uzunillik normadan aşağı qeydə alınıb.

Əyalətlər üzrə ən çox yağıntı Rizədə, ən az yağıntı isə Mardində qeydə alınıb. Rizədə hər kvadratmetrə 185,8 kiloqram, Mardində isə cəmi 0,4 kiloqram yağıntı düşüb.

Sakarya və Kocaelidə sentyabr yağıntıları son 66 ilin ən yüksək səviyyəsinə çatıb. Həmçinin Mərmərə və Anadolu bölgələrində son 12 ilin, Aralıq dənizi bölgəsində isə son 10 ilin ən yüksək sentyabr yağıntısı qeydə alınıb.

Ölkə üzrə sentyabr ayında orta hesabla 7 gün yağış yağıb. Bu göstərici uzunillik orta hesabla 4,4 gün təşkil edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər