- 16:40
Fransada məktəb etirazları zamanı polisin müdaxiləsi nəticəsində bir neçə yeniyetmə ağır xəsarət alıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə dördüncü həftəsinə qədəm qoyan etirazlarda şagirdlər müəllim çatışmazlığının aradan qaldırılmasını və köhnəlmiş məktəb binalarının təmirini tələb edirlər. Daxili işlər naziri Loran Nunyes bildirib ki, polis əməkdaşlarının davranışı ilə bağlı 36 daxili araşdırma başladılıb.
Hadisələr zamanı bir neçə yeniyetmənin ağır xəsarət aldığı qeyd olunur. Lans şəhərində 15 yaşlı Evan səs-şok qumbarasının partlaması nəticəsində əlini və digər əlinin bir neçə barmağını itirib. Sen-Uen-l'Omon şəhərində 14 yaşlı Eden üzündən ağır yaralanıb, Tur şəhərində isə 16 yaşlı Mael rezin güllə ilə vurulduqdan sonra bir gözünü itirib. Ailələr hadisələrlə bağlı hüquqi tədbirlərə başlayıblar.
Fransa Ədliyyə Nazirliyinin məlumatına görə, məktəb etirazları başlayandan bəri 18 yaşdan kiçik 6 773 nəfər saxlanılıb. Onlardan 2 190 nəfəri barəsində hüquqi proses başladılıb, mindən çoxuna isə ittiham irəli sürülməyib.
Fransa İnsan Haqları Liqasının prezidenti Natali Teio saxlanılmaların miqyasının narahatlıq doğurduğunu bildirib. Hüquq müdafiəçiləri hesab edirlər ki, polis müdaxilələri gəncləri etiraz aksiyalarında iştirakdan çəkindirmək məqsədi daşıya bilər.
Şəbnəm Mehdizadə